...19 yanvar 1990-cı il. Saat 22.00–23.00 arası. Azərbaycan KP MK-nın binası önündəki mitinqdə bizi avtobuslara mindirib “sovet ordusunun Bakıya daxil olmasının qarşısını almaq üçün” müəyyən edilmiş nöqtələrə– paytaxtın giriş-çıxış yollarına, avtobus və trolleybuslardan qurulmuş barrikada-postlara göndərdilər. Nə baş verdiyindən, bizi qarşıda nəyin gözlədiyindən xəbərsiz idik. Çünki təxminən, 2–3 saat ondan əvvəl televiziyanın enerji bloku partladılmış, AzTV-də televiziya yayımı kəsilmişdi. Nəticədə insanların əksəriyyəti Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqi barədə yalnız səhər saat 05:30-da “Azadlıq” radiosundan və hərbi helikopterlərdən atılmış vərəqələrdən xəbər tuta bildilər.
...Hər dəfə metronun “20 Yanvar” stansiyasının üstündəki xatirə abidə-kompleksin önündən keçəndə o gecə baş verənlər kino lenti kimi gözlərim önündə canlanır. Milli-azadlıq hərəkatının, meydan mitinqlərinin iştirakçısı olan Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsinin SSRİ KQB-sinin o gecə üçün hazırladığı ssenaridən xəbərsiz olması təbii idi.
...Metronun “XI Qızıl Ordu” stansiyasına (sonralar “20 Yanvar” adlandırıldı – red.) gətiriləndən yarım saat sonra “Jiquli”də gələnlər bizə içi benzinlə dolu, fitili qoyulmuş butulkalar payladılar ki, gələn tankları “yandırıb darmadağın edək”.
...Qulağımız tankların nəriltisini eşidəndə gecə saat 1-ə 5–10 dəqiqə işləyirdi. Sonra baş verənlər, sadəcə, yuxuya bənzər epizodlardır.
Birinci epizod: tankların gur işıqları altında ətrafa işıqsaçan güllələr səpələnir. İkinci epizod: şam ağaclarının arası ilə Respublika Xəstəxanasının girişinə tərəf qaçan və bu zaman tankların işığına tuş gələn və güllələnən insanlar yerə sərilir. Üçüncü epizod: Biləcəri tərəfdən gələn zirehli texnikadan açılan fasiləsiz atəşdən gizlənmək üçün metronun girişindəki pilləkənlərə enirik. Dördüncü epizod: tanklardan biri işğalçı XI Qızıl ordunun şərəfinə ucaldılmış fəhlə-kəndli-matros abidəsinin önündəki qazona “dırmaşır” və orada dərin şırımlar açaraq geri dönür. Beşinci epizod: əlimizdəki benzin dolu butılkaları yanımızdan keçən tanka arxadan atırıq və bunu görən iki avtomatlı zirehin üstündən yerə enib bizə tərəf atəş açır. Altıncı epizod: Özümüzü çatdırdığımız metronun giriş qapısı bağlıdır və çığır-bağırımızı eşidən xidmətçi qadın bizi içəri buraxır. Yedinci epizod: metronun tunelinə enib “Memar Əcəmi” istiqamətinə qaçmağa başlayanda arxadan atəş səsləri eşidilir. Sonuncu epizod: Gecənin şokundan hələ tam ayılmamış tələbə səhər tuneldə bulaşmış paltosunu təmizləyəndə onun böyründə pulemyot gülləsinin açdığı iki dəliyə heyrətlə tamaşa edir...
P.S. O gecə bizə açılan atəş Azərbaycanın qədərini tarixin axarını dəyişdi. Müstəqilliyimizn təməlinin atıldığı o gecədə metropolitenin özünəməxsus rolunu qeyd etməyə bilmərik. Bakı Metropoliteninin rəhbərliyi qətiyyət nümayiş etdirərək, o gecə qatarların səhərə kimi işləməsi barədə göstəriş verdi. Həmin gecə, xüsusilə, “XI Qızıl Ordu” (“20 Yanvar”), “Məşədi Əzizbəyov” (“Koroğlu”) və “Bakı Soveti”(“İçərişəhər”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox olub. Məhz səhərə qədər fasiləsiz çalışan metropoliten faciənin daha böyük miqyas almasına yol verməyib. Çünki metro sərsəri güllələrdən qaçan insanların, yaralıların sığınacağı, yeganə pənah yerinə çevrildi. Bəlkə də o gecə metronun qapıları üzümüzə açılmasaydı, öldürülənlərin sayı minlərlə olardı.
İ.HƏSƏNQALA
XQ