Xəzərdə qiyam: Dənizçilərin SOS fəryadı

post-img

O gecə Bakının yuxusu ərşə çəkilmişdi. Hara gəldi atılan ölümsaçan güllələr günahsız insanları qanına qəltan edir, imdad diləyənlərin ah-naləsi qaranlığın bağrını dəlirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər Dəniz Neft Donanmasının mülki gəmiləri üçün də çox ağır və dəhşətli sınaq oldu. Həmin gecə iş başında olan kapitan, şair-jurnalist Faiq Balabəyli  deyib: “Həmin vaxt “Şirvan” gəmisində çalışırdım. Növbəti iş tapşırığını yerinə yetirmək üçün Neft Daşları ərazisində idik. Yanvarın 19-da axşam saatlarında “Şirvan” gəmisi Çilov adası yaxınlığında lövbər ataraq dayanmışdı. Kayutda olarkən növbətçi matros “Mayak” radiosuna qulaq asan zaman verilişin dayandırılaraq bir nəfərin həyəcan dolu səslə Bakıda qırğın törədildiyini, meyitlərin küçədə qaldığını dediyini eşidib. Tez radionu açdım. Həyəcanlı səs insanları küçəyə çağırır, meyitləri və yaralıları götürmək üçün yalvarışlar edirdi. Səs qəfil  dayandı.

Kapitan körpüsünə qalxaraq kapitan İbad Məmmədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsilə Bakıda baş verən faciə haqqında məlumat verdim. Sonra həmin ərazidə dayanan gəmilərin kapitanları arasında rabitə vasitəsilə kiçik məşvərət keçirib gəmilərin Bakı buxtasına qayıtması haqqında qərar qəbul etdik”.

Kapitan xatırlayır: “Yanvarın 20-də, səhər saatlarında bizim gəmi Bakı buxtasına çatanda artıq Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-ə yaxın gəmisi Bakı buxtasında lövbər ataraq etiraz aksiyasına başlamışdı. Hərbi gəmilərin Bakı buxtasına giriş-çıxışı məhdudlaşdırmaq üçün gəmilər xüsusi koordinatlarda dayanmışdılar. Yanvarın 20-də günün birinci yarısında hərbi gəmilərin hərəkətinə yol verməmək üçün donanmanın gəmiləri Bakı buxtasına gedən yolu tamamilə kəsmişdi. Dənizçilərin fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov” adına sərnişin gəmisi qərargaha çevrilmişdi. Burada təcrübəli 7 gəmi kapitanı, eləcə də ağsaqqallar və fəal dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsilə gəmilərə ötürülür, müzakirələr aparılandan sonra qəbul edilən bəzi qərarlar həyata keçirilirdi. Gəminin kapitanı Mövlud Əliyev çox böyük cəsarət və fədakarlıq göstərirdi.

Dənizçilər SOS siqnalının mətnini hazırladılar. Mətndə Azərbaycan paytaxtında sovet qoşunlarının törətdiyi qırğınlar barədə məlumat verilirdi. Bundan başqa SSRİ-nin prezidenti Mixail Qorbaçova, SSRİ Ali Sovetinə, müdafiə naziri Dmitri Yazova və digər rəsmi şəxslərin ünvanına günahsız sakinlərin qırğınını dayandırmaq, qoşunların şəhəri tərk etməsi barədə müraciətlər göndərildi. Yanvarın 20-si səhər saat 11.30-dan yanvarın 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan SOS siqnalının ilk mətninin əks-sədasını dənizçilər 1 saatdan sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırlar. 50-dən çox ölkənin dənizçisi radioqramlarla Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını və faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirirlər.

Bakı komendantı xəbər göndərdi ki, dənizçilər yanvarın 21-də öz tələbələrini SSRİ müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini, admiral Sidorova çatdıra bilərlər. Hərbi komandanlıq Xəzər dənizindəki qarşıdurmaya görə mülki gəmiləri ittiham edir və onları “dəniz quldurları” adlandırırdı. Sovet hərbçiləri buxtanı boşaltmağı tələb edirdilər. Mülki gəmilərin Bakıya dənizdən giriş və çıxışı bağlamağa cəhd göstərməsinin isə məqsədi var idi. İnformasiya verilmişdi ki, Bakıdakı qırğın haqqında məlumatı ört-basdır etmək və qırğınların miqyasını kiçiltmək üçün şəhidlərin meyitlərini aparıb dənizə tökəcəklər.

Saat 15-ə qədər vaxt verildi ki, gəmilər buxtanı boşaltmasa gülləbaran ediləcək. Mülki və hərbi gəmilər üz-üzə dayanmışdılar. Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçiləri bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq bir addım da geri çəkilmədilər. Dənizçilərə göstərilən təzyiq və hədələr durmadan artırdı. Hərbi gəmilər mülki gəmiləri güllə yağışına tutdular. “Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi. Gəmi 8 yerdən mərmi zədəsi alaraq yanmağa başladı. Ona köməyə gələn “Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki mülki gəmi alova büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi. Paytaxtda fövqəladə vəziyyət tətbiq olunsa da, Bakı buxtasında bunu yanvarın 24-də elan etdilər. Etiraza görə 57 dənizçi cəzalandırılmaq üçün Orenburq və Ulyanovska göndərildi və bir ay saxlanıldıqdan sonra buraxıldılar”.

Faiq Balabəyli deyib: “Bütün bunlara baxmayaraq 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin dənizçilərinin böyük rolu oldu və onlar həmin dövrdə olan informasiya blokadasına baxmayaraq təpədən dırnağa qədər silahlanmış sovet qoşunları əliyalın əhalini atəşə tutaraq günahsız adamların qətlə yetirildiyini mümkün olan vasitələrlə əvvəl öz həmkarlarına, onların vasitəsilə müxtəlif ölkələrə çatdırdılar. Bu hadisə dənizçilərin həmrəyliyini nümayiş etdirən ilk hadisə kimi tarixə düşdü. Həmin günlərdə onların nümayiş etdirdiyi şücaət və qəhrəmanlıqdan bəhs edən “Azadlıq carçıları” adlı sənədli film çəkilib. Həmkarlarımın mücadiləsindən bəhs edən “Bakı buxtası – 20 Yanvar” adlı kitab çap etdirmişəm. Bundan başqa ötən il dənizçilərin 20 Yanvar faciəsi zamanı göstərdikləri misilsiz qəhrəmanlıqdan bəhs edən “Kəsilməyən həyəcan fiti” adlı kitabım da dərc olunub. Kitabda müəllif qeydləri, tarixi sənədlərlə yanaşı, həm də o günlərin iştirakçılarının xatirələri yer alıb”.

Süleyman QARADAĞLI



Sosial həyat