“Sədərəkdən Şuşaya” Zəfər yolu

post-img

“Park cinema” nın “Park bulvar” filialında Sədərək döyüşlərinin 35-ci ildönümü münasibətilə “Sədərəkdən Şuşaya” adlı sənədli televiziya filminin təqdimatı keçirilib. 

Mərasimdə filmin çəkiliş heyəti, media nümayəndələri və başqa qonaqlar iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin sədri Sahil Tahirli çıxış edərək deyib: 

– 1990-cı il yanvar hadisələrinə 2 gün qalmış Sədərək rayonu ermənilər tərəfindən intensiv hücumlara məruz qalmışdı. İlk dəqiqələrdən Naxçıvanın bütün rayon və kəndlərindən köməyə gələnlər sinələrini qabağa verərək, düşmən önündə sipər etdilər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləmiş Nəzifə Qaybalıyeva idi.  O, xəbəri alar-almaz 3 körpə uşağını qoyaraq Sədərək döyüşlərinə yollanır. Həmin dövrdə Nəzifə xanımın Naxçıvan televiziyasına verdiyi müsahibədən sonra 100-lərlə gənc Sədərəyin müdafiəsinə qalxdı. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim Oğuz-Türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalmış, Sədərək, eləcə də bütün Naxçıvanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməmişdir.

  Ekran işində əsas məqsəd xalqımızın 1990-cı illərdə Sədərək döyüşlərindəki qəhrəmanlığını cəsur bir xanımın timsalında yaşatmaqdır.  Həmin döyüşlər xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Bu gün də Naxçıvan televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.

Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov və musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.

Tibb bacısı Nəzifə Qaybalıyeva təqdimatdan sonra XQ-yə müsahibə verdi: 

– Sədərək döyüşləri zamanı heç əməlli-başlı silah-sursatımız da yox idi. Ürəyimizin hökmü, əlimizin, qolumuzun gücü ilə vuruşurduq. Amma    qələbəyə inamımız sonsuz idi. Erməniləri dayandırmaq üçün əlimizdən gələni edirdik. O vaxt müsahibələrimdən birində dedim: “Sədərək rayonunu azad etməyincə bu torpağı tərk etməyəcəyəm. Namusum və andım olsun, Sədərək azad olunacaq. Evdə hər şeyi qoyub gəlmişəm, amma bu müqəddəs borcumu yerinə yetirmədən geri dönməyəcəyəm.”

Bütün bölgələrdən gənclərimiz axışıb gəlmişdi. Onların birliyi və əzmi sayəsində Sədərək alınmaz qalaya çevrildi. Bugünkü azadlığımızda o torpaqlarda şəhid olmuş oğullarımızın şücaəti təməl rolu oynayır.   

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! 

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin Şərur rayon təşkilatının sədri Eldəniz Əliyev isə dedi:

– Özüm də müharibə iştirakçısıyam. 17 may 1990-cı ildən Ermənilərin Sədərəyə ilk dəfə hücum etdiyi dövrlərdən döyüşdə Nəzifə xanımla birgə mən də iştirak etmişəm. Vətən borcumuzu təmənnasız olaraq yerinə yetirmişik. Bu gün qürur hissi keçirirəm ki, işğal olunmuş torpaqlarımız qarı düşməndən azad olunub. Şükürlər olsun ki, bu günləri görmək və azad, firavan ölkədə yaşamaq bizə də nəsib oldu.  

Fidan SALMANOVA 
XQ

 





Mədəniyyət