Ermənistan nəzarət-buraxılış məntəqəsinin yaradılmasını istəmir... Niyə?

post-img

“...Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün”. Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində bildirmişdi. İndi isə ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov bildirir ki, Ermənistan, cənab İlham Əliyevin barəsində söz açdığı təklifi qəbul etməyib. Şübhəsiz, bu imtina İrəvanın əsl niyyətini bir daha ortaya qoyur. Belə nəticəyə gələ bilərik ki, Ermənistan sərhəd məntəqələrinin mövcudluğunu özünün terror siyasətinə maneə kimi görür.

***

Bəli, Ermənistanın Azərbay­canla şərti sərhəddə nəzarət-bu­raxılış məntəqəsinin yaradılma­sına “yox!” deməsinin ən başlıca səbəbi erməni separatçılarının böl­gədəki fəaliyyəti ilə bağlıdır. İrə­vanın hakim siyasiləri yaxşı dərk edirlər ki, nəzərdə tutulan pers­pektiv separatçılığı əngəlləyəcək, təxribatçı planlara zərbə vuracaq. 

Qeyd edək ki, ötən ilin dekab­rında azərbaycanlı ekofəalların başladığı aksiya Laçın-Xankəndi yoluna ictimai nəzarəti təmin edib. Nəticədə, Azərbaycanın təbii sər­vətlərinin talan edilməsinin qarşısı alınmaqla yanaşı, separatçıların da bu yoldan istifadəsi əngəllə­nib. Heç şübhəsiz, şərti sərhədin­də nəzarət-buraxılış məntəqələri yaradılsa, bu, separatizm meyil­lərinin üzərindən xətt çəkəcək, mövcud istiqamətdəki ümidləri dəfn edəcək. İrəvanı qorxudan da məhz budur.

***

İrəvan sərhəddə nəzarət-bu­raxılışı məntəqələrinin qurulması­nı həm də ona görə istəmir ki, belə bir durum ölkəmizə qarşı mina terrorunu dayandıracaq. Məlum­dur ki, Ermənistan nəinki 30 illik işğal dönəmində, hətta, 44 gün­lük Vətən müharibəsindən sonra da ərazilərimizin minalanması ilə məşğul olub. Çox güman, eyni fəaliyyətini yenə davam etdirmək niyyətindədir. Axı, Paşinyan haki­miyyəti bunda da maraqlıdır.

Onu da bildirək ki, İrəvan mina terrorunu davam etdirməyi post-müharibə reallıqlarına təsir göstərmək, regionda gərginliyi ar­tırmaq, Azərbaycanı yeni təxribat­larla üz-üzə qoymaq baxımından vacib sayır. Ola bilər, Ermənistan hakimiyyəti mənfur düşüncəyə xas əməli ilə ölkəmizi nəyəsə məcbur etmək fikrindədir. Paşinyanın ko­mandasından nə desən, gözləmək mümkündür. 

***

Ermənistanın sərhəddə nə­zarət-buraxılış məntəqəsinin yara­dılmasından imtinasının daha bö­yük səbəbi isə ölkənin, ümumən, Azərbaycan ilə yekun sülh sazişi imzalamaq istəməməsindən qay­naqlanır. Aydındır ki, məsələ iki dövlət arasında önəmli anlaşma­nın məhsulu kimi meydana çıx­malıdır. Bu anlaşma olmayacaq­sa, deməli, yekun sülh sazişi də olmayacaqdır. Əlbəttə, Ermənis­tanın mövqeyindən asılı olmaya­raq, Azərbaycan öz maraqlarının təminatı istiqamətində bütün zəruri addımları atacaqdır.

Bu yerdə Prezident İlham Əliyevin Münxendə yerli televizi­ya kanallarımıza müsahibəsində mövzu ilə bağlı səsləndirdiyi bir fikrini də diqqətə çatdırmağı va­cib sayırıq. Dövlətimizin başçısı bildirmişdir: “Amma ilkin təəssü­ratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normal­laşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin de­limitasiyası haqqında danışırıq­sa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasın­dakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştira­kı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab göz­ləyəcəyik”.

Bəli, Ermənistan danışıqlar prosesində kontruktivlik göstərmir, ölkənin sülhə yaxınlaşmaq niyyəti yoxdur. Paşinyan masa arxasında bir söz deyir, ona təklif edilənlərlə razılaşdığını göstərir, sonra hansı­sa mistik qüvvə Nikolu mövqeyin­dən daşındırır. Beləcə, erməni baş nazir özünün qeyri-ciddi siyasətçi obrazındakı mənfi rəng çalarları dərinləşdirir. Qətiyyətlə deyə bilə­rik ki, qarşılıqlı sərhəd məntəqələ­rinin yaradılmasından imtina bu dərinliyi bir qədər də artıracaq. Hər bir halda perspektiv İrəvan üçün müsbət heç nə vəd etmir. Əksinə, onu növbəti iflasa doğru aparır. 

 

Seymur ƏLİYEV

Siyasət