“Yanvar qırğınına görə dünyanı ayağa qaldırmağa çalışırdıq”

post-img

1990-cı il 20 Yanvar faciəsi zamanı qardaş Türkiyədə ona ilk reaksiya verən, SSRİ-nin bu qanlı cinayətini dünyaya çatdırmaq üçün əlindən gələni edən fədailərdən biri Seyfəddin Altaylı olub. Seyfəddin bəy o zaman TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının rəhbəri vəzifəsində çalışırdı. Ona söhbətimizin mövzusunu deyəndə ilk sualımızı gözləmədən sözə başladı:

– Həmin dövrdə mənim Azərbaycanla əlaqələrim vardı. Jurnalist kimi Azərbaycana gedib-gəlirdim, Bakıda gedən proseslərdən xəbərdar idim. Ona görə də Moskvanın törətdiyi qanlı olaya dərhal qiymət verməkdə çətinlik çəkmədim. Bütün tarixi boyu imperiya siyasətini davam etdirmiş bir dövlətin törətdiyi Qara Yanvar faciəsi XX əsrdə Azərbaycan türklərinə qarşı etdiyi növbəti soyqırımı idi. Biz bunu Türkiyə ictimaiyyətinə o cür də təqdim etdik.

– Seyfəddin bəy, hadisəni eşidən kimi bu acını birinci kimlərlə bölüşdünüz?

– Dediyim kimi, Azərbaycanla mütəmadi əlaqələrim var idi və Bakınınm Azadlıq meydanında davam edən milli-azadlıq hərəkatının gedişini izləyir, bu barədə dinləyicilərimizə gündəlik məlumatlar çatdırırdım. O qanlı gecədə yaşananları, “qırmızı qırğın”ı duyar-duymaz ilk olaraq Türkiyədə yaşayan Azərbaycan əsilli ziyalılarımızı axtardım. İğdırda yaşayan İbrahim Bozyellə, İstanbulda Nihat Çətinkaya ilə əlaqə saxladım. Ankaradakı dostlarımızla görüşüb bu məsələnin Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, qəhrəmanlıq səhifəsi kimi qiymətləndirməyi, Azərbaycanın SSRİ tərkibində qalmasının mümkün olmadığı barədə təbliğatın aparılmasına start verilməsi təklifini irəli sürdüm. 

– Bəli, bütövlükdə Türkiyə bu qətliamın acısını yaşadı. Ölkənin hər yerində Azərbaycana dəstək  mitinqləri keçirilirdi...

– Həmişə olduğu kimi, Türkiyə yenə qan qardaşlarının yanında oldu. Həmin günlərdə hamı hüzn içərisində idi. Amma etiraf edim ki, Türkiyə ictimaiyyəti o zaman Azərbaycanı yaxşı tanımırdı. Onun millətimizin müstəqillik uğrunda verdiyi mübarizəsindən yetərincə xəbərləri yox idi. Məhz bu sahədə ictimaiyyətin maarifləndirilməsinə ehtiyac duyulurdu. Əlimizdə olan imkanları səfərbər edərək insanları məlumatlandırmağı ən böyük missiyamız kimi bəyan etdik. Bu istiqamətdə konkret addımlar atdıq. “Türkiyənin səsi” radiosu 20 Yanvar qətliamının dünyaya çatdırılmasında əsl tribunaya çevrildi. Düşünürdük ki, yalnız Türkiyə toplumunu məlumatlandırmaq, onu Azərbaycanın müstəqillik davasına səfərbər etmək yetməz, dünyanı ayağa qaldırmaq lazımdır. Biz məhz bu vacib missiyanı yerinə yetirməyə çalışırdıq. 

– Bilirik ki, bu istiqamətdə fəaliyyətinizi Avropada da davam etdirmisiniz...

– Həmin günlərdə Avropada yaşayan  türklərlə və güneyli azərbaycanlı qardaşlarımızla əlaqə qurub, onların vasitəsilə dəhşətli faciəni dünyaya yaymağın vacib olduğunu bildirdik. Bu məqsədlə milli fəallarla əlaqə yarada bildik. Əsas təbliğat vasitələrinə üstünlük verdik. Yadımdadır, Güney Azərbaycan milli-
azadlıq hərəkatının liderləri – Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvərinin portretlərinin də yer aldığı, sovetlərin Bakıda törətdiyi qanlı cinayətin miqyasını və xarakterini göstərən bir təqvim plakatı hazırladıq və onu Avropanın müxtəlif ölkələrində yaydıq. Bu işdə bizə yaxından köməklik göstərən Almaniyadan Məmməd İrmak, Belçikadan Ayhan Dəmirçi, İsveçrədən Ekbər Gence, Niderlanddan İlhan Aşkın, yenə oradan Məmməd Olgün hoca, Berlin Azərbaycan Dərnəyinin başkanı Xəlil Toksöz, Ştutqart Azərbaycan Dərnəyinin başkanı Cumalı Turan , Kölndən Əhməd Yəzdani, Xalis Tezel, Hamburqdan Nemət Rəhməti və başqalarının əməyini qeyd etmək vacibdir. 

TRT-dən ezamiyyət götürüb Almaniyaya getdim. Bir ay müddətində burada Azərbaycana qarşı törədilən vəhşiliyin anti-insani bir qətliam olduğunu anlatmağa çalışdım. Almaniyada, İsveçrədə, Belçikada, Niderlandda çoxlu görüşlərimiz oldu. Bizim vasitəmizlə Avropadakı soydaşlarımız mitinqlər düzənlədilər, bu qanlı faciənin millətimizə qarşı necə vəhşi bir aksiya olduğuna etiraz səslərini ucaltdılar. Keçirən konfranslarda etdiyimiz çıxışlarda hələ 1918-ci ildə Zəngəzur bölgəsinin Ermənistana verilməsini Türk dünyasının arasına bir divar çəkilməsi kimi qiymətləndirdik. Berlin divarı ilə ikiyə bölünmüş və bu mövzuya həssas yanaşan Almaniya ictimaiyyəti bizim bu yöndə çıxışlarımızı anlayışla qarşılayırdılar. Orada görülən işlərlə bağlı “Türkiyənin səsi” radiosunun efirində müntəzəm xəbərlər verilir, verilişlər hazlırlanır, müsahibələr səsləndirilirdi. Yəni, uzun müdət qanlı 20 Yanvar faciəsi Türkiyənin gündəmindən düşmədi.

– Sizin fikrinizcə, 20 Yanvar qırğınından çıxardığımız əsas nəticə nə olmalıdır?  

– Otuz beş il bundan əvvəl bunları etməklə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətlərə də diqqət çəkməyə çalışdıq. Tarixdə baş verən belə qanlı hadisələrdən dərs çıxarılmasa, bəşəriyyət uçurum qarşısında qala bilər. Məhz 20 Yanvar hadisəsinə vaxtında siyasi qiymət verilmədiyindən ondan sonrakı illərdə postsovet məkanında daha böyük faciələr törədildi. Faşist ermənilərin törətdiyi Xocalı soyqırımı kimi XX əsrin utanc hadisəsi bunlardan biri oldu. 20 Yanvar şəhidlərinin anım günündə o günləri xatırlamaqla, eyni zamanda, beynimizə bunu həkk etməliyik: faciələrimizdən nəticə çıxarmalı, türk birliyinin var olması üçün heç nəyi unutmamalı və bu yolda əlimizdən gələni etməliyik.  

Söhbətləşdi:
 Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri

Qan yaddaşı