Bakıda qızıl ilə süslənmiş ilk və yeganə abidə

post-img

Bu, Azərbaycan dövlətinin 20 Yanvar şəhidlərinə ehtiramının göstəricisidir

Dünyanın müxtəlif şəhərlərində olduğu kimi, Azərbaycan paytaxtında da tikintisində qiymətli metallardan istifadə edilmiş binalar var. Ancaq 20 Yanvar şəhidlərinin dəfn olunduğu məkanda ucaldılmış “Əbədi məşəl” abidəsi qızıl ilə işlənmiş ilk abidə nümunəsidir. Bu fakt müstəqilliyinin ilk onilliyini yaşayan “kasıb” Azərbaycanın mənəvi zənginliyindən xəbər verirdi. 

Xatırladaq ki, paytaxtımızdakı Şəhidlər xiyabanı sadəcə  Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq deyil. Bu ünvan həm də and yerimizdir, ölkəmizin ən nüfuzlu  rəsmi-siyasi qonaqlarına təqdim etdiyimiz müqəddəs məkandır. Bu ünvan  müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü park və Kirov parkı kimi fəaliyyət göstərmişdir. Türk düşməni olan  Mixail Qorbaçovun Bakını al qana qərq etməsindən sonra isə orada Şəhidlər xiyabanı yaradılmışdır. 

Xatırladaq ki, sovet dönəmində işğalçı ordunun təmsilçisi Sergey Kirovun adı verilmiş bu məkan Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər məhz  Şəhidlər xiyabanı, yaxud  Çəmbərəkənd qəbiristanlığı olub. Maraqlı məqamlardan biri odur ki, həmin qəbiristanlıqda  Azərbaycan tarixində xüsusi yeri olan görkəmli  şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.

Bildirilir ki, Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu.  Ancaq zaman həmin layihənin reallaşdırılmasına imkan verməmişdi. 1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün bu qəbiristanlıq köçürülmüş və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salınmışdı. Daha bir rəzalət odur ki,  Kirov parkı salınanda oradakı  baş-daşlarından da tikinti materialı kimi istifadə edilibmiş.

...1990-cı ilin yanvarında isə həmin məkanda  bir gündə 120-dən artıq qəbir qazılmış,  Ali Sovetin iclasında yaradılmış   dəfn komissiyasının qərarı ilə 20 Yanvar şəhidləri məhz həmin ünvanda dəfn olunmuşdular. Həmin məkanda “Əbədi məşəl” abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülmüş və xiyabanın girişində belə bir məşəl yaradılmışdı.   Sonra isə ulu öndər  Heydər Əliyev (1998-ci il avqustun 5-də)  Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılması haqqında sərəncam vermişdir.  Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə “Əbədi məşəl” abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 milyard  manat məbləğində vəsaitin (o dövrün kursu ilə) ayrılması barədə təklif verməsi tapşırılır.

1998-ci il oktyabrın 9-da abidə kompleksinin açılışı  olmuşdur. Bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir. 

Dünyanın neçə dövlət başçısının həmin “Əbədi məşəl”  önündə baş əydiyini dəqiq bilmirəm. Ancaq onu bilirəm ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim böyük ehtiramla yad etmişlər. Çünki həmin şəhidlərin atdığı cəsarətli addımlar bugünkü qüdrətli Azərbaycan dövlətinin əsas təməllərindən biri olmuşdur. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İttifaq MİRZƏBƏYLİ 

 

Sosial həyat