Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Ə.Hüseynli İnam Kərimovun Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri olduğunu diqqətə çatdırdı.
Məsələ ilə bağlı çıxış edənlər İnam Kərimovun məsul dövlət postlarında çalışarkən öz vəzifəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirdilər, onun Ali Məhkəmənin hakimi kimi öz təcrübəsindən, peşəkarlığından və elmi-nəzəri biliklərindən məhkəmə sistemində istifadə edəcəyinə əminliklərini vurğuladılar.
Sonra İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
“Xalq qəzeti”

