Məktəblilər ən yaxşı nağıllarımızdan bəhrələnməlidir

post-img

Təcrübəli naşir bu sahədəki noqsanların ictimailəşdirilməsini arzu edir  

Tanınmış şair-publisist, naşir Hidayət Musabəyli həyatını sözə, kitaba, onun nəşrinə və təbliğinə həsr edən ziyalılarımızdandır. Xeyli vaxtdır ki, qurub-yaratdığı “Nərgiz” Poliqrafiya-Nəşriyyat Mərkəzinə rəhbərlik edir. Burada yüzlərlə bir-birindən məzmunlu, nəfis tərtibatlı, dəyərli kitablar nəşr olunub.

Təcrübəli naşir etiraf edir ki, 30 il əvvəl “Nərgiz”i açanda onun məramı, ilk növbədə uşaq ədəbiyyatını və folklor nümunələrini nəşr edərək yaymaq olub. Bu günlərdə Hidayət Musabəyli redaksiyamıza təşrif buyurmuşdu. Onunla söhbətimiz son illər uşaqlar üçün nəzərdə tutulan ədəbi-bədii nəşrlərin, xüsusilə nağılların məzmunu, keyfiyyəti və uşaqlarımızın mənəvi-psixoloji tərbiyəsində rolu barədə oldu. Müsahibədən bəzi məqamları oxucuların diqqətinə çatdırırıq. 

– Hidayət müəllim, bugünkü yaşlı nəsil, yəni nənə və babalar, elə siz də, bu müsahibəni qələmə alan iki tərcübəli jurnalist olaraq biz də, uşaq yaşlarımızda nağıl qəhrəmanlarımızın gözü ilə dünyaya baxmışıq, özümüzü onların yerində hiss edərək həyatda sadə, mərd, xeyirxah, ən başlıcası, vətənpərvər olmaq arzusu ilə böyümüşük. Hazırda bu sahədə vəziyyət necədir? Körpələrimizə belə nəşrlər təqdim edə bilirikmi? 

– Əvvəla, onu qeyd edim ki, məktəbi, milli təhsili ədəbiyyatımızdan və folklarumuzdan ayrı təsəvvür etmək qeyri-mümkündür. Uşaq dünyası əslində elə nağıl dünyasıdır. Onların həyata baxışları əsasən istər xalq nağıllarının, istərsə də klassik yazıçıların yaratdığı nağıl və hekayələrin təsiri ilə formalaşır. Əlbəttə, televiziya və sosial şəbəkələr də artıq birbaşa və dolayısı ilə öz təsirini göstərir. Bəzən bu təsir heç də müsbət olmur. Lakin bu ayrı mövzunun söhbətidir.   

Azərbaycan dövləti bu mühüm məsələni heç vaxt diqqətdən kənarda qoymayıb. Ulu öndər Heydər Əliyev uşaq, yeniyetmə və gənclərimizin milli ruhda böyümələrinə böyük önəm verirdi. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi birinci dönəmdə (1969-1982-ci illər) ümumtəhsil məktəblərinin kitabxana fondunda uşaq ədəbiyyətı nəşrlərinin sayı ikiqat artmışdı. Keçən əsrin 80-ci illərinin əvvələrində məktəblərin kitabxanalarında 16 milyondan çox kitab vardı. Onların arasında uşaq ədəbiyyatı və nağıllarımızdan nümunələr böyük üstünlük təşkil edirdi.  

Xoşbəxtlikdən, bu müdrik siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı ilə son illər ərzində 50 cilddən ibarət “Dünya uşaq ədəbiyyatı” nümunələri hər biri 25 min tirajla nəşr olunub. Bu seriyadan ümumi dəyəri 8 milyon manatdan artıq olan uşaq ədəbiyyatı əvəvzsiz olaraq hədiyyə kimi məktəb kitabxanaları şəbəkəsinə göndərilib. Heç bir MDB ölkəsində, hətta yaxın və uzaq ölkələrdə dövlət tərəfindən belə yüksək xeyirxah addım atılmayıb. 

Təəssüf ki, son vaxtlar bir çox əlaqədar qurumların rəhbərləri məktəb kitabxanalarının kitab fondlarının, həqiqətən, faydalı uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsinə fikir vermirlər. Xüsusilə son dövrdə paytaxtın, eləcə də digər şəhər və rayonların kitab mağazalarında uşaq ədəbiyyatı və nağıllarının toplandığı kitab və broşurların keyfiyyətinə, xüsusilə də onların məzmununa lazımi diqqət yetirmirlər. 

Bundan başqa, tam məsuliyyətlə deyə bilərəm ki, hazırda uşaq nağıllarının nəşri, təbliği və tədrisi sahəsində bir nizamsızlıq hökm sürür. Fikrimi izah etmək üçün, icazənizlə, yaxın keçmişə ekskurs etməyə lüzum görürəm. 

– Buyurun, sizi dinləyirik...

– Yəqin ki, xatırlayırsınız, 1970-1980-cı illərdə Kiril əlifbası ilə çap olunmuş kitablardan ibarət zəngin məktəb kitabxanaları formalaşmışdı. Uşaqların “Məlikməmməd”, “Göyçək Fatma”, “Tənbəl Əhmədin nağılı” və digər nağıllarımızla ilk “ünsiyyəti və dostluğu” elə orta məktəbin ibtidai siniflərindən başlayırdı. 

Uşaqlar böyüdükcə müəllimlərin və kitabxanaçıların tövsiyəsi ilə görkəmli ədiblərimizin uşaqlar üçün qələmə aldıqları əsərləri böyük həvəslə oxuyardılar. Onlar Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Saqqallı uşaq”, “Quzu”, Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin, Abdulla Şaiqin və digər görkəmli ədiblərin uşaqlar üçün yazdıqları gözəl bədii nümunələri oxumaqdan doymazdılar. Təkcə bunları deyil, eləcə də Firudin bəy Köçərli, Mikayıl Rzaquluzadə, Teymur Elçin və başqa tanınmış yazıçı və şairlərin əsərlərini həvəslə mütaliə edərdilər. 
İndi isə...Təəssüf ki, əksər pedaqoqlar bu sahədə yaranmış gözəl ənənələri davam və inkişaf etdirmək əvəzinə, bunu özləri üçün əlavə yük və başağrısı hesab edirlər. Bu laqeydlikdən itirən təkcə sabahımız olan gənc nəsil deyil, həm də bütün cəmiyyət olur. İndi hər ikinizdən bir xahişim var. Zəhmət olmasa, əlimdə tutduğum bu rəngli kitabçanı alıb sadəcə vərəqləyin (rəngli kitabçanı bizə uzadır). Buyurun. 

– Bəli, “Dovşancığazın koması” adlanır. İçərisində də 5 nağıl var...

– Düzdür, burada 5 nağıl yer alıb: “Dovşancığazın koması”, “Qanadlıdır, xovludur və yağlıdır”, “Qətrana boyanmış buzov”, “Pişiyin evi”, nəhayət “Tülkü və canavar”. 

Bunların beşi də rus xalq nağılıdır. Başqa xalqların nağılları ilə tanış olmağın heç bir zərəri yoxdur. Amma bu kitabçadakı nağıllar həm çox mənasızdır, həm də Azərbaycan dilinə olduqca pis tərcümə edilib. Bu nəşrin səhifələrində onlarla üslub səhvi var.  
Üstəlik, bu rəngli kitabçanın nə titulu, nə də son səhifələrində onların harada, kim tərəfindən və hansı tirajla nəşr olunduğu barədə bir kəlmə də olsun məlumat verilmir. Heç kitabın redaktoru və tərcüməçinin də adları və soyadları göstərilməyib. Burada kitab nəşri və ticarəti ilə bağlı qanunlar kobud şəkildə pozulub.  

Belələrini, təbii ki, qanunla ciddi surətdə cəzalandırmaq lazımdır. Amma reallıqda nə baş verir? O baş verir ki, hazırda şəhər və rayon mərkəzlərindəki kitab mağazaları belə “atası-anası bəlli olmayan bic kitablar”la doludur. Belə saxta, mənasız kitablar hansısa yollarla məktəb kitabxanalarına da yol tapır.  Belə nəşrlərin uşaqlarımızın mənəvi dünyasına vurduğu ağlasığmaz zərəri təsəvvür etmək çətin deyil. Bircə onu deyə bilərəm ki, belə şeyləri görəndə bir naşir kimi başımdan tüstü çıxır. 

– Hidayət müəllim, bu gün təhsildən söz düşəndə çoxları deyir ki, bu sahədə problemlər var, çox işlər görülməlidir. Siz də deyirsiniz ki, folklorumuzu, mənəvi tariximizi uşaqlara öyrətmək üçün hərəkətə keçməliyik. Siz özünüz necə, bir təcrübəli naşir kimi, bu istiqamətdə faydalı bir iş görə bilmisinizmi? 

– Yaxşı sual verdiniz. Bu sualı sizdən gözləyirdim. Qeyd edim ki, “Nərgiz” Nəşriyayt Poliqrafiya Mərkəzi bu istiqamətdə kifayət qədər məhsuldar fəaliyyət göstərmişdir. “Nərgiz”in nəzdində Redaksiya-Nəşriyayt Şurası yaradılıb. Bu komissiyaya son günlərə qədər bu yaxınlarda dünyasını dəyişmiş mərhum professor Nizaməddin Şəmsizadə başçılıq edirdi. Əməkdar incəsənət xadimi, rəssam Arif Əzizov, uşaq ədəbiyyatı sahəsində tanınmış professorlar Qara Namazov, Zahid Xəlil, Əjdər Ağayev, Vidadi Xəlilov, şair-publisist Rəşad Məcid komissiyanın üzvləridir. Mən komissiyanın katibiyəm. 

Komissiya öz fəaliyyətini uğurla davam etdirir. Fəxrlə qeyd etmək istərdim ki, komissiya, həqiqətən, formal fəaliyyət göstərməyib, əksinə, real işlər görüb. Məktəblilərin yaş xüsusiyyətlərini nəzərə alaraq 10 adda uşaq ədəbiyyatı, eləcə də “Azərbaycan nağılları” seriyasından 12 adda nağıl kitabları nəşr etmişik. Bundan başqa, “Nərgiz”də “Sənin maraq dünyan” seriyasından yeniyetmə və gənclər üçün “Ensiklopedik məlumat kitabı” da işıq üzü görüb. 

“Məktəblinin kitabxanası” seriyasından isə görkəmli ədib İlyas Əfəndiyevin “Apardı sellər Saranı” hekayəsini, tanınmış şair və yazıçılar Əlirza Xələflinin “Bir Xələfli var imiş” poemasını, Vəfa Rəşidqızının “İbn Sina sevgisini soraqlayır” və Solmaz Muxtarovanın “Yaşıl dünyanın nağılı” esse-hekayələrini nəşr edərək oxucuların ixtiyarına vermişik.

– “Nərgiz”in nəşr etdiyi bu nağıl kitablarını niyə məktəb kitabxanalarına təqdim etmirsiniz?   

– Siz bir naşir kimi mənim ən yaralı yerimə toxundunuz. Bizim ana dilimizin bütün norma və qaydalarına əməl etməklə, alim və pedaqoqların iştirakı ilə araya-ərsəyə gətirdiyimiz kitabları ümumtəhsil məktəblərinin kitabxanalarına qəbul etmirlər. Halbuki, vaxtilə  nazirliyin müvafiq qurumları ilə “Nərgiz” nəşriyyatı arasında bu sahədə birgə fəaliyyət proqramı imzalanmışdı. Həmin sənədə əsasən, bizim tərəfimizdən yuxarıda göstərdiyim kimi, onlarla dəyərli nəşr ortaya qoyulmuşdur.   

Ümid etmək istərdim ki, Təhsil Nazirliyi bizim bu sahədəki fəaliyyətimizə diqqət yetirəcək. Bunu, ilk növbədə, yetişməkdə olan nəslin maraqları tələb edir.    

Paşa ƏMİRCANOV,
Məsaim ABDULLAYEV
XQ 



Müsahibə