Bu sahədə kadr hazırlanmır, müalicədən geniş istifadə edilmir
Haqqında söz açdığımız müalicə üsulu – manual terapiya Azərbaycanda bir peşə kimi, demək olar ki, qəbul olunmur. Bu sahədə fəaliyyət göstərən həkimlər də azdır. Xarici ölkələrdə geniş tətbiq edilən manual terapiyaya ölkəmizdə laqeyd münasibətin səbəbini öyrənmək və bu müalicə üsulu ilə daha yaxından tanış olmaq məqsədilə manual terapevt Arzu Həsənovla görüşdük. Qeyd edək ki, Arzu Həsənov 1980–1984-cü illərdə Azərbaycan Tibb Universitetində, 1984–1986-cı illərdə Saratov dövlət Tibb İnstitutunun hərbi tibb fakültəsində təhsil alıb. Almaniyada anesteziologiya və reanimasiya üzrə internatura keçib (1986–1987), Moskvada manual terapiya və massaj, eyni zamanda, Buteyko metodu kurslarında (1991) ixtisaslaşıb.
Almaniyada, Rusiyada və ölkəmizin bir çox özəl klinikalarında manual terapiya üzrə fəaliyyət göstərib. 2018-ci ilin iyun ayından manual terapevt və Buteyko metodu üzrə mütəxəssis olaraq “HAYAT Clinic” tibb mərkəzində çalışır. Həkimdən “XQ” üçün aldığımız müsahibədə manual terapiya ilə bağlı məlumatlar öyrənməyə çalışdıq.
– Doktor, manual terapiya nədir, müalicə üsulu kimi nə vaxtdan tibb sahəsinə daxil olub?
– Öncə onu qeyd edək ki, manual terapiya çox qədim tibb sahəsidir. Bu terapiyanın, təqribən, 7 min 500 ilə yaxın yaşı var, Çin təbabətindən gələn müalicə üsuludur. Təəssüf ki, təbabəti öyrəndikdən sonra da bu sahə ilə maraqlanan həkimlər çox deyil. Yenə təəssüflər olsun ki, onurğa sütunu haqqında bilgilər də yetərincə deyil. Yoqların 2 min 500 yaşı olan qəribə bir fikri var: “Orqanizmdə problemin, yəni xəstəliyin çoxdursa, amma səbəbini tapa bilmirsənsə, o səbəbi onurğa sütununda axtar”. Dərinə getsək, bütün sinir sistemi onurğa sütunundan çıxdığına görə, daxili orqanların hamısı ilə təması var. Demək, onurğa orqanizmin bütün xəstəliklərilə əlaqədədir. Təcrübələr göstərir ki, bəzi xəstəliklər var ki, uzunmüddətli müalicədən sonra yenə sağalmır. Belə olanda mütləq onurğa sütunu yoxlanmalıdır.
– Manual terapevtlər hansı xəstəlikləri, necə sağaldırlar?
– Manual terapevtlər onurğa sütununu fizioloji bərpa edirlər. Onurğa sütununun bərpası ilə məşğul olduğumuzdan təbii ki, bütün xəstəliklərin müalicəsinə təsir etmiş oluruq. İş orasındadır ki, xəstələnən şəxs heç vaxt əvvəlcə manual terapevtə müraciət etmir. Pasientlər xəstəlikləri ilə bağlı müəyyən müalicələr aldıqdan, nəticə görmədikdən sonra belə manual terapiya həkimlərin yadına düşmür. Müayinə zamanı biz onların xroniki xəstəliklərini onurğa sütununun rentgeni vasitəsilə müəyyən edirik və bu onları təəccübləndirir. Xəstələr nevropatoloqlara, travmatoloqlara, hətta, sınıqçılara müraciət edirlər. Manual terapevtlər isə bu tibb sahəsini elmi şəkildə tətbiq etməyə çalışırlar. Onurğa sütununda problem olduğu zaman da sınıqçılara müraciət edən pasientlər var. Lakin onurğa sütununun problemlərini bilmədən, anatomiyanı öyrənmədən ona müdaxilə etmək çox böyük fəsadlara gətirib çıxarar. Sınıqçılara hər zaman müraciət etmək olmaz. Onlar kiçik problemləri – oynaqlardakı çıxığı həll edə bilərlər, amma onurğa sütununun problemlərini bilməyən sınıqçılardan qaçmaq lazımdır. Hansısa fəqərə yerindən çıxıbsa ona kömək etmək olar. Amma burada başqa problemlər də – yırtıq, fəqərənin sürüşməsi, onurğa sütununun çökməsi ola bilər, bağ aralarında problem yarana bilər, onurğa beyninə qan sıza bilər və s.
– Hansı ağrılarda manual terapevtlərə müraciət etmək lazımdır?
– Bizə əsasən, onurğa sütunu əyrilikləri, fəqərə sürüşməsi, fəqərələrarası disklərin protruziyası və yırtığı, oma sümüyünün fleksiyası (əyrilikləri) və s. problemlərlə müraciət edirlər. Bütün xəstəliklərin müalicəsində onurğa sütunu xəstəliklərinin müalicəsindən istifadə etmək mümkündür. Bizim müalicə üsullarını xəstələrin özləri icazə vermədiyindən televiziyalarda göstərə bilmirik. Yəni müalicə üsullarını vətəndaşlara çatdırıb maarifləndirə bilmirik. Amma əminliklə deyə bilərəm ki, fəqərə problemlərini 100 faizə qədər fizioloji bərpa etmək mümkündür.
– Oma sümüyünün fleksiyası dediniz. Bu, hansı xəstəlikdir, necə təyin edilir və müalicəsi necə aparılır?
– Oma sümüyünün fleksiyası taz sümuklərində oma sümüyunün yerdəyişməsinə deyilir. Fleksiyanın diaqnostikası rentgenlə çəkilmiş düz proyeksiyada aparılır. Öncə qalçanın ən hündür yerləri xəttlə birləşdirilir, sonra isə oma sümüyünün ən hündür yerlərini birləşdirirlər. Normal halda xətlər bir-birinə paralel olmalıdır. 1–2 millimetr fərq qəbul edilə bilər. Amma paralellik arasındakı fərq 3 millimetrdən yuxarı, 4-5-8 millimetr olanda, bu ölçü artıq omada əyrilik olduğunu sübut edir.
Taz iki qalça və 1 oma sümüyündən ibarətdir. Bir-biri ilə qığırdaqlar və bağlar-əzələlər vasitəsilə birləşirlər. Fleksiya adətən qadınlarda doğuş vaxtı prosesi tezləşdirmək məqsədilə omaya edilən təzyiq nəticəsində meydana gəlir. Buna oma çıxığı da deyilir. Digər səbəb yıxılmaqdır. Oma sümüyü yerini dəyişdiyindən bud-çanaq oynağının vəziyyəti də dəyişir. Bu, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ayaqların qısalması baş verir. Böyrək problemləri, qadın xəstəlikləri, oturaq sinirin problemləri meydana şıxa bilər. Gələcəkdə skaliozların əmələ gəlməsinə yol aça bilər. Nevropatoloqlar bu xəstəliyi müxtəlif dərman preparatları ilə müalicə etməyə çalışırlar.
– Manual terapiyanın tətbiqində yaş həddi varmı?
– Manual terapiyanın yaşa olan münasibəti insanın yaşadığı illərdən çox, onurğanın vəziyyətindən asılıdır. Biz, təxminən, 6 ayından başlayaraq 90 yaşına qədər şəxslərdə onurğa sütunu ilə bağlı xəstəlikləri müalicə edirik. İşimiz xəstənin onurğa sütununun vəziyyətindən asılıdır. Fəqərələrarası qığırdağın 75 faizi sudan ibarətdir. İnsan yaşlandıqca qığırdaq elastikliyini itirir və ona vəziyyəti saxlamaq üçün kömək lazım olur. Həmçinin əzələlərin, sümüyün vəziyyəti də dəyişir. Yaş artdıqca sümükdə kalsiumun azalması ilə osteoporoz deyilən bir vəziyyət yaranır. Həmin xəstələrə təmrinlər veririk ki, onurğa sütununu hərəkətləndirib qığırdaqları müəyyən qaydaya salsınlar. Onlara tövsiyə edirik ki, bol su içilsin, yataq yerləri möhkəm olsun, çoxlu gəzintidə olsunlar və s. Bütun bunlarla yanaşı manual traksiyalar aparırıq.
– Müalicənin müddəti nə qədər olur?
– Müddət hər kəsdə eyni deyil. Bunları zamanla, 15 gündən 3 aya qədər nəzarətdə saxlayırıq. 70 yaşında xəstənin təbii ki, 30 il müddətində topladığı problemlər 3 günə həll edilməz.
Manual terapiya dedikdə manipulyasiyalar nəzərdə tutulur. Bu üsul, ilk növbədə, onurğa sütununun fizioloji düzənini bərpa edir. Buna görə də xəstəni, ilk növbədə, manual terapevtik prosedur üçün hazırlayır və sonra müalicəyə başlayırıq.
– Onurğadakı dəyişikliyi, yəqin ki, MRT müayinəsi daha aydın göstərir və bu, dəqiq müalicəyə kömək edir?
– MRT onurğanın daxilindəki dəyişikliyi göstərir. Rentgen müayinəsi isə onurğa sütununun düzənini göstərir. MRT-dən sonra rentgen çəkilməyəndə oma sümüyünün fleksiyası gizli qalır, xəstələr uzun müddət əziyyət çəkməli olurlar. Oma sümüyündən 5 sinir çıxır və bunlar gələcəkdə protruziyaya, skalyoza və digər onurğa sütunu və daxili xəstəliklərə səbəb olur. Fleksiya müəyyənləşdiriləndən sonra manual terapiya vasitəsilə uşaqlarda 1-2 dəfə, yaşlılarda isə fərqli seanslarla ağrıları aradan qaldırmaq mümkündür. Bunu yalnız manual terapevtlər bilir və müalicə edirlər.
– Ölkəmizdə manual terapiya ilə məşğul olanlar barmaqla sayılacaq qədərdir.
– Elədir. Manual terapiyanın Azərbaycanda öyrənilməsi labüddür. 1985-ci ildən bəri köhnə SSRİ məkanında, MDB dövlətlərinin əksəriyyətində tibb təhsili verən müəssisələrdə manual terapiyanın kafedraları var, dövlət səviyyəsində elm kimi öyrənilir. Azərbaycanda isə, tibb sahəsində oxuyan gələcək həkimlər bu sahədən xəbərsizdir. Hətta bəzi klinik həkimlərin də bu sahədən anlayışları yoxdur. Onurğada problem yarananda xəstədən yalnız Maqnit Rezonans Tomoqrafiya tələb olunur. Maqnit rezonansla rentgen arasında fərq var. Onurğa sütunu xəstəliyinin 100 faizli diaqnostikasından danışırıqsa, bu müayinələrin hər ikisinin olunması vacibdir. Həkimlər bəzən fəqərələrarası disklərdə yırtıq olduğu zaman onurğa sütununun fiziologiyasını bərpa etmədən müəyyən dərmanlarla müalicəsini etməyə çalışırlar. Bu isə cox hallarda nəticəsiz qalır.
Manual terapiya tibbin elə sahəsidir ki, gözdən başlamış bütün orqanların vəziyyəti haqqında mesaj verir, gələcəkdə baş verə biləcək çox ciddi problemlərin qarşısını ala bilir. Həkim özü bu barədə bilmirsə, xəstəni düzgün müalicəyə necə yönləndirə bilər? Bu çox vacibdir ki, pasient düzgün müalicəyə cəlb olunsun, aylarla, bəzən illərlə müalicələrdə sürünüb xəstəliyini xronikiləşdirməsin. Məsələn döş qəfəsində yaranan dəyişiklik sinir sistemini sıxır, tənəffüs dəyişir, ürək döyüntüsü dəyişir, damar sıxıntısı dəyişir və təzyiq qalxır. 200 illik yaşı olan təbabəti ənənəvi tibb adlandırırıq, keçmişi olan, 7500 il yaşa malik təbabəti isə qeyri-ənənəvi tibb adlandırırıq. Bu sahə nəinki öyrənilməli, hətta hər poliklinikada tətbiq olunmalıdır. Gələn xəstə onurğasından başlanıb yoxlanmalı, müalicəsinə oradan başlanmalıdır. Tibb universitetlərində bu sahə mütləq öyrədilməlidir. Hər bir həkimin onurğa sütunu haqqında ətraflı bilgisi olmalıdır.
Həkimlə söhbətdən sonra “Xalq qəzeti” olaraq bizə də manual terapiyanın nəinki sıravi insanlar, hətta, bir çox həkimlər tərəfindən də qəbul edilmədiyini öyrəndik. Axı hər orqanın öz xəstəliyi var və həkimlər o xəstəliklərə uyğun müalicə üsulu tətbiq edirlər. Manual terapevtlər isə bütün xəstəliklərin onurğa sütunu ilə bağlı olduğunu iddia edir və bunu əsaslandırırlar. Bəs nəyə görə ölkəmizdə terapiyanın bu üsulu öyrədilmir? Nəinki öyrədilmir, heç öyrənilmir də. Digər ölkələrdə bu sahədə ixtisaslaşmış həkimlərimizin təcrübəsindən dövlətin tibb müəssisələrində istifadə edilmir. Onlar yalnız özəl klinikalarda müalicə aparırlar. Amma manual terapiya haqqında anlayışı olanlar arayıb axtarır, həmin həkimlərə müraciət edir və nəticədən razı qalırlar.
Fikrimizcə, səhiyyənin hazırkı inkişafı, tibb müəssisələrində müasir avadanlıqların tətbiqi, müalicə və əməliyyatlar üçün xarici ölkələrə üz tutanların sayının azalması onu deməyə imkan verir ki, həkimlərimizə hər cür xəstəliyin müalicəsini etibar etmək olar. Əminik ki, manual terapiyanın öyrədilməsi və tətbiqi gedişi ağrılı proseslərlə davam edən xəstəliklərin daha tez müalicə olunmasına təkan verər. Səlahiyyətli orqanların bununla bağlı addım atmalarının vaxtı çatmayıbmı? Heç olmasa, kurslar təşkil edib təcrübəli manual terapevtlərin biliklərindən yararlanmaq, çox vacib bir müalicə-bərpa üsulunu gənc mütəxəssislərə öyrətmək mümkündür. Bunun yalnız xalqın sağlamlığına faydalı olacağına, və xroniki hala keçən xəstəliklərin müalicəsindəki dərman asılılığına son qoyacağına inanırıq.
– Müsahibə üçün çox sağ olun.
Söhbəti yazdı:
Zərifə HÜSEYNOVA
XQ