Günəş Elektrik Stansiyası bu il işə düşəcək

post-img

“Masdar” şirkətinin (BƏƏ) Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və İnvestisiya Departamentinin rəhbəri Məryəm Rəşid Əl Məzrui mətbuata verdiyi açıqlamada Qaradağ Günəş Elektrik Stansiyasının bu il istismara veriləcəyini bildirib. 

230 meqavat gücə malik elektrik stan­siyasının 110 mindən çox evin tələbatını qarşılamaq üçün 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etdiyini deyən departament rəhbəri layihə sayəsində karbon qazı tullantılarını ildə 200 min ton­dan çox azaltmağın mümkün olacağını bildirib.

Onun sözlərinə görə, Əbu-Dabi İnkişaf Fondu la­yihəni maliyyələşdirən təşki­latlar sırasına daxildir. BƏƏ və “Masdar” tərəfindən birbaşa xarici investisiyaların təşviq edilməsinə və Azərbaycanın “təmiz enerji”, dayanıqlı inki­şaf və karbon qazı tullantıla­rının azaldılması sahəsindəki səyləri dəstəkləməyə çalışılır. 

Qeyd edək ki, “Masdar” şirkəti Azərbaycanda alterna­tiv enerji sahəsində böyük la­yihələrin həyata keçirilməsin­də fəal iştirak edir. Bu, 2023-cü il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivə­sində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin adıçə­kilən şirkəti arasında imzalanan sazişlə öz təsdiqini tapıb.

İqtisadiyyat