Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarovun rəhbərliyi ilə bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Özbəkistanda səfərdədir. Səfərin ilk günü nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub.
AMM-in direktoru Samir Abbasov Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat verib, mərkəzin Azərbaycan–Özbəkistan dostluq və mədəni əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qonaqlara bildirilib ki, Mədəniyyət Mərkəzində Azərbaycan–Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Muzeyi və Xalça Muzeyi fəaliyyət göstərir.
S.Abbasov bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini, ortaq tarixi köklərini, mədəniyyətlərini əks etdirən Dostluq Muzeyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılıb və bu muzeydə Azərbaycan–Özbəkistan tarixi əlaqələrini əks etdirən çoxlu eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş etdirilir.
Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar burada ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən fotolarla, nəşrlərə baxıblar.
Azərbaycan Dövlətçilik Muzeyində qonaqlar ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətini, xalq sənətkarlığını, musiqisini, adət-ənənələrini və tarixi abidələrini əks etdirən guşələr, eksponat və maketlərlə tanış olublar. Xalça muzeyində qonaqlara Azərbaycan xalçaları haqqında məlumat verilib.
Qulu KƏNGƏRLİ,
Daşkənd

