Vətənə xidmətin hünər və şərəf salnaməsi

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Toplantıda faciə qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilib.

Komitə sədri Bahar Muradova qan yaddaşımızda silinməz iz qoyan Yanvar hadisələrinin tariximizin faciəli, eyni zamanda, şərəfli səhifəsi olduğunu qeyd edib. O, sovet imperiyasının irimiqyaslı cəza aksiyasının xalqımızın yurd sevgisini, haqq mübarizəsini susdura bilmədiyini vurğulayıb.

Mərasimdə ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra bütün dünyaya səs salan müraciəti ilə sovet rəhbərliyinin öz vətəndaşına qarşı ordudan istifadə etməsini, insanlıq əleyhinə qanlı cinayət törətməsini qəti şəkildə pisləməsi məmnunluq və iftixarla xatırlanıb. Bildirilib ki, ulu öndər  Heydər Əliyev ölkəyə qayıdandan sonra onun rəhbərliyi ilə Azərbaycanın müstəqillik əldə etməsi, bu mübarizənin faciəli hadisələrinə siyasi qiymət verilməsi istiqamətində tarixi addımlar atılıb. 

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə Qarabağ münaqişəsi ilə başlamış qanlı toqquşma və savaşlarda həlak olanların intiqamı alındı, bu tarixi mübarizədə mərhumiyyətlərlə üzləşən milyonlarla insanın əzablarına son qoyuldu. 

Bildirilib ki, tarixinin keşməkeşli dönəmlərindən hər zaman üzüağ çıxan, şərəfli tarixə malik dövlətin nümayəndələri kimi yaşadığımız faciələri unutmamalıyıq.  Ötən 35 ildə igid oğulların qanı ilə yazılmış Vətənə xidmətin hünər və şərəf salnaməsini isə bütün həqiqətləri ilə gənc nəsillərə çatdırmalıyiq.

Z.HÜSEYNOVA 
XQ



Sosial həyat