Hər addımın təxribat, hər sözün yalandır, İrəvan!

post-img

Bir ölkə ki, yalnız dotasiyaların hesabına yaşaya, müxtəlif döv­lətlərdən və beynəlxalq maliyyə təşkilatlarından pul dilənə, onları “sağmaqla” məşğul ola, ən baş­lıcası, yalanı rəsmi siyasətinə çe­virə, hansı məntiqlə onu müstəqil adlandırmaq mümkündür?

Nə üstündə yeridiyi torpağı, nə əmlakı, nə də sərhədi və gömrüyü öz ixtiyarında olmayan hayların Cənubi Qafqazda köv­rək sabitliyi hər vasitə ilə pozmaq, və­ziyyəti maksimum gərginləşdirmək üçün cəhdlər göstərməsi göz önündədir. İrə­vanın son vaxtlar Bakını Qarabağ ermə­nilərini “blokada”ya almaqda, hətta “etnik təmizləmə”yə hazırlaşmaqda, ərazilərini ələ keçirməkdə ittiham etməsi aqoniya halındakı xəstənin sayıqlamalarını xatırla­dır. İstər daxili, istərsə də xarici siyasəti ilə bağlı qərarları kənardakı himayədarlarının məsləhətləri ilə qəbul edən Hayastanın baş naziri Paşinyan iqtidarının yalan və riyakarlıqdan hörülmüş maskasını elə öz erməniləri yırtdılar. 

“Vəziyyət xeyli yaxşılaşıb”mı?

Paşinyan iqtidarı hazırda dezinforma­siya siyasətini təkcə xaricə deyil, eləcə də daxili auditoriyaya körükləməkdədir. Aprelin 1-də – Ermənistandan Xankən­diyə aparan yeni yolun açılması ərəfə­sində Azərbaycan Ordusu 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğun olaraq, bu istiqamətdə bir sıra əraziləri tutdu, öz postlarını yaratdı, şərti sərhəd zolağını nəzarət altına aldı. Bunun ardınca, yəni aprelin 1-də şərti sərhəddə iki ölkənin rə­miləri arasında görüş olub. İrəvanın rəsmi mediası həmin görüş barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bu məzmunda xəbərini yayıb: “Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nü­mayəndələrinin iştirakı ilə görüş olub. Gö­rüşdə sərhədin dəqiqləşdirilməsi ilə bağlı işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlu­mat veriləcək". 

Hayların “Hraparak” qəzeti isə yazıb ki, sərhəddəki danışıqlarda Rusiya sülh­məramlılarının nümayəndələri də iştirak edib. Ermənistan tərəfdən danışıqları MTX-nin direktoru Armen Abazyan aparıb. Daha sonra nəşr qeyd edir ki, Abazyan azərbaycanlıları tutduqları mövqelərdən “Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Amma danışıqlar nəticə verməyib və qarşı tərəf tutduğu mövqelərdə qalıb. 

Ermənistan daxilində Azərbaycanın sərhəd zolağında özünün sərhəd postunu qurması ciddi narahatlığa və etirazlara sə­bəb olub. Faktı öz gözlərilə görmək üçün deputat Qeqam Manukyan iki gün əvvəl Tex kəndinə gəlib. Onun açıqlaması Er­mənistan MTX-nın məlumatının yalan ol­duğunu üzə çıxarıb: “Ortada heç bir sənəd yoxdur. Razılaşmanın yazılı, yoxsa şifahi formada olduğu da bilinmir. Sərhədin de­markasiyası və delimitasiyası üzrə Ermə­nistan–Azərbaycan işçi komissiyasının işindən də xəbər yoxdur”. 

Hayastanın keçmiş müdafiə naziri, Xo­calı qatili Seyran Ohanyan da yeni yolun üstündə, iki ölkənin sərhədində Azərbay­canın post qurmasına münasibət bildirib. O, bu yolla azərbaycanlıların, guya, Qara­bağ ermənilərinə təzyiqləri daha da artıra­cağını “ehtimal edib”. 

Sülhün tək yolu: Bakı ilə razılaşmaq

Qaradan artıq rəng yoxdur, çünki bü­tün rəng çalarları onun içində cəmləşib. Bunu indiki məqamda sülh danışıqların­dan hər vəchlə yayınan, iki ölkə arasında delimitasiya və demarkasiyasını gözləyən şərti sərhəddəki son durumu bəhanə gətirən, Zəngəzur dəhlizinin açılmasını unutdurmağa çalışan, müxtəlif təxribatlara baş vurmağa başlayan İrəvana bir daha xatırlamağımız gərəkdir. Üstəlik, BCM-nin Roma Statutunu qəbul etməklə, KTMT-nin üzvü kimi bu quruma qarşı açıq dağı­dıcılıq fəaliyyəti göstərməklə və Rusiya hərbçilərini ölkədən sıxışdırıb çıxarmağa çalışmaqla İrəvan Moskva ilə açıq qarşı­durmaya gedir. Bunlar isə “siyasi dalto­nikliy”in əlamətləridir. Göründüyü kimi, əs­lində, Paşinyanın məqsədi sülh sazişinin hazırlanması prosesində iştirakdan imtina etməklə bu müstəvidə Rusiyanın nüfuzu­na zərbə vurmaqdır. Bu sifarişin haradan verildiyi Bakıya da məlumdur, Moskvaya da. Bununla da hayların başbilənləri, fak­tiki olaraq, bizimlə sülh və əmin-amanlıq içində qonşu kimi yaşamaq planlarının olmadığını təsdiqləmişlər. Onlar Bakı ilə razılığa gəlmək, düşdükləri bataqlıqdan çıxmaq, dövlətin və millətin gələcəyini düşünmək əvəzinə, başlarından böyük iddialar səsləndirməklə məşğuldurlar. Hər addımında təxribatlar törətməkdən çəkin­məyən, yalanı əlində bayraq edən Ermə­nistan hakimiyyəti Bakının ona tərəf atdığı xoşməramlı addımlarından da sui-istifadə etməyə çalışır. Məgər özünəqəsdin başqa təzahürləri də olur?

Fərarilər yeni müharibəyəmi hazırlaşırlar?

Düşdükləri məğlub durumla heç cür barışmaq istəməyən Ermənistandakı re­vanşist qüvvələr yenidən müharibə rito­rikasını dövriyyəyə buraxıblar. Hətta, bu məqsədlə “preventiv” tədbirlər görməyə girişiblər. İrəvandakı başbilənlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı hay se­paratçılarını dünənədək silah-sursatla təmin edirdilər. Ermənistan ordusunun Qarabağı tərk etməkdən boyun qaçıran tör-töküntüləri isə indi blindajlar qurmaq­la, səngərlər qazmaqla “ciddi müda­fiəyə” hazırlaşırlar. Bu məlumatlar Ermə­nistan mediasında səxavətlə tirajlanır. “Son dövrlərdə İrəvan tərəfindən hərbi-si­yasi təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsi ciddi narahatlıq doğurur”. Bu sözləri Azərbaycanın Xa­rici İşlər naziri Ceyhun Bayramov dünən Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nü­mayəndəsi Dirk Şubellə görüşdə deyib. Nəticəsinin əvvəlcədən bəlli olduğu yeni savaşın bu dəfə onları tamamilə məhvə sürükləyəcəyini bilə-bilə müharibə ça­ğırışları edən daşnaklar, görəsən, üstü­müzə hansı orduları ilə gələcəklər? İkinci Qarabağ müharibəsində on bir mindən çox əsgəri fərarlik etmiş, başıpozuq hər­bi quldur dəstələri iləmi? Döyüş meyda­nından qaçan və ya ağ bayraq qaldıran 11 min fərari barədə Paşinyanın arvadı Anna Akopyan erməni medasına açıq­lamasında deyib. Həmin Anna ki, üç il bundan əvvəl Şuşada əri ilə yallı gedir­di, avtomatın lüləsini şəstlə “düşmən türklərə” tuşlamışdı. Bəs, axırı nə oldu?! Fikrimizcə, bu ritorik sualın cavabı kimi rusların məşhur aforizminin improvizə etdiyimiz variantı tam yerinə düşür: qalib əvvəldə gülən yox, ən axırda sevinən olur! 

 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət