“Hər sözüm bir pəhləvandır…”

post-img

Füzuli – 530

Məlum olduğu kimi, Prezidenti İlham Əliyev ötən ayın 25-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə göstərilir ki, Füzuli Azərbaycan bədii fikrinin inkişafında müstəsna yer tutan, Şərq ölkələri ədəbiyyatına güclü təsir göstərən qüdrətli sənətkardır və onun yubileyinin keçirilməsi şairin bədii-fəlsəfi irsini layiqincə dəyərləndirmək amalına xidmət edəcək.

Mövzu ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevlə müsahibəni təqdim edirik.

– Tərlan müəllim, sözügedən sərəncamda da  qeyd olunduğu kimi, Füzulinin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətdir. Öncə sərəncama   münasibətiniz bildirərdiniz.    

– Azərbaycan xalqı cənab Prezidentimizin və müstəqil dövlətimizin sayəsində son illər bir çox uğurlara imza atıb. Bu illərdə dövlət başçımızın mədəniyyət sahəsində imzaladığı bir sıra fərman və sərəncamlar da ürəyimizdəndir. Belə ki, onun bir neçə il bundan qabaq Nəsimi və Nizami ilə bağlı sərəncamları, bu şairlərin həyat və yaradıcılıqlarını öyrənmək, təbliğ etmək, onların əsərlərindən alınan mənəvi dəyərləri bütün dünyaya tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. 2024-cü ilin əvvəlində isə Füzulinin yubileyi barədə sərəncam verilməsi bütün xalqımız kimi, eyni zamanda, ziyalılara, alimlərimizə daha xoş təəssürat bağışlayır. Çünki bu sərəncamdan irəli gələn tədbirlər əsasında, biz, xalqımızın böyük şairi Məhəmməd Füzuli (1494–1556) yaradıcılığı ilə bir daha tanış olacaq, onun əsərlərini öyrənəcək və Füzuli sənətini istər gənc nəslə, istərsə də bütün dünyaya bir daha tanıdacağıq. Füzulinin isə bir şair kimi buna haqqı vardır.

Məhəmməd Füzuli Azərbaycan xalqının yetişdirdiyi elə dahi şairlərdəndir ki, onun əsərlərini daima öyrənmək və təbliğ etmək lazımdır. Təsadüfi deyil ki, hələ ingilis şərqşünası Gibb Füzulini Şərq şeirinin günəşi adlandırmışdır.  Füzuli, həqiqətən də, ümumiyyətlə, bütövlükdə Şərq şeirində, xüsusilə də türk xalqları ədəbiyyatı tarixində, türk dilində yazıb-yaradan sənətkarlar içərisində müstəsna yer tutur. Məlumdur ki, Məhəmməd Füzuli bizim 3 dildə yazıb-yaradan sənətkarlarımızdandır. O, ana dili ilə bərabər, ərəb və fars dillərində də gözəl əsərlər yazmış, Azərbaycan dilində olduğu kimi, fars dilində də divan bağlamışdır. Bu, bir daha Azərbaycan şairlərinin, hətta, orta əsrlərdə belə, yüksək savada, intellektə, mənəvi dəyərlərə və tolerantlığa sahib olduğunu göstərir. 

– Siz əruz vəzninin, qəzəl janrının mahir bilicisi kimi, sevgi və digər insani hisslərin ən gözəl tərənnümçüsü saydığınız Füzulinin şərhi və dərki ilə bağlı nə deyə bilərsiniz?

– Füzuli Azərbaycan şeirinin zirvəsidir. Belə ki, onun qələmə aldığı əsərlər öz lirik ovqatıyla 500 ildən artıqdır ki, könülləri fəth edir. Başqa sözlə desək, onun əsərləri ilə tanış olarkən, insan hisslərinin, mənəvi dəyərlərinin, yüksək əxlaqi keyfiyyətlərinin heç birinin bu əsərlərdən kənarda qalmadığını görürsən. Füzulinin əsərlərini sevdirən ən mühüm cəhətlərdən biri də məhz onun yüksək əxlaqi keyfiyyətə malik olmasıdır. Belə ki, insanın daxili aləmini dərindən duyan, bilən və tərənnüm edən şair, bunları yazarkən heç bir mənəvi qüsura yol verməmiş və bununla da öz əsərlərinin əxlaqi dəyərlərinin daima yüksək səviyyədə qalmasına çalışmışdır. Əslində orta əsrlər elmi təfəkkürü ilə yanaşsaq, həqiqətə çatmaq yolunda yürüyən şair, şəriət, təriqət, mərifət, həqiqət mərhələlərində demək olar ki,  sona qədər yüksəlmişdir. 

Füzuli öz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri ilə də seçilən şairdir. Füzuliyə qədər ədəbiyyat tariximizdə təqribən 300 illik bir dövr yaşayan qəzəl janrı, Füzuli yaradıcılığında demək olar ki, tam formalaşır. Füzuli öz qəzəlləri ilə bütün türkdilli xalqlar ədəbiyyatı tarixində müstəsna yer tutmaqla bərabər, eyni zamanda, qəzəl janrının bir janr kimi farsdilli ədəbiyyatdan, Hafiz və Sədi yaradıcılıqlarındakı qəzəllərdən heç də geridə qalmadığını sübut edir. Füzuli, eyni zamanda, digər janrların da Azərbaycan ədəbiyyatı tarixində, lirik şeirimizin  ovqatının müəyyənləşməsində mühüm rol oynayır. Belə ki, onun qələminə məxsus tərkibbənd, mürəbbe, müxəmməs, müsəddəs, rübayi və s. janrların və nəhayət, məsnəvi janrının, “Leyli və Məcnun” poemasının mövcudluğu dediklərimizə sübutdur. Füzuli öz “Leyli və Məcnun” əsəri ilə bu nakam məhəbbət dastanına, ölməz mövzuya elə bir abidə qoymuşdur ki, üstündən 500 il keçməsinə baxmayaraq, bu məhəbbət abidəsi onu mütaliə edənlərin qəlbini bu gün də riqqətə gətirir. Təsadüfi deyil ki, akademik Kraçkovski təqribən belə demişdir: “Qərb “Leyli və Məcnun” əsərini tanımayana qədər nakam məhəbbət mövzusunda ən böyük əsərin “Romeo və Cülyetta” olduğunu güman edirdi. Amma “Leyli və Məcnun”la tanış olduqdan sonra Şərqdə də belə bir mövzunun olduğunu bildi”. Füzulinin “Leyli və Məcnun”unun poetik və fəlsəfi keyfiyyəti ondan ibarətdir ki, Füzuli zahirən bu əsərdə eşq hekayəsindən danışsa da, poemanın alt qatlarında irfani mətləblərə toxunaraq, eşqin irfani məzmununu açır. Bununla da həm eşqdən danışaraq, həm də orta əsrlər Şərq fəlsəfi düşüncəsinə sadiq qalıb eşqin həqiqi məzmununu, mahiyyətini tərənnüm edir. 

– Professor, siz “Azərbaycan şeirinin qədim dövrü”, “Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)” adlı məqalələrin müəllifi, həmçinin Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rolu, o cümlədən, bu şairlərin poeziyası arasında olan fərqləri, əruz və muğam məsələlərini maraqlı şəkildə araşdıran alimsiniz. Əkrəm Cəfərin Füzuli haqqında “Yandım avazeyi eşqinlə sənin” monoqrafiyasının da elmi redaktorusunuz. Füzuli və ana dilimiz barədə nə deyərdiniz?

– Anadilli şeirimizin zirvəsi olan Füzuli həm də XVI əsr Azərbaycan ədəbi dilinin zirvəsidir. Azərbaycan dilinin tarixi olduqca qədim və zəngindir. Amma Füzuli elə böyük sənətkardır ki, o Azərbaycan dilinin, Azərbaycan türkcəsinin potensialından ən maksimum dərəcədə istifadə etməyi bacarmış, bu dilin şəhdini, şəkərini, imkanlarını bütün dünyaya, o cümlədən, bilavasitə türkdilli xalqlara nümayiş etdirmişdir. Məhz bu incəliyi duymağı və onu qələmə ala bilmək istedadının nəticəsidir ki, Füzuli 530 ildir ki, sevilir və oxunur. Füzuli yaradıcılığı meydana çıxan gündən ətrafındakıları sehirləmiş, onları öz cazibəsi altında saxlamağı bacarmışdır. Bu mənada, təsadüfi deyil ki, onun əsərləri öyrənilir və araşdırılır. 

– Bir  qədər də Füzuli irsinin müasir elmi-metodoloji baxımdan öyrənilməsinin tarixi barədə...

– Əslində, bu, o qədər də qədim tarix deyil. Belə ki, Füzuli irsinin öyrənilməsinin əsasları təqribən ötən əsrin 40–50-ci illərindən başlamış və bu tədqiqatların əsasını XX əsr Azərbaycan ədəbiyyatşünaslıq tarixində görkəmli yer tutan iki böyük alim, akademik Həmid Araslı və professor Mir Cəlal Paşayev qoymuşlar. Belə ki, professor Mir Cəlal Paşayev hələ 1940-cı ildə Füzuli sənətkarlığı haqqında  tədqiqat qələmə almış, 1958-ci ildə isə bu tədqiqatı bir daha genişləndirərək, onu “Füzuli sənətkarlığı”  adı altında nəşr etdirmişdir. Bununla da o, Azərbaycan ədəbiyyatşünaslığı tarixində, Azərbaycan füzulişünaslığında poetika məktəbinin əsasını qoymuş, Füzuli sənətkarlığının öyrənilməsi istiqamətinə rəvac vermişdir. Akademik Həmid Araslı isə ilk dəfə, 1944-cü ildə Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnini hazırlamış və ­1958-ci ildə bu “Divan”ı təkrar nəşr etdirmişdir. Beləliklə, Füzulinin anadan olmasının 400 illiyi münasibətilə keçən dövrdən günümüzə qədər füzulişünaslıq böyük bir inkişaf yolu keçmiş, bu illər ərzində Füzuli yaradıcılığı haqqında qiymətli əsərlər, monoqrafiyalar çap olunmuşdur. Və budur, bu günlərdə cənab Prezidentimiz Füzulinin 530 illiyi ilə bağlı yenidən sərəncam vermiş, bu böyük şairin irsinin öyrənilməsi, təbliği, təşviqi sahəsinə öz qayğısını göstərmişdir. 

– Maraqlı müsahibə üçün təşəkkür edirik. 

Əli NƏCƏFXANLI 
XQ

 



Müsahibə