Müasir dövrdə ölkəmizin artan nüfuzu hər bir ölkə vətəndaşının qarşısında yeni tələblər və vəzifələr qoymaqdadır. İndi dünya arenasında qazanılan uğurların daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi jurnalstika, xüsusən də beynəlxalq jurnalistika sahəsində kadr hazırlığına xüsusi diqqət tələb edir. Xüsusən də tarixi qələbədən sonra bu sahədə aparılan işlərin vüsəti daha da artmış, vaxtı ilə təməli qoyulmuş işlərin daha inamla davam etdirilməsi günümüzün aktual məsələlərindən olmuşdur. Bakı Dövlət Universitetində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasını yaradıldığı vaxtdan keçən 20 il də bunu bir daha təsdiqləyir. Bu barədə kafedranın yaradılmasında böyük zəhməti olan və uzun illər kafedraya rəhbərlik etmiş professor Həmid Vəliyevlə müsahib olduq.
Buyurun Həmid müəllim:
- 1990-cı ildə BDU-da yeni fakültə yaradıldı. Azərbaycan artıq müstəqillik yoluna qədəm qoyurdu və bu sahədə kadrlara ehtiyac meydana çıxmışdı. Fakültə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq adlanırdı. Burada üç ixtisas üzrə təhsil aparılırdı: beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq jurnalistika. Birinci kurs yekunlaşdıqdan sonra fakültədə beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrası yaradıldı. Bu quruma zəngin təcrübəyə və biliyə malik kadr, əvvəllər Bakı şəhər partiya komitəsinin katibi və respublikanın təhsil naziri kimi yüksək vəzifələrdə çalışmış, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli rəhbərlik edirdi. Beynəlxalq jurnalistika şöbəsinə hər il 8-12 nəfər tələbə qəbul edilirdi. Fakültənin ayrıca dillər kafedrasının olması tələbələrin müxtəlif dilləri, o cümlədən Avropa və şərq dillərini mükəmməl öyrənmələrinə şərait yaradırdı. Beynəlxalq jurnalistika şöbəsinin tələbələrinin ingilis, fransız, alman və ərəb dillərini yaxşı bilmələri xarici ölkələrin kütləvi informasiya vasitələrini yaxından izləmələrinə, hətta xaricdə təcrübə keçmələrinə imkan verirdi.
-Beynəlxalq jurnalistika şöbəsinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində yaradılması təsadüf idi, yoxsa...
- Əslində beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin tərkib hissəsidir. Şöbə 1999-cu ilə qədər fəaliyyət göstərdi və bu müddət ərzində həm bakalavr, həm də magistratura səviyyələrində yüksək biliyə, zəngin dünyagörüşünə malik jurnalist kadrlar yetişdirilirdi. Bu kadrlar ən nüfuzlu sahələrdə, o cümlədən Xarici İşlər Nazirliyi sistemində özlərini lazımi səviyyədə göstərə bildilər. XİN-in məsul əməkdaşları Aybəniz Bayramova və Mətin Mirzə, AzərTAc-ın Çin Xalq Respublikasında müxbiri Şahin Cəfərov, AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli və başqaları belə kadrlardandır. AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədri filologiya elmləri doktoru Rövşən Məmmədov, jurnalistika fakültəsinin hazırkı dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, uzun illər BDU mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışmış, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Pərvanə İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova beynəlxalq jurnalist kimi tanınmış kadrlardır. BDU-da fəaliyyət göstərən Rus mədəniyyət mərkəzinin rəhbəri Arzu Məmmədova da kafedramızın üzvüdür. Məqalə hazırlanarkən təkcə kafedramızı və fakültəmizi deyil həm də bütün BDU-nun professor-müəllim heyətini sevindirən xəbər aldıq: Pərvanə İbrahimova Prezident Administrasiyasında məsul vəzifəyə təyinat almış, Vəfa İsgəndərova isə MEDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri təyin edilmişdir.
Yetirmələrimizdən Elnur Niftəliyev “ASAN xidmət” mərkəzinin mətbuat şöbəsinə, Mehman Mehdiyev isə Xəzər Dəniz Gəmiçiliyi idarəsinin mətbuat xidmətinə rəhbərlik edirlər, Vüsalə Əliyeva Repört İnformasiya Agentliyinin Fransada müxbiridir. Uzun illər ANS TV-də fəaliyyət göstərmiş Leyla Tağıyeva doğma kafedranın yubileyini İstanbuldan təbrik edir. Tövhə Zeynalova MSK-da, Natiq Pənahlı “Xəzər” televiziyasında məsul vəzifədə çalışırlar. Məzunlarımızdan Cəsarət Hüseynzadənin, Fatma Hüseynovanın, Süsən Quliyevanın xoş soraqları bizləri də sevindirir.
- Həmid müəllim, deyilənlər də təsdiqləyir ki, beynəlxalq jurnalist kadrlarının hazırlanması vacibdir və xüsusi diqqət yetirilməlidir.
- Əlbəttə, ölkəmizi xaricdə, o cümlədən jurnalistika sahəsində yüksək səviyyədə təmsil edə biləcək kadrlara böyük ehtiyac vardır. Beynəlxalq jurnalistika kafedrası yaradıldıqdan sonra, yəni 20 il ərzində çox böyük işlər görülmüş, jurnalist təhsilinin səviyyəsinin yüksəldilməsinə, professor-müəllim heyətinin tapşırıqların yerinə yetirməsi sahəsində məsuliyyətinin artırılmasına nail olunmuşdur. Kafedranın üzvləri çox sayda dərsliklər, dərs vəsaitləri, metodiki tövsiyələr və proqramlar yaratmışlar. Həm bakalavr, həm də magistratura səviyyələrində proqramlar Elm və Təhsil Nazirliyinin və BDU-nun qrifləri ilə çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim "Xarici ölkələrin jurnalistikası tarixi", "Dünya informasiya agentlikləri", "Beynəlxalq jurnalist təşkilatları", "Mark Tven jurnalist kimi" dərs vəsaitlərim, professor Nəsir Əhmədlinin "Jurnalistin nitq mədəniyyəti", "Con Milton və onun “Aeropagitika” əsəri" dərslikləri, siyasi elmlər doktoru Sabir Məmmədlinin "Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi" və "Avropa Şurası və ATƏT-in media siyasəti” monoqrafiyaları, "Beynəlxalq jurnalistika media sistemində" və "Müstəqil Azərbaycanın mətbuat sistemi: təşəkkülü və inkişafı (1991-2000)” dərs vəsaitləri, dosent İlham Mazanlının "KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi" monoqrafiyası və "Jurnalistika və müasir dövrün qlobal problemləri” dərs vəsaiti, dosent P.İbrahimovanın və filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovanın həmmüəllifliyi ilə çap olunmuş "Jurnalistika” dərsliyi, filologiya elmləri doktoru Vüqar Əliyevin "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" və "Media imperiyası" monoqrafiyaları çap edilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qarşılanmışdır. Siyasi elmlər doktoru, professor Sabir Məmmədlinin son illərdə apardığı tədqiqatlar göstərir ki, dünyanın hər yerində yaşayan türkdilli xalqların müasir jurnalistikasını öyrənmək çox vacibdir.
- Kafedranın xarici ölkələrlə əlaqələri durmadan genişlənir, əməkdaşların və doktorantların elmi işləri həm ölkənin nüfuzlu elmi jurnallarında, həm də xarici ölkələrdə çap edilir.
- Son illərdə Misir Ərəb Respublikasının və ABŞ-ın Azərbaycandakı səfirlikləri ilə diqqətəlayiq əlaqələr yaradılmışdır. Misirin məşhur "Əl-Əxbar" qəzetinin baş redaktorunun müavini tələbələrimizə Misir mətbuatı haqqında mühazirə oxumuş, səfirliyin Bakıdakı mədəniyyət mərkəzi jurnalistika fakültəsinin müəllimləri və tələbələri üçün ərəb dilini öyrədən kurslar təşkil etmişdir. Türkiyə universitetlərinin jurnalistika fakültələri ilə sıx əlaqələrin yaradılması qarşılıqlı səfərlərin təşkilinə imkan vermişdir. Kafedranın doktorantları Azərbaycan-Türkiyə münasibətləri sahəsində elmi-tədqiqat işləri aparmaqdadırlar.
Beynəlxalq təşkilatlarla yaxşı əlaqələr qurulmuşdur. UNICEF-in xətti ilə kafedranın üç əməkdaşı Rumıniyada və İrlandiyada elmi konfranslarda olmuş və bunun nəticəsi kimi "Uşaq hüquqları və jurnalistika" bizdə də tədris olunmağa başlamışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə əlaqələr yaratmağımız, fakültədə yeni fənnin - "Beynəlxalq humanitar hüquq və jurnalistika" fənninin tədris olunmasına şərait yaratmışdır. Qazaxıstanla münasibətlər yarada bilmişik. 2018-ci ildə Qumilyov adına Yeni Avrasiya Universitetinin jurnalistika və politologiya kafedrasının müdiri Ayazbi Beysenkulov kafedramızda olmuş və təcrübəmizi öyrənmişdir. 2018-2019-cu dərs ilinin birinci yarısında 8 nəfər qazaxıstanlı magistr tələbə müəllimlərimizin mühazirələrini dinləmişlər. Bu, tələbə mübadiləsi üçün zəmin yaratmışdır. Heç təsadüfi deyildir ki, cari dərs ilinin əvvəlində Qazaxıstanlı Aliyə Abışova kafedramızın 1-ci kurs magistrantları sırasına qəbul edilmişdir. Hər il magistratura şöbəsinə Çin Xalq Respublikasından gəlmiş 3-4 nəfər çinli tələbə daxil olur. Onların dissertasiya işləri əsasən mətbuatda Azərbaycan-Çin münasibətlərinə həsr edilir.
- Kafedranın bu günü haqqında nə deyərdiniz?
- Yeni yaradılanda cəmi beş nəfəri birləşdirən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının hazırda on bir üzvü var. Son 20 ildə kafedranın 3 üzvünün elmlər doktoru, 7 nəfərin fəlsəfə doktoru elmi adına yiyələnməsi, 13 nəfər doktorantın hazırlıq işlərinin davam etdirilməsi kafedrada güclü elmi potensialın formalaşmasından xəbər verir. Bu həm də beynəlxalq aləmdə jurnalist kadrlara olan ehtiyacın və ölkəmizin yüksələn nüfuzunun göstəricilərindən sayıla bilər.
- Çox sağ olun, doğrudan da Azərbaycanın bu günkü uğurlarını dünyaya tanıdan jurnalist kadrlara böyük ehtiyac var.
Müsahibəni hazırladı:
Namiq Qədimoğlu
XQ