Beynəlxalq daşımalarda Azərbaycanın payı artıb

post-img

Son illər dünya ölkələri ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan Respublikası özünün tranzit imkanları ilə də tanınır. Artıq regionun mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilən ölkəmiz son illər nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmağa nail olub. Belə ki, ötən müddətdə respublikamızda irimiqyaslı layihələr həyata keçirilib, müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. 

Hazırda Azərbaycanın dünya stan­dartlarına cavab verən magistral avto­mobil və dəmir yolları, yol ötürücüləri və körpüləri beynəlxalq yük və sərnişin daşımaları üçün olduqca əlverişlidir. Elə Azərbaycanın tarixi İpək Yolunun üstündə yerləşməsi, Şərqlə Qərb, elə­cə də Şimalla Cənub arasında körpü rolunu oynayan beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keç­məsi də vacib şərtlərdəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanva­rın 17-də Davosda Çinin CGTN tele­viziya kanalına müsahibə zamanı bu məqamı xüsusi vurğulayaraq deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yer­ləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır…Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”. 

Beynəlxalq yük və sərnişin daşı­malarda Azərbaycanın avtomobil daşı­yıcıları da yaxından iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə yerli avtomobil daşıyıcıları tərəfin­dən həyata keçirilən 3-cü ölkədən 3-cü ölkəyə daşımalar iki dəfə artıb. Ötən il xarici daşıyıcıların isə bu sahədə iştira­kı 5 faiz azalıb. Son dövrlər ölkəmizdə beynəlxalq daşımalar sahəsində fəa­liyyət göstərən şirkətlərin sayında da kəskin artım baş verib. Bu sahədə qə­bul olunmuş normativ-hüquqi sənədlər, magistral avtomobil yollarının dünya standartları səviyyəsində yenidən qu­rulması nəticəsində daşıyıcı şirkətlərin sayı 70-dən 218-ə çatıb.

Bununla belə, Azərbaycan 2023-cü ildə beynəlxalq daşımalar üzrə əldə etdiyi nəticəni bir qədər də yaxşılaş­dırmağa çalışır. Elə hazırda ölkə sər­hədlərini keçən avtomobillərin sayının getdikcə artması da bu sahədə böyük perspektivlər vəd edir. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri­nin müavini Rəhman Hümmətovun dediyinə görə, hazırda beynəlxalq da­şımalar üçün buraxılış vəsiqəsi almaq istəyən 218 şirkətdən yalnız 84-nün təqdim etdiyi sənədlər buraxılış qayda­larının şərtlərinə uyğundur. Onların isə avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16 faizini təşkil edir. Nazir müavininin sözlərinə görə, son bir ildə daşıyıcıların sayının artması, daşıma­larda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azər­baycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir.

R. Hümmətov bildirib ki, iki il bun­dan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3 mindən az olsa da, 2022-ci ildə bu rəqəm 8 mini ötüb. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin sayında ar­tım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcı­ların qeydiyyata alınması, fəaliyyəti ol­mayan daşıyıcıların işini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb.

Beynəlxalq yükdaşımalar sahəsin­də fəaliyyət göstərən daşıyıcı şirkətlərin rəhbərlərinin iştirakı ilə çoxsaylı maarif­ləndirici görüşlərin keçirilməsi, onlara buraxılış qaydaları haqqında zəruri məlumatların çatdırılması da mühüm əhəmiyyət kəsb edir. R. Hümmətov bildirib ki, hazırda Azərbaycan Yerüs­tü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Av­tomobil Daşıyıcıları Assosiasiyası və tərəfdaş şirkətlər tərəfindən sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər ke­çirilir. Bugünədək təlimlərdə 4 mindən çox sürücü iştirak edib. Bütövlükdə isə, tədris prosesinə 8 mindən artıq sürücü cəlb ediləcək ki, bu da beynəlxalq da­şımaların keyfiyyətcə yaxşılaşmasına səbəb olacaq. 

Eyni zamanda, Milli Məclisin fev­ralın 24-də keçirilən plenar iclasında beynəlxalq avtomobil daşımalarına dair icazə blanklarının ləğvi ilə bağlı qərar qəbul edilib. Yeni qərarın bu il martın 1-dən tətbiq olunması planlaşdırılır. Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində icazə blankla­rının verilməsi səlahiyyətinin ləğvi yerli daşıyıcıların bazarda payının artması­na səbəb olacaq. Bu qərarın yerli daşı­yıcıları daha da təşviq edəcəyini hesab edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun fikrincə, bu sahədə rəqa­bət qabiliyyəti artmaqla yanaşı, daşıyı­cıların maliyyə vəziyyəti yaxşılaşacaq, onların sayı artacaq. Onun dediyinə görə, hazırda xarici daşıyıcılar sər­həd-keçid məntəqəsində ödəniş edib, icazə vərəqələrini alırlar, bu isə parite­tin pozulmasına səbəb olur.

 

Rauf AGAMİRZƏYEV, 
nəqliyyat üzrə ekspert

 

Son 17 ildə Bakıdan ölkənin sər­hədlərinə doğru müasir avtomobil ma­gistrallarının inşası istiqamətində xeyli iş görülüb. Artıq bu proses, demək olar ki, yekunlaşmaq üzrədir. Məlum olduğu kimi, hazırda şimal istiqamətin­də 150 kilometr uzunluğunda ödənişli yol çəkilir. Bununla yanaşı, mövcud yolda da əsaslı təmir işləri aparılır. Bu istiqamətdə işlərin yaxın aylarda ye­kunlaşdırılması nəzərdə tutulur. 

2018-ci ildə cənub istiqamətin­də yeni yol istifadəyə verilib. Hazırda magistralın Astara şəhərinə daxil ol­madan İran İslam Respublikası sər­hədinədək olan hissəsinin tikintisi davam etdirilir. Tikinti işləri tam başa çatdırıldıqdan sonra köhnə alternativ yolun olması əsas götürülərək yeni magistralın da ödənişli olacağı nəzər­də tutulur. 

Qərb istiqamətində Bakıdan Gür­cüstan sərhədinədək tamamilə yeni­dən qurulmuş yol infrastrukturu uzun illərdir ki, işləkdir. Yolun son 130 kilo­metrlik seqmentinin təmir olunmamış 47 kilometrlik hissəsi qalıb. Onun da, səhv etmirəmsə, 20 kilometrində işlər tamamlanmaq üzrədir. Bütövlükdə isə yeni yolun tikintisinin gələn ilin ortaları­nadək başa çatdırılacağı planlaşdırılır. 

Ötən illər ərzində yükdaşımalar sahəsində bir çox tələblər sərtləşdirilib. Burada söhbət ekoloji tələblərdən və yük avtomobillərinin qabaritindən ge­dir. Eyni zamanda, beynəlxalq yükda­şımalar sahəsində fəaliyyət göstərən Azərbaycan daşıyıcıları üçün də bir sıra yeni tələblər irəli sürülüb. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşıma­larına buraxılış Qaydaları”na əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılar işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkar­lıq səriştəsi ilə bağlı meyarlara və s. tələblərə cavab verməlidir. 

Yeri gəlmişkən, Azərbaycanın av­tomobil nəqliyyatı ilə yükdaşımaların artmasına səbəb qonşu ölkələrdə av­tomobil daşıyıcılarının sayının yüksək olmasıdır. Xüsusən də bunu İran və Türkiyəyə aid etmək olar. Türkiyədə dəmiryol daşımaları avtomobil daşı­maları ilə nisbətdə daha zəifdir. Qar­daş ölkədə avtomobil yollarına daha çox investisiya qoyulub ki, bu da sürət­li daşımalara səbəb olub. Azərbaycan­da isə vəziyyət fərqli istiqamətdə də­yişməkdədir. Bu da ondan irəli gəlir ki, ölkənin dəmir yolları şəbəkəsinə yetə­rincə investisiya qoyulub. Fikrimcə, bu səbəbdən yüklər daha çox dəmir yol­larına yönəldiləcək. 

Xüsusi qabartmaq istədiyim bir məqam da avtomobil yollarının müha­fizəsi ilə bağlıdır. Belə ki, ölkə ərazi­sində tikinti materialları əksər hallarda magistral avtomobil yolları ilə daşınır. Digər tərəfdən, ayrı-ayrı yerlərdən mi­şar daşı, qum-çınqılların daşınması zamanı yollarda təhlükəsizlik qayda­larına riayət olunmur. Bütün bunlar yüksək keyfiyyətlə inşa olunan yolla­rın istismarında problem yaradır, ma­gistralların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Fikrimcə, ölkə ərazisində uzaq məsafələrə daşınan bu tip yükləri dəmir yoluna yönəltmək­lə beynəlxalq əhəmiyyətli avtomobil magistarllarının mühafizəsini təmin etmək olar.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”



İqtisadiyyat