Adını çəkmirik, 2000-ci ilin əvvəllərində Bakıda bir qəzet var idi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, pis mənada ad çıxarmağı bacardı. Hamı bilirdi ki, bu nəşrdə ən müxtəlif söyüşlərlə, küçə sözləri və jarqonlarla dolu hekayələr dərc edilir. Qəzetin rəhbərliyinə tutduqları işin yolverilməzliyi ilə bağlı nə qədər xəbərdarlıq edilsə də, onlar yazdıqlarını söz və ifadə azadlığı baxımından “əsaslandırır”, barələrindəki şikayətlərə məhəl qoymur, xəbərdarlıqlardan nəticə çıxarmırdılar. Günlərin birində nəşrin əməkdaşları özləri şikayət etməyə başladılar və bildirdilər ki, bir neçə nəfər redaksiyalarına gəlib onları təhqir edib, nalayiq sözlər işlədib. Gələnlər bildiriblər ki, hər dəfə qəzetdə söyüş yazıldıqda, eyni hərəkətlərini davam etdirəcəklər. Bundan sonra nəşri təsis edənlər onu bağlamaq məcburiyyətində qaldılar. Görünür, kimlərəsə rəva bildiklərini özlərinə layiq görmədilər.
İranın Azərbaycandakı səfirliyinin bir neçə gün öncə ölkəmizin Xarici İşlər Nazirliyinə təqdim etdiyi nota, istər-istəməz, haqqında söz açdığımız hadisəni xatırlatdı. Nə qədər qəribə olsa da, notada Azərbaycanın media vasitələrinin İranı söydükləri bildirilirdi. Birincisi, ölkəmizin mediası, ümumiyyətlə, söyüş söymür, sadəcə, hadisə və proseslərə yanaşmada jurnalist yaradıcılığı baxımından qəbul edilən obrazlı ifadələrdən, sarkazmlardan bəhrələnir. İkincisi, jurnalistlərimiz İrana qarşı tutarlı faktları qələmə alırlar ki, həmin faktların mənbəyi əlahəzrət tarixdir. Üçüncüsü və ən əsası isə əgər ortada, söyüş və ya hansısa qəbuledilməz ritorika varsa, onu başlayan İran mediası olub, Azərbaycanın kütləvi informasiya vasitələri yox!
Bəli, böyük ölçüdə yanaşsaq, illərdir media vasitələrimiz, İrandakı həmkarlarının çıxardıqları oyunlara dözmək məcburiyyətində qalıblar. İkincilərin qələmə aldıqlarında, efirdən səsləndirdiklərində ölkəmizin ərazi bütövlüyü, nəinki şübhə altına alınıb, ümumən, Azərbaycan adlı dövlətin varlığı tarixi səhv kimi qiymətləndirilib, suveren torpaqlarımız İran olaraq təqdim olunub.
İslam respublikasının mediası ölkənin müxtəlif beyin mərkəzlərinin, millətçi qruplarının tərtib etdikləri saxta xəritələri tirajlayaraq, Azərbaycana münasibətdə həqarətli davranıblar, bu, azmış kimi, İranın “Səhər” telekanalında illərdir hədyanlar səsləndiriblər. Belə hallarda həm Tehranın ölkəmizdəki səfirliyi, həm də İslam respublikasının Xarici İşlər Nazirliyi səssiz qalıb. Yaxşı halda, növbəti açıqlama ilə kifayətlənib və bildiriblər ki, rəsmi Tehran söz azadlığına müdaxilə etmir, hansısa qəzetin gündəmə gətirdiyi İran dövlətinin rəsmi mövqeyi deyil. Qısası, siyasi oyunbazlıq ediblər.
Azərbaycan mediası dövlətimizin marağından çıxış edərək, uzun müddət İranın kütləvi informasiya vasitələrinin apardıqları anti-Azərbaycan ritorikasına, demək olar ki, cavab verməyib. İllərdir, ümumən, cəmiyyət olaraq gözləmişik ki, Cənub qonşumuz, nəhayət, özünün məkrli niyyətlərindən daşınacaqdır. Xüsusən, Azərbaycan dövləti böyük səbrlə gözləmə mövqeyində dayanıb. Heç vaxt körpüləri yandırmaq istəməyib, mehriban qonuşuluq siyasətinə sadiq qaldığını göstərib.
Rəsmi Bakı illərdir məhz İrana görə Azərbaycan xalqına kifayət qədər isti münasibət bəsləyən dost İsrail dövləti ilə münasibətlərini tamlaşdırmayıb – Təl-Əvivdə ölkəmizin səfirliyini açmayıb. Bunu Tehrana jest kimi edib. Məsələ heç də çəkinməkdə və ya qorxmaqda olmayıb. Sadəcə, dövlətimiz belə qənaətə gəlib ki, hörmət əlaməti olaraq, İran üçün prinsipial əhəmiyyət daşıyan məsələni qabartmasın. Azərbaycan mediası da heç vaxt bundan yazmayıb. Üstəlik, İsrail dövləti durumu anlayışla qarşılayıb. Lakin, görünür, İran tərəfi jestimizi məcburiyyət kimi qiymətləndirib və nəticə çıxarmayıb.
Əlbəttə, səbrin də həddi var. Səbr o zaman daşdı ki, birincisi, İran Azərbaycan dövləti və xalqı üçün prinsipial əhəmiyyət daşıyan məsələni heçə saydı – 44 günlük müharibədə Tehran ölkəmizin haqq işini dəstəkləmədi. Yalnız sonda ikibaşlı məna daşıyan bəyanatla kifayətləndi. Guya, ərazi bütövlüyümüzü dəstəkləyirlərmiş. Halbuki, hamımıza yaxşı məlumdur ki, dəstəkləmək İranın etdiyi kimi olmurdu. Fəqət, buna da dözdük. Düşündük ki, necə deyərlər, İransayağı dəstəkləmək belə olur. Hələ biz müharibə dövründə Tehranın Ermənistana göstərdiyi hərbi yardımları bir kənara qoyuruq...
Ardınca Ermənistanın sülh prosesindən yayındığını, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini gördük. İrəvan Azərbaycanın digər bölgələrini Naxçıvanla birləşdirən yolun açılmasına maneçilik törətdi. Biz o yola Zəngəzur dəhlizi deyirik. Necə adlandırırıq, öz işimizdir. Əsas olan odur ki, əvvəla, Naxçıvanın blokadası aradan qaldırılır. Digər tərəfdən, böyük iqtisadi layihə reallaşır. Bu, ölkəmizin və xalqımızın haqqıdır. 30 ilə yaxın müddətdə məhrumiyyətlərə, çətinliklərə dözməyimizin mükafatıdır, itirdiklərimizin təzminatıdır bu layihə.
Bu, elə bir layihədir ki, ondan həm İranın, həm də Ermənistanın bəhrələnməsi mümkündür və məsələ barədə ölkəmizin rəsmiləri tərəfindən dəfələrlə söz açılıb. Ancaq İran nə etdi? Zəngəzur dəhlizini Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirdi və bildirdi ki, belə bir halın yaşanması onun üçün “qırmızı xətt”dir. Belə olan halda, Azərbaycan mediası İrana qarşı necə isti münasibət sərgiləsin? 30 ilə yaxın müddətdə işğal altındakı torpaqlarımızdakı məscidləri xarabazara çevirən, orada donuz saxlayan İslam düşməni – Ermənistanın toxunulmazlığı Tehran üçün niyə “qırmızı xətt” olsun ki?!
Əlbəttə, burada çeşidli səbəblər var. Fars-erməni türk düşmənçiliyi zəminindəki ideoloji motivlərdən tutmuş, İranın Ermənistan ərazisindən narkotrafik kimi istifadəsinə dair bir çox məqamlardan söz açmaq mümkündür. Hər halda bütün bunlar, indiki məqamda, İrana haqq vermir ki, məsələni konkret şəkildə qoysun. Çünki hazırda Ermənistanın hansısa formada dəstəklənməsi Tehranın da maraqlı olduğu Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq üçün ciddi təhdiddir. İslam respublikasının rəhbərliyi kimi, mediası da bu təhdidi görmürsə, Bakıya münasibətdə təhqirlər, Azərbaycan rəhbərliyi əleyhinə yarıtmaz ifadələr, alçaldıcı karikaturalar yayımlayırsa, bunun qarşılığı olmamalıdır? “Bakı rejimi”, “Bakı hakimiyyəti” kimi ifadələrlə Azərbaycan dövlətinin İrandan ayrılma, İsrail tərəfindən dəstəklənən separatçı ünsür kimi qiymətləndirilməsinin cavabı verilməməlidir?! Təbii ki, verilməlidir, özü də artıqlaması ilə.
Azərbaycan mediası “fars şovinizmi”, “molla rejimi”, “klerikal-teokratik İran hakimiyyəti” kimi ifadələri gündəmə gətirməməlidir? Deməməli və yazmamalıdır ki, İranda 40 milyona yaxın Azərbaycan türkünün hüquqları pozulur? Bəlkə, İran türklərinin ana dilində təhsil almaları mümkündür? Bəlkə onların ana dilində çıxan qəzet və ya jurnalları var? Axı, 40 milyonluq say adi məsələ deyil. 40 milyonun dilinə, adət-ənənəsinə, varlığına təcavüz bəşəri cinayətdir. Bunun məsuliyyətini daşıyan fars molla rejimi deyil, bəs kimdir? Azərbaycan mediasının yazdıqları bunlardır və baxışlarında tam haqlıdır.
Ölkəmizin KİV-i, eyni zamanda, yazır ki, rəsmi Tehran bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücuma həssas yanaşmayaraq, hadisənin istintaqını qeyri-obyektiv aparır, terroru, terrorçunu dəstəkləyir. O zaman, buyursun, İran hakimiyyəti bunun əksini sübuta yetirsin! Sübuta yetirmir, heç olmasa, üzrxahlıq etsin. Hər halda Bakıdakı İran səfirliyinə hücum edilməyib, silahlı basqına məruz qalan Azərbaycanın Tehrandakı diplomatik missiyasıdır. Səfirliyi qorumaq isə İran dövlətinin məsuliyyətinə daxildir və məsələyə həssas yanaşılması, heç olmasa, üzrxahlıq tələb edirdi. Ancaq bunu da görmədik. Əvəzində gördük ki, Tehran rejimi medianın əli ilə terrorçunu kultlaşdırır, cinayəti məişət müstəvisinə daşımağa cəhd göstərir, ən sonda isə məlum oldu ki, hadisəni törədən şəxsin, guya, psixoloji problemləri var imiş...
Azərbaycan media vasitələrinin fəaliyyəti barədə etiraz edən İranın ölkəmizdəki səfirliyi onunla əməkdaşlıqdan boyun qaçırır. Məsələn, ötən il noyabrın 24-də 14 İran vətəndaşı qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçmiş və Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı bölgəyə daxil olmuşdu. Jurnalistlərimiz məsələyə dair İran səfirliyindən hər hansı açıqlama ala bilməmişdilər. İş o yerə çatmışdı ki, Azərbaycan Mətbuat Şurası diplomatik missiyaya müraciət ünvanlayaraq, onu yerli medianı məlumatlandırmağa çağırmış və bildirmişdi ki, ölkəmiz üçün həssas sayılacaq məsələ ilə bağlı informasiyasızlıq əlavə söz-söhbətlərə, dedi-qodulara yol açır. Lakin səfirlik yenə, heç bir reaksiya verməmişdi, KİV-imizlə əməkdaşlığa əhəmiyyətsiz yanaşmışdı. İndi isə notada bildirir ki, Azərbaycan mediasının hərəkətləri ikitərəfli münasibətlərin gələcəyinə zərər vurur. Halbuki, zərəri ilk düşünməli olan İran səfirliyi və onun timsalında İran dövlətidir.
İran mediasında, sosial media seqmentində, Azərbaycandakı ayrı-ayrı şəxslərə, o cümlədən, jurnalistlərə ünvanlanmış hədə-qorxu motivləri də yer almaqdadır. Bir müddət əvvəl “Xalq qəzeti”nin baş redaktoru İranın dini təmayüllü “Hüseyniyyun” təşkilatı tərəfindən aşkar şəkildə hədələnmişdi.
İran hakimiyyəti, həqiqətən, iki ölkə arasında gələcək münasibətlərin taleyini düşünürsə, ilk növbədə, öz media vasitələrindəki anti-Azərbaycan təmayüllərini aradan qaldırmalı, ayrı-ayrı KİV-lərdə yayılmış təhqiramiz düşüncələri, guya, söz azadlığının təzahürü kimi qiymətləndirib susmamalı, real tədbirlər görməlidir. Ancaq nə tədbirlər var, nə də onların izi-tozu, nişanəsi. Belə olan halda, İranın Azərbaycandakı səfirliyinin notasındakı məzmun anlaşılan deyil və səmimi xarakter daşımır.
Ümumən, İran Azərbaycanla münasibətlərdəki soyuqluğu aradan qaldırmaq istəyirsə, nota məntiqindən uzaq dayanmalı, xoş niyyət ifadə edən çağırış səsləndirməli idi. Təəssüf ki, bunu da görmürük, eyni zamanda, sənəddə onsuz da gərgin olan münasibətlərin bir qədər də gərginləşdirilməsi mahiyyəti daşıyan mənasız təzminat ritorikasına üstünlük verildiyinin şahidi oluruq. Təsəvvür edin, İran dövləti hesab edir ki, Azərbaycan dövləti ölkə mediasının Tehran əleyhinə yazdıqlarına görə təzminat verməlidir. Yəni, məsələ bu dərəcədə absurd qoyulur. Belə yanaşma, əlbəttə, səmimiyyətdən tam uzaqdır.
Bəli, İran dövləti, elə onun mediası da, hər şeydən öncə, Azərbaycana münasibətdə səmimi yanaşmağı öyrənməlidir. Ortada nota məntiqi varsa, bu yanaşmanın formalaşacağına dair hər hansı pozitiv əlamət də istisnadır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

