Diqqət! Molla rejimi sonuncu dayanacağa çatır

post-img

İrandakı fars-şovinist, klerikal hakimiyyət üçün sonun başlanğıcının siqnalları eşidilməkdədir. Dünyanın siyasi səhnəsinin bütün platformalarında oyundankənar vəziyyətə düşmüş, təklənmiş və tükənmiş rejimin rəngini və idarəetmə üsulunu dəyişməkdən savayı seçimi qalmayıb.

“2023-cü il yanvarın 27-də Azərbay­canın İrandakı səfirliyinə edilən silahlı hücum zamanı İran polisinin hadisəyə müdaxilə etməməsi onun əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”. Bu barədə açıqlama yayan Azər­baycanın Xarici İşlər Nazirliyi bir nəfərin öldüyü, iki nəfərin yaralandığı hücumu terror aktı kimi qiymətləndirdi. Tehran isə hadisənin şəxsi motivlər səbəbindən baş verdiyini bildirdi. “Səfriliyin qarşısın­da dayanan diplomatik polis silahlı olsa da, hadisəyə müdaxilə etməyib. Rəsmi Bakı İrandan bununla bağlı izahat istəsə də, hələ cavab almayıb”. Azərbaycan XİN-in bu müraciət-sorğusundan sonra da molla rejimi, heç nə olmayıbmış kimi davrandı. 

Məlum terror aktının törədilməsin­dən bir ay keçir. Qanlı olayın istintaqını İran özü aparır. Rəsmi Bakı bu cinayətin hərtərəfli araşdırılacağına, cinayətkarla­rın layiqli cəzalarını alacaqlarına ümid­var olduğunu bildirmiş, istintaqın şəf­faflığının vacibliyini vurğulamışdı. İran Prezidenti deyilənlərin mütləq nəzərə alınacağını vurğulasa da, ötən bir ayda istintaqın gedişi ilə bağlı Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. 

 

Ayətullalar terroru malalamağa çalışırlar

 

Tehranın susqun davranışının əsl səbəbləri, eləcə də İran-Azərbaycan münasibətləri barədə “BBC fars”ın te­leaparıcısı Məcid Əfşarinin BBC-nin Azərbaycan redaksiyasına verdiyi mü­sahibəsindən qısa fraqmentə diqqət ye­tirək: “İran hakimiyyəti Azərbaycanın bu hücuma reaksiyasından açıq-aşkar na­razıdır. Onlar ümid edirdilər ki, özlərinin dediyi kimi, hücum edənin səfirliklə şəxsi məsələsinin olmasına dair izahatları ki­fayət edəcək. Amma vəziyyətin gərgin­ləşməsi, Bakının səfirliyin əməkdaşları­nı təxliyə etməsi Tehranı xeyli pərt edib. Eyni zamanda, İran hakimiyyəti qəribə şəkildə sükutu qoruyur. Hətta, Azərbay­canın İrana casusluq etdiyi onlarca şəx­si həbs etməsi barədə danışmırlar. Belə görünür, onlar zamanla gərginliyin aza­lacağına və problemin diplomatik yolla həllinə ümid bəsləyirlər”. Yəni, Tehran qanlı terror cinayətini “məişət qanqara­çılığı” ilə malalamaq istəyir. 

Molla rejiminin susqunluğunun di­gər səbəbi kimi göstərilə biləcək “alibi” bizə məlumdur: rejiminin başı ölkədaxili çaxnaşmaları yatırmağa, azadlıq “gü­nahkarlarını” asmağa qarışıb. Onsuz da, Tehran rejiminin terrorun araşdırıl­ması barədə məlumatının səhihliyinə, eləcə də istintaqın sonunda qazilərin hökmü-fitvasının ədalətli olacağına in­didən ciddi şübhələr yaranıb. Həm də molla rejiminin gündəmində bundan daha önəmli məsələ əhalinin etirazlarını zorla yatırmaq və meydanlarda quraş­dırılan dar ağaclarını boş saxlamamaq­dır. Kənarda terror təşkilatlarını maliy­yələşdirən yaşıl monarxistlərin SEPAH kimi xüsusi xidmət orqanları isə daxil­də “agent, casus, düşmən” axtarmaqla məşğuldurlar. 

 

Etirazçılar edam edilir

 

İran xalqının etirazı isə səngimək bilmir. Hakimiyyətdən narazılığını açıq bildirən əhali “Diktatora ölüm!”, “SE­PAH-çıya ölüm!”, “Bəsiciyə ölüm!”, “Qəddar Xameneyiyə ölüm!” şüarları səsləndirirlər. Son bir həftənin üsyan xronologiyasına diqqət yetirək: İranlı şa­girdlər Xomeyni və Xameneyinin şəkil­ləri olan bayraqları yandırıblar; məktəbli qız Xameneyinin şəklini tapdalayıb; Tehranın mərkəzindəki Himmət küçə­sində etirazçılar Xameneyinin əleyhinə şüarlar yazılmış poster asıblar; Xomey­ni və Xameneyinin şəkillərinin olduğu baner etirazçılar tərəfindən yararsız hala salınıb.

Göründüyü kimi, Tehranda bardaş qurub oturmuş fars kriminal rejimi dün­ya birliyində, dövlətlərarası münasi­bətlərdə nə özünə yer tuta bildi, nə də böyük güclərin dialoqunda söz sahibi olmağı bacardı. Hazırda həmin gücləri və beynəlxalq təşkilatları narahat edən odur ki, molla rejimi son nəfəsində bu boşluğu nüvə şantajı ilə doldurmağa çalışır. Bu aspektdən yanaşanda İranın Şimali Koreya rejiminin yolu ilə getdi­yini söyləmək olar. Amma bu yol İran xalqına yaxşı heç nə vəd etmir. Klerikal hakimiyyətin özünün yaratdığı və giro­vuna çevrildiyi reallıq ondan ibarətdir ki, məkrli və maskalı “yaşıl siyasəti” ilə bu rejim özünə çoxlu düşmən qazanmış və hazırda küncə sıxılmış vəziyyətdədir. Fəqət, sivil dünya kimi, bu ölkənin əha­lisi də İranda təkamül yolu ilə dəyişiklik­lərin baş verməsini arzulayır. 

 

Cümə xütbələrində səslənən yalanlar

 

İndi məlum olur ki, “kütləvi qırğın va­sitəsi sayılan atom silahının haram ol­duğunu, ölkəsinin buna can atmadığını” iddia edən İranın Ali dini lideri Xamene­yi, onun fars-molla rejimi dünyanı aldat­maqla məşğul imiş. İslamın müqəddəs günündə cümə xütbələrində belə yalan­lardan dünyanın üzünə bol-bol üfürən antiislam rejimi atom bombasını əldə edən kimi onu birinci hansı hədəfə tuşlayacağını artıq açıq şəkildə bəyan edir. Məhz bu səbəbdən İsraildə baş nazir postuna qayıdan, sağ-mərkəzçi qüvvələrin lideri Benyamin Netanya­hu Tehrana nüvə silahını əldə etməyə imkan verməyəcəklərini, bundan ötrü xüsusi plan hazırladıqlarını deyib. Özü­nün nüvə obyektlərinin şəffaflığını təmin etməklə bağlı götürdüyü beynəlxalq öh­dəliklərə əməl etməyən, bu sahə üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan boyun qaçıran İranın qapalı molla rejimi XXI yüzillikdə dövləti orta əsrlər təfəkkü­rü ilə idarə edir. 

Cənub qonşumuzun nüvə proqra­mından könüllü şəkildə imtina edəcə­yinə inanmaq çətindir. Bəs, onda molla rejimi özünün vurduğu “qordi düyünü”nü necə açacaq? Bəlkə, ölüm təhlükəsi ilə üzləşən xəstə cərrah masasına məcbu­ri uzadıldığı kimi, Tehranı da danışıqlar, dialoq yolu ilə durdurmaq mümkün ol­mayanda skalperin müdaxiləsinə ehti­yac yaranacaq? 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”







Siyasət