Vardanyanın “ölüm” səbəbləri

post-img

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən qovulması Rusiya ermənipərəstləri arasında bədbinlik doğurub. Bu baxımdan ölkənin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin məyusluğu xüsusi vurğulanmalıdır. K.Zatulin bildirib ki, Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması Azərbaycanın yalnız ona və qondarma “Dağlıq Qarabağ Respublikasına” deyil, həm də prinsip etibarilə, Ermənistana göstərdiyi təzyiqin nəticəsidir. Ermənipərəst siyasətçi, həmçinin deyib ki, Vardanyan özünə olan təzyiqləri düzgün qiymətləndirmədiyindən belə bir aqibətlə üzləşib.

Əlbəttə, Zatulin və onun kimi ermə­nipərəstlərin R.Vardanyanın gedişinin şərhinə dair fikirlərinin ayrıntıları o qə­dər də önəmli deyil. Ancaq bu düşün­cələrdən irəli gələn bir qənaət də var ki, o da Rusiyanın müəyyən siyasi da­irələrinin 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni si­yasi reallıqlara, guya, adekvat situasiya formalaşdırmaq niyyətinin puça çıxma­sıdır. Yəni, məsələ heç də Zatulinin bil­dirdiyi kimi, Vardanyanın nədəsə səhv etməsində deyil. Başqa sözlə desək, böyük anlamda səhvi edən Ruben yox, onu bölgəyə göndərənlərdir. Daha doğ­rusu, dürtənlər. 

Bəli, Vardanyan Qarabağa dürtül­müş bir dələduz idi. Onun varlığı göstər­di ki, Rusiyanın bəzi siyasi qütbləri ölkənin Cənubi Qafqaz siyasətində heç bir praqmatizmə, rasionallığa və bütün bu kimi keyfiyyətlərdən irəli gələn dip­lomatik səriştəyə və bacarığa üstünlük vermək istəyindən uzaqdırlar. Onlar ənənəvi imperiya təfəkküründən irəli gələn “velikaya derjava” (böyük dövlət) məntiqinin ölkə cəmiyyətinə sirayət et­miş psixozundan kənara çıxa bilmirlər. 

***

Rusiya illərdir əlində saxladığı Er­mənistanı itirdi. İş o yerə çatdı ki, 44 günlük müharibənin İrəvan üçün do­ğurduğu acı reallıqlar belə, erməni cə­miyyətinin Moskvaya bəslədiyi hiddəti azaltmadı, əksinə körüklədi. Halbuki, Rusiyanın müəyyən siyasiləri, analitik qütbləri Azərbaycanın haqq işini ger­çəkləşdirməsinin, əzəli torpaqlarını geri qaytarmasının Ermənistan cəmiyyətinə, belə demək mümkünsə, rusiyasızlığın dərsini verəcəyinə ümid bəsləmişdilər. Bu idi yanaşma. Alınmadı, erməni xalqı müharibə məğlubu Nikol Paşinyanı yenidən dəstəklədi. Nikol daha böyük entuziazmla anti-Rusiya ovqatına kök­ləndi. 

Ruben Vardanyan Ermənistanda edilməsi mümkün olmayanın Qarabağ­da gerçəkləşdirmək istəyinin məhsulu idi. Zay məhsulu. Onun gəlişi Qarabağ­dakı separatçı hakimiyyətdə, müəyyən mənada, çevriliş etmək məramına söy­kənmişdi. Bunun adı imperiya təfək­kürünün yerlilərdən maşa yaratmaq niyyəti sayılır. Hərçənd, Vardanyanın Qarabağa heç bir aidiyyəti yoxdur. Bu aidiyyətsizlik onu göstərir ki, hədəf bö­yük ölçüdə Qarabağ yox, ümumən, ərazinin, bütövlükdə isə regionun ermə­ni faktorudur. Bu hədəfə köklənənləri Qarabağ ermənilərinin taleyi, vəziyyəti, düşdükləri çətinliklər maraqlandırmırdı. Bu gün də maraqlandırmır. 

***

Digər məqama diqqət yetirək. Er­məni xalqının Rusiyaya nifrətindən söz açdıq. Bu nifrət həm də ona görə yaranmışdı ki, illərdir ölkədə Moskva­nın dəstəklədiyi Koçaryan-Sarkisyan xuntası hökm sürürdü. Bu xunta xalqı çapıb-talamaqla ad çıxarmışdı. Dövlət əmlakına qəsdlər, vətəndaşların həyat şəraitinin pisləşməsi fonunda xunta və onun tərəfdarlarının var-dövlətlərini ar­tırmaları müşahidə edilirdi. Rüşvətxor­luq, korrupsiya halları baş alıb gedirdi. Nəhayət, erməni xalqı dövlət idarəçiliyi­nin oliqarxlaşmasının, siyasi dələduzla­rın meşşan həyatına xidmət təzahürü­nün şahidi olurdu. 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirən inqilab da məhz buna görə ger­çəkləşmişdi. 

Təsəvvür edin ki, Kreml dairələri bundan da nəticə çıxarmadılar. Nəticə çıxarmadılar və Qarabağdakı, ümumən, Cənubi Qafqazdakı nüfuz davasına in­sanların gözündə nifrət qazanmanın obrazını göndərdilər. Oliqarx, çirkli pul­ların yuyulmasında iştirak etmiş, mənfi reputasiyaya malik Ruben Vardanyanı. Demək ki, Şimalın siyasi istəbleşmenti bundan yaxşı nə isə ortaya qoymaq po­tensialından uzaqdır. 

Qarabağ erməniləri, elə Ermənistan erməniləri də Vardanyanın simasında Koçaryanı, Sarkisyanı və onlara illər ər­zində qan udduran, haram pulla sərvət toplayan digər cəlladları gördülər. On­lar təsəvvürlərində, Xankəndi küçələ­rində mağmın görkəm alıb dolaşan Ruben üçün harınlamış libas biçdilər, bu məxluqun səmimiyyətinə inanmadı­lar. Beləcə, Ermənistanda 2018-ci ildə məğlubiyyətə uğramış rus siyasi fikri, bu fikrin təqdimatındakı “mikro Ermə­nistan” plasdarmı olan Qarabağda da rüsvayçılıq ilə üzləşdi. 

***

Əlbəttə, ermənipərəst Zatulin, müəy­yən mənada, haqlıdır. Bunun səbəbini açıqlayaq və yada salaq ki, Rusiyada ölkənin bəzi dairələrinin siyasi ambisi­yalarını zatulinlərin, jirinovskilərin dili ilə deməyə adət edilib. Bu gün də həmin adət saxlanılır. Zatulin deyir ki, guya, Rubenin meydana çıxması Qarabağın əziyyət çəkən əhalisinə ərazini tərk et­məmək ümidi verirdi. İndi isə bu ümid öləcək və ermənilər bölgədən uzaqla­şacaqlar. 

Baxın, Şimalın şantajı özünü göz­lətmir. Bu, Ermənistana mesajdır. “Qa­rabağı itirirsiniz” mesajı. Deməli, rusi­yalı siyasilər erməni cəmiyyəti ilə oyun oynamağı ağıllarından çıxarmayıblar. Yenə özlərinin sərsəm məntiqləri ilə hərəkət etməkdədirlər. İstəyirlər ki, Qa­rabağın itirilməsi görüntüsü ilə Ermə­nistan daxilində iqtidara qarşı mübarizə ovqatı formalaşdırsınlar. Budur düşün­dükləri. Çünki sağlam, real təsir gücünə malik fikir yürütmək imkanından məh­rum duruma düşmüş miskinlərdir. Zatu­lin kimi şəxsin nəinki mövcudluğu, hət­ta, siyasətçi olaraq aldığı nəfəs də rus ictimai fikrinin siyasi qısırlıq məhsulu­dur. Zatulin və onun kimilərin təriflədik­ləri, şəxsiyyət səviyyəsinə qaldırdıqları Vardanyanın özü isə bu qısırlığın xroniki xəstəlik fazasıdır. 

***

Prezident İlham Əliyev Azərbay­can–Ermənistan normallaşmasına, sülh danışıqlarına dair, ümumən, Qarabağ müstəvisində son altı aydakı çıxışların­da, açıqlamalarında Ruben Vardanya­nın Rusiya bağlılığını qabardıb, mövcud xüsusda kifayət qədər sərt fikirlərə üs­tünlük verib. Bu, adi məsələ deyil. Xeyr, Zatulinin Bakının Qarabağdakı sepa­ratçı rejimə və İrəvana təzyiqinin Var­danyanın uzaqlaşdırılması nəticəsini doğurduğu məntiqinə yenidən qayıtmaq məqsədindən uzağıq. Əlbəttə, Azərbay­can təzyiq göstərirdi və göstərməli idi.

Başlıca məqam dövlət başçımızın fikirlərindəki, sanki, kimlərinsə siyasi oyun qaydalarını pozduğunu vurğula­maq əzmidir. Hətta, Vardanyan birbaşa Kremlin layihəsi olmasa belə, bu cür mənfi reputasiyalı şəxsin Qarabağda peyda olmasına və yeni reallıqlar diqtə edirmiş kimi davranmasına görə məsu­liyyət Rusiyanın hakim siyasi dairəsinin üzərindədir. Azərbaycan ictimaiyyəti belə düşünür. 

Rusiyada nəzərə almalı idilər ki, 44 günlük müharibə dönəmində ölkə Prezidenti Vladimir Putinin Qarabağın Azərbaycana məxsusluğunu, ölkəmizin öz torpaqlarını geri qaytardığını bəyan edən fikirləri Ermənistana dərs vermək mahiyyəti daşımasına rəğmən, Azər­baycan cəmiyyətində Moskvaya müna­sibətdə kifayət qədər müsbət meyillər doğurmuşdu. Bu meyillər o qədər güclü olmuşdu ki, hətta, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasındakı təşəbbüskarlıq ilə Ermənistanı Azərbay­canın əlindən alması, beləliklə, müəy­yən mənada, qeyri-müəyyənlik mühiti yaratması da Moskvaya qarşı ucaldılan etiraz səslərinin miqyasını kiçiltmişdi. 

Rusiyada nə etdilər bəs? Bilə-bilə ki, Azərbaycan Qarabağdakı separatçılığa hiddət bəsləyir, orada belə mənfur ten­densiyanın Vardanyan dalğasını yarat­mağa çalışdılar. Bu, tam qəbuledilməz idi. Həm qəbuledilməz idi, həm də nor­mal düşüncədən kənar. Anormallıqlar barədə əvvəldə kifayət qədər söz açdıq. Başlıca məqam isə qeyd etdiyimiz kimi, yeni oyun qaydalarını diqtə cəhdidir. Bu oyunun mahiyyəti nədir, qeyri-məlum­dur.

Ancaq məlum olan odur ki, Azərbay­can cəmiyyətinə, Qarabağ münaqişəsi müstəvisində, uzun müddət belə bir fi­kir hakim kəsilmişdi – Qarabağın açarı Rusiyadadır. Yaxud Rusiya istəsə, Azər­baycanın torpaqlarının işğalına son qo­yular, istəmirsə yox! Lakin bu deyimlər baxımından söyləmək olmaz ki, İkinci Qarabağ müharibəsindəki müqəddəs Zəfərimiz Moskvanın istəyinin nəticəsi idi. Müharibə müddətində, hətta, zəh­ləsi getdiyi Ermənistana dəstək nüma­yişləri onu göstərdi ki, Rusiyanın müəy­yən qütbləri ədalətin tərəfində deyil, məramı bir-birinə qarşı duran qüvvələr arasında, bir növ, paritet yaratmaq, və­ziyyətdən istifadə edib öz böyüklüyünü ortaya qoyaraq, vasitəçilik missiyası ilə siyasi dividend qazanmaqdır. Müharibə 44 gün çəkdi. Azərbaycan Ordusunun əzmi savaşın uzağı iki ayın tamamında Xankəndi də qarışıq digər bölgələrimiz­dəki separatçılıq yuvasının tam dağıdıl­masına imkan verirdi. Amma...

***

Ölkəmiz Rusiyanın vasitəçilik mis­siyasına ehtiramla yanaşdı və nəticə­də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat meydana çıxdı. Sözümüz heç də onda deyil ki, Moskva həmin sənə­din icrasına məsul tərəflərdən biri kimi daşıdığı öhdəliklərə həssas yanaşmadı, Laçın yolundan silah-sursatın və digər hərbi təyinatlı məhsulların keçidinə göz yumdu, bununla da Qarabağdakı sepa­ratçılığın güc qaynağının saxlanılması­na dəstək göstərdi. 

Kreml Vardanyanın bölgəyə gəti­rilməsi və əlahiddə təqdimatına göz yummaqla, sərt və qəti mövqe ortaya qoymamaqla, mövcud xüsusda, Bakı tərəfdən səslənmiş bəyanatlara səs­siz qalmaqla, Azərbaycan cəmiyyətinin az əvvəl haqqında söz açdığımız özü ilə bağlı mənfi təsəvvürlərinə, sanki, qol-qanad vermiş oldu. Axı, Ruben Er­mənistandan yox, Rusiyadan gəlmə idi. Nəinki gəlmə, bölgəyə atılma idi. 

İnsanlarımız çox doğru olaraq, Var­danyanı Rusiya siyasi düşüncə tərzinin “qusuntusu” adlandırırlar. Bu, Azərbay­canın dövlət qurumlarının təmsilçiləri­nin, ekoloji sahənin ekspertlərinin və mütəxəssislərin “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına ge­dişinin, orada ekologiyaya dəymiş zi­yanı aradan qaldırmaq naminə tədbirlər görmək istəklərinin qarşısını aldı, beş-üç başıpozuqla birlikdə onların qarşısını kəsdi. Məhz, bu idi Rusiyadan gəlmiş Vardanyanın Azərbaycana verdiyi me­saj. Təxminən belə: Qarabağ sizlik de­yil. Ermənistanlıq da deyil. Bəs kimlik­dir?..

***

Rusiyada kimə, yaxud kimlərə lazım idi belə bir mesajın verilməsi? Görünür, kimlərəsə lazım imiş. Çünki müxtəlif ekspert dairələrində formalaşmış fik­rə görə, Moskva Qarabağın statusu məsələsinin həllini “perspektivə saxla­maqla”, özünün bölgədəki mövcudiyyə­tini artırmaq fikrindədir. 

Bəli, istər ötən il, istərsə də 2021-ci ildə Azərbaycan-Ermənistan münasi­bətlərinin nizamlanmasının Rusiya xətti ilə yanaşı, Qərb istiqaməti də dövriy­yəyə girdi. Həm də ona görə dövriyyəyə girdi ki, Qərb Kremlin sülhyaratma mis­siyasının uzandığını gördü və hesab etdi ki, öz alternativi ilə prosesə qoşulub siyasi dividend qazana bilər. Əlbəttə, sonradan bu prosesə Rusiyanın Cənu­bi Qafqazdan sıxışdırmaq məntiqi də əlavə olundu. 

Sözümüz ondadır ki, əgər, Rusiya zamanında obyektiv mövqe tutsaydı, həmin Qərb təmayülü də meydana çıx­mayacaqdı. Çünki beynəlxalq ictimaiy­yət 44 günlük müharibənin başa çatma­sını, qan tökülməsinin dayandırılmasını Moskvanın siyasi diplomatik fəaliyyəti­nin müsbət nəticəsi kimi görürdü və bu görüntünün formalaşması Kremlə siyasi nüfuz qazandırırdı. 

Əlbəttə, Moskva o nüfuzunu Ukray­nada müharibəyə başlamaqla sıradan çıxardı. Qarabağ müstəvisinə gəldikdə isə belə təəssürat formalaşdı ki, Rusi­yanın Cənubi Qafqazdakı, belə demək mümkünsə, varlıq simvolu Ruben Var­danyan kimi dələduzdur. Bu təəssürat meydana çıxmamalıydı. Əvvəldə də bildirdiyimiz kimi, Moskva rasional dav­ranmalı idi. Ən azı nəzərə almalı idi ki, dünyanın Rusiyaya üzünü çevirdiyi bir vaxtda Azərbaycan onunla müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imza­layıb. 

***

Ermənistan hakimiyyəti üçün Ru­benin yoxluğu Qarabağdakı separat­çılıq fəaliyyətinə yeni obraz qazandıra bilər. Söhbət separatçılığın, belə demək mümkünsə, vahid əldə cəmləşməsin­dən gedir. Mümkündür ki, rəsmi İrəvan özünün bölgə ilə bağlı avantürizmini daha da “çiçəkləndirsin”. 

Cənubi Qafqazda Qərb seqmentinin aktivləşməsi fonunda bölgədə bundan sonrakı proseslərin hansı şəkil alacağı maraq doğurmaqdadır. Mövcud xüsus­da söyləmək olmaz ki, post-vardanyan dövründə Paşinyan administrasiyası Azərbaycan ilə sülh danışıqlarında po­zitiv impulslar verəcəkdir. Verəcəksə belə, bu, Rubenin gedişindən asılı olan məsələ kimi xarakterizə edilməyəcəkdir. 

Azərbaycanın yanaşmasına gəldik­də isə, Vardanyanın Qarabağda qa­lıb-qalmamasından asılı olmayaraq, ölkəmiz mövqeyində qəti və prinsipi­aldır. Buna heç bir alternativ yoxdur. Ancaq Bakı üçün Rubenin “ölümü”nün müsbət tərəfi var. Azərbaycan Qara­bağdakı separatizmin bir fazasından qurtuldu. Bütün diplomatik danışıqlara məhəl qoymayan, bu danışıqları saya salmayan fazasından. Nəzərə alaq ki, İrəvan özünə sərfəli məqamlarda bu faza üzərinə də manipulyasiyalar edirdi. İndi bundan məhrum olmuşdur. Deməli, əsas məsələyə köklənmək anı yetişib. Bunun baş verib-verməyəcəyini isə za­man göstərəcək.

 

Əvəz CAHANGİROĞLU,
“Xalq qəzeti”



Siyasət