Yanvarın 20-ini bü gün bütün dünya həyəcanla gözləyir. Sanki, hakimiyyət “cilovunu əlinə ikinci dəfə alan” Donald Tramp bu gün tüğyan eləyən xaosa, qarmaqarışıqlığa düzən verəcək, müharibələrə son qoyacaq, İsrailin ürəyinə rəhm toxumu səpəcək, Rusiya–Ukrayna qarşıdurmasını dayandıracaq, erməni xislətinə insanlıq peyvəndi vuracaq, “uşaqsan, otur uşaq yerində”– deyə Makronun qulağını buracaq, dünyanı sonsuzluq (övladsızlıq mənasında) dalanına sürükləyən cinsi azlıqlara layiq olduqları yeri göstərəcək, “valideyn “bir”, valideyn “iki” düsturunu ortaya atanları zindana atacaq, daha nələr, nələr edəcək. Amma... Bu yalnız o zaman olardı ki, bütün sadalananlar onun başçılıq etdiyi, edəcəyi superdövlətin ideologiya sandığından çıxan “ləl-cəvahirat” olmayaydı. O zaman olardı ki, “dovşana qaç, tazıya tut” əmri dünyaya oradan verilməyəydi.
Azərbaycan xalqının 20 Yanvar gözləntisi isə tamamilə fərqlidir. Artıq 35 ildir ki, xalqımız o süslü-bəzəkli vədlər verən, bir əlində gül dəstəsi, o birində arxasında gizlədərək xəncər tutan “dostlara” inanmır. Bir igidin ömrüdür 35 il. Hərçənd dolayısı ilə həmin yanvarın da səbəb olduğu işğaldan torpaqlarımızı azad edən igidlərimizin çoxu bunun az qala yarı yaşında idi. Bir doğmamızın doğum günü 1989-cu ilin 20 yanvarına təsadüf edir. Və o 35 ildir doğum günü əvəzinə şəhidlərin anım gününü qeyd edir.
O gecənin hüznü, dəhşəti, faciəsi bütöv bir ulusun həyatını dəyişdi. O gecənin əks-sədası göyün və yerin yeddi qatına keçdi – deyənlər şişirtmir. O gecənin qurbanları təkcə gülləbarandan, tank altında qalmaqdan ölənlər olmadı, hadisə yerindən minlərlə kilometr uzaqda bu vəhşəti eşidib ürəyi dayananlar, beyninə qan sızanlar oldu.
Bu keçən müddət ərzində dəfələrlə dilə gətirməyimə baxmayaraq, hər dəfə xatırlayanda qanımı donduran bir zəng çalınır qulağımda. Yanvarın 19-u gecəsi ev telefonum zəng çaldı. O vaxt mobil telefon yox idi və şəhərlər, ölkələrarası telefon əlaqələri çətin olurdu. Telefondan dəhşət filmlərində effekt yaratmaq üçün işlənən, bu dəfə isə həqiqi güllələrlə adamları hədəf alan avtomat güllələrinin şaqqıltısı, təcili yardım maşınlarının siqnalları eşidilirdi. Zəng edən Biləcəri hərbi komissarlığı yanındakı xəstəxananın baş həkimi polkovnik Əli həkim idi. Bir hərbçi və həkim kimi, yetkin insan kimi mənim hadisələrə müdaxilə edə bilməyəcəyimi dərk etsə də, durumun həyəcanı, vəhşiliyin miqyası onu reallıqdan uzaqlaşdırmışdı və mənə əmr edir və sonra yalvarırdı ki, bir iş görün, bir çarə qılın, əliyalın, dinc adamları qırırlar. Mən də eyni sadəlövhlüklə, suda boğulanın saman çöpündən yapışması kimi ertəsi gün ayın 20-də işlədiyim şöbənin müdirinin yanına gedib qəzəb və göz yaşları ilə “bir şey edin, axı günahsız adamları öldürürlər” dedim və səlahiyyəti mənimkindən cüzi miqdarda çox olan o məmurun çaşqın baxışları altında otaqdan çıxdım. Ağlımla dərk edirdim ki, bu çarxı dayandırmaq onun ixtiyarında deyil.
Sarsıntı, ümidsizlik, çarəsizlik bir-birinə qarışmışdı. Dünya isə bu faciəyə biganə idi. İndi çox “xatirələr”, “şahid ifadələri” ortada dolaşsa da o vaxt səsimizi dünyaya çatdırmaq, bir ölkə daxilində öz vətəndaşlarına qarşı qəddar soyqırımı aktı törədildiyini bəyan etmək, dərdimizə şərik olanları tapmaq çox çətin idi.
Belə bir vaxtda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmış, təqaüdlə yaşayan Heydər Əliyevin Azərbaycanın Daimi Nümayəndəliyinə gələcəyi xəbəri yayıldı. Yayıldı deyəndə ki, hadisədən sonra Moskvada yaşayan fəallar hələ 19-u günü gecədən nümayəndəliyin yanına gəlmişdilər və hər hansı bir məlumat eşitməyə çalışırdılar.
Nümayəndəliyin yanında milis işçilərinin növbəsi gücləndirilmişdi. Həmin gün Heydər Əliyevin nümayəndəliyə gəlişi, qətliamı qətiyyətlə pisləməsi, ciddi maneələrə baxmayaraq nümayəndəliyə gələ bilmiş əcnəbi jurnalistlərə verdiyi bəyanatlar haqqında çox yazılıb. Siyasi xadim kimi fəaliyyəti, əsl dövlət adamı kimi qətiyyəti və tələbkarlığı üzündən qısqanclığa məruz qalan, erməni lobbisi də daxil olmaqla milliyyətçi qüvvələrin fitnələri nəticəsində Siyasi Bürodan uzaqlaşdırılan və heç şübhəsiz, dövlət təhlükəsizliyi xidmətinin müvafiq qurumlarının nəzarətində olan bir insanın belə gərgin anda xalqının yanında olması çox böyük cəsarət tələb edən addım idi.
Hər hansı fitnəkarlığa yol verilməməsi üçün milisdə, digər rəsmi orqanlarda çalışan həmyerlilərimiz qapıda, həyətdə növbə çəkirdilər. Bu görüntülər sosial şəbəkələrdə yayılan videolarda da vardır.
Nümayəndəliyə axın davam edirdi. Qərara alındı ki, SSRİ Müdafiə Nazirliyinin binası qarşısında və Ostankino studiyası qarşısında mitinq davam etdirilsin.
“El gücü, sel gücü” deyiblər. Az müddət ərzində insan axını nümayəndəliyin qarşısına sığışmayacaq qədər çoxaldı və bu kütləni nəzarətdən çıxmaması üçün nizamlamağa çalışan gənclər bütün küçəni dolduracaq şəkildə cərgələr yaratdılar. O vaxt çoxumuz bir-birimizi tanımırdıq. Həmin günlərin təmaslarından sonra Moskvada nə qədər vətənpərvər həmyerlilərimiz olduğunu gördük. Əvvəlcə İTAR-TASS-ın, o vaxt Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA) adlanırdı, qarşısında bir neçə çıxış oldu. Moskvanı tanımayanlar üçün deyim ki, oradan başlamağın səbəbi SİTA-nın bizim Daimi Nümayəndəliyimizə yaxın olmasından irəli gəlirdi. Sonra 8-10 nəfərlik cərgələrə düzülüb, araya naməlum adamların girməməsi üçün əl-ələ tutaraq düz Ostankinoya qədər getdik. Bu məsafə 12 kilometrdir. İnsanlar müxtəlif cür təpki verirdilər. Bəziləri təəssüf edir, bəziləri dəstəmizə qoşulmaq istəyir, bəziləri də dodaqaltı mızıldanaraq uzaqlaşırdı. Biz Ostankinoya çatanda artıq hava qaralmışdı və çıxışlarımız projektorların işığı altında səslənirdi.
Törədilmiş cinayətdə müqəssir olanların məsuliyyətə cəlb olunması, cəzalandırılması tələblərimizi irəli sürdük.
Bu gün o qanlı hadisələrdən 35 il keçir. SSRİ adlı dövlətin ölümqabağı aqoniyasının başlanmasının 35 illik yubileyi. Ucaldıqları zirvədən xalqın azadlıq yoluna şəfəq salan şəhidlərimizin ruhunun oyanışının 35 ili. Müstəqilliyə gedən yolda qan şırımları ilə açılan cığırların 35 ili. Bu gün azadlığını və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın çəkmiş olduğu otuz illik məşəqqətlərin başlanğıc nöqtəsi.
20 Yanvar qırğınında icraçı olmuş general Lebedin, öz olkəsini məhvə aparıb xarici ölkələrdən təltiflər alan Qorbaçovun bu cinayətlərdə nə qədər əlləri olduğu bilinsə də beynəlxalq hüquq çərçivəsində cəzalanmadılar.
Qanlı Yanvar nə qədər ağrılı olsa da xalqımızın tarixində şərəf səhifəsi kimi xatırlanacaq. Çünki silahsız dinc adamlar dünyaya meydan oxuyan bir dövlətin (həm də vətəndaşları olduqları dövlətin) silah cəbbəxanasına qalib gəldilər, “böyük qardaş” ifadəsinin illüziyasına son qoydular.
Cəfər SADIQ
Moskva