“Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Musiqişünas, publisist Səadət Qarabağlı 40 ildən çoxdur ki, dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini yorulmaq bilmədən araşdırır. Bu səbəbdən Səadət xanım ölkəmizdə üzeyirbəyşünas kimi tanınır. Elmi-publisistik yaradıcılığını Üzeyir Hacıbəyliyə həsr etmiş Səadət Qarabağlı uzun illər dahi bəstəkarın ev-muzeyinə rəhbərlik edib, sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi hissə müdiri olub.
Onunla BDU-nun jurnalistika fakültəsində (qiyabi) tələbə yoldaşı olmuşuq. Səmimi, mehriban bir qız idi. Anası Ulduzə Haqverdiyeva da jurnalistdir, AJB-də və “Müxbir” jurnalında işləyirdi. Səadət universitetə qədər Musiqi Texnikumunun fortepiano fakültəsini, özü də fərqlənmə diplomu ilə bitirmişdi. Üzeyir Hacıbəylinin ev-muzeyində işləyirdi. Onunla bağlı 800-dən artıq yazısı, 10-dan çox kitabı çıxıb. “Üzeyir Hacıbəyov” Ensiklopediyasının müəlliflərindən biridir. Yubiley ərəfəsində söhbətimiz zamanı dedi:
– Prezident İlham Əliyevin Şərqdə ilk operanın yaradıcısı, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə sərəncam imzalaması dövlət başçısının onun ölməz irsinə verdiyi çox yüksək dəyərdir. Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir bəy Hacıbəylinin yubileyləri həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra yüksək səviyyədə keçirilib. Hətta 100 illiyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə bəstəkarın 110 illik yubileyi günlərində hər il sentyabr ayının 18-də “Üzeyir Musiqi Günü”nün təsis edilməsi haqqında xüsusi fərman imzalamışdır. 140 illik yubileyini qeyd edəcəyimiz dünya şöhrətli bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verir, gənclərimizin vətənpərvərlik ruhunda yetişmələrində önəmli rol oynayır.
Yeri gəlmişkən onu da qeyd edim ki, sözügedən fərmanda məhz “Üzeyir Musiqi Günü” yazılıb. Təəssüf ki, media işçiləri, bəzi musiqişünaslar, səlahiyyətli şəxslər bu günün adını təhrif edərək “Milli Musiqi Günü” deyir və yazırlar.
– Səadət xanım, demək olar ki, həyatınızı bütünlüklə Üzeyir Hacıbəyli irsinə həsr etmisiniz. Bu bağlantı haradandır?
– Mənim Üzeyir bəy Hacıbəyli ilə qeyri-adi, fikrimcə, müqəddəs bir bağlantım var. Əvvəla, bizim Üzeyir bəygillə qohumluğumuz mövcuddur. Köklü şuşalılar hamısı bir-birilərinə qohumdurlar. İkincisi, heç özüm də bilmədən uşaqlıqdan Üzeyir bəyə bağlanmışam. Anam mənə xalq musiqilərimizlə yanaşı, Üzeyir bəyin əsərlərinin sədaları ilə layla çalardı. Bax, bu gözəl, ruh oxşayan musiqilərlə böyümüşəm. İlk dəfə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində imtahanı məndən Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyovun oğlu, məktəbin direktoru, bəstəkar Nazim Əliverdibəyov götürmüşdü... Üzeyir bəyin tələbəsi, məşhur caz ustası Vaqif Mustafazadənin anası Zivər Əliyeva da mənə dərs deyib. Bir ildən sonra atamın işi ilə bağlı (o, hüquq-mühafizə orqanlarında çalışırdı) biz Füzuli rayonuna köçməli olduq. Füzulidə yenə Üzeyir bəyin tələbəsi, bəstəkar, məşhur “Naxçıvan” mahnısının müəllifi Məmməd Cavadovdan dərs almışam.
Nəhayət, tale məni 1979-cu ildə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə gətirdi. Ora məqalə yazmaq məqsədi ilə getmişdim. Muzeyin direktoru Ramazan Xəlilov Üzeyir bəyin baldızı oğlu idi, həm də uzun illər onun şəxsi katibi olmuşdu. Mənim suallarımı Ramazan bəy həvəslə və ətraflı cavablandırdı. Söhbətimizin sonunda isə məni muzeydə işləməyə dəvət elədi. Böyük məmnuniyyətlə razılaşdım. Bundan sonra düz 25 il 5 ay həmin ev-muzeyində işlədim... Üzeyir bəy Hacıbəyliyə olan bağlılığım bu günə qədər davam edir və ömürlükdür.
– Demək olar ki, yarım əsr olar, Üzeyir bəyin irsinin təbliği ilə məşğulsunuz. Bu illər ərzində qəzet və jurnallarda, eləcə də saytlarda yüzlərlə məqaləniz dərc edilib, radio və televiziya kanallarında çoxsaylı müsahibələriniz olub, xaricdə, o cümlədən Türkiyənin İstanbul şəhərində Üzeyir bəyin həyat və fəaliyyəti ilə bağlı xeyli məruzə və çıxışlar etmisiniz. Kitablarınız da var. Bu barədə də danışardınız.
– Üzeyir bəyin “Arazbarı” simfonik əsərini, “Aşıqsayağı” triosunu (hər ikisinin redaktoru mərhum bəstəkar, Üzeyir bəyin əmisinin nəticəsi İsmayıl Hacıbəyovdur) partituralarını nəşr etdirmişəm. “Şöhrət tacı” (Ramazan Xəlilovla birlikdə), “Üzeyirbaycan” adlı şeirlər və poemalar toplusu, “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” (l, ll, lll nəşrlər), “Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” (Tahir Aydınoğlu ilə) kitablarını, “Ustadı xatırlarkən...” SD diskini (Gülbəniz Hüseynli ilə) ərsəyə gətirmişəm. “Üzeyir Hacıbəyov” Ensiklopediyasının hazırlayanlardanam. Əlbəttə, Hacıbəyli irsi ilə yanaşı, başqa yaradıcılıq işlərim də var.
– Üzeyir bəyə ermənilərin təzyiqləri, maneçilikləri barədə də çox yazmısınız...
– Böyük bəstəkara nankor qonşularımız tərəfindən hər zaman təzyiqlər olub. Çünki qaragüruh qövm onun dahiliyini həzm edə bilmirdi. Hər vəchlə onu aradan götürməyə çalışırdılar. Hələ 1905-cü ildə Ü. Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra dərs dediyi Hadrut kəndində yaşayan ermənilər ona qəsd etmək istəyiblər. Bundan duyuq düşən kəndin azərbaycanlı sakinləri Üzeyir bəyi gecə ikən at belində Yevlaxa apararaq onu qatarla Bakıya yola salıblar. Bakıda çalışdığı dönəmlərdə də ermənilər Üzeyir bəyə sui-qəsd etmək istəyiblər. Hətta 1918-ci il hadisələri zamanı dahi bəstəkarın evi (hazırkı ev-muzeyinin binası) hay quldurları tərəfindən gülləbaran edilib. Xoşbəxtlikdən Üzeyir bəyə xətər toxunmayıb. Gözəgörünməz müqəddəs əl, eləcə də Nəriman Nərimanov, Mir Cəfər Bağırov onu hər türlü bəlalardan qoruyublar.
Amma 1939-cu ildə erməni musiqiçilərinin SSRİ xarici işlər naziri Molotovun adına göndərdikləri şər və böhtan dolu teleqram incə qəlbli, həssas duyğulu sənətkarın səhhətinə hədsiz dərəcədə pis təsir edib. Bu azmış kimi, Osipyan soyadlı erməni həkim Üzeyir bəyi müalicə etməyə təhkim edilib. O da bilərəkdən düzgün diaqnoz qoymadan insulin iynəsi təyin edib və ciddi pəhriz saxlamağı “məsləhət” görüb. Bunun nəticəsində Üzeyir bəy bir ayda 18 kilo çəki itirib, orqanizmi zəifləyib və ürəktutmaları başlayıb. Bunu görən Azərbaycanın dövlət və hökumət rəhbərləri Üzeyir bəyi müalicə üçün Yessentukiyə, sonra Moskvaya göndəriblər. Stalinin göstərişi ilə Üzeyir bəy Kreml xəstəxanasına yerləşdirilib, orada da müayinə edilib və müalicə alıb. Lakin bütün bunların heç bir xeyri olmayıb. Çünki oradakı həkimlərin də təsdiq etdikləri kimi, dahi bəstəkarımız Bakıda erməni həkim tərəfindən düzgün müalicə olunmamışdı. Bu da unudulmaz sənətkarımızın 63 yaşında dünyasını dəyişməsinə səbəb olub. Yəni, erməni xisləti öz işini görüb. Mən bütün bunlar barədə ürək ağrısı ilə yazmışam.
– Sənətsevərlər sizi həm də Üzeyir bəyin mənəvi qızı adlandırırlar. Bunu sizə verilən dəyər kimi qiymətləndirmək olarmı?
– Bu, sənətsevərlərimizin, ziyalılarımızın mənə verdikləri çox böyük dəyərdir. Tam səmimi deyirəm, Üzeyir bəyin mənəvi qızı adlandırılmağım mənim üçün həm böyük şərəfdir, həm də bütün fəxri adlardan, elmi dərəcələrdən və titullardan qiymətlidir. Buna görə Allahıma və bu ada məni layiq bilənlərə minnətdaram. Ömrümün sonuna kimi bu şərəfli adı qoruyub saxlamağa çalışacağam.
– Qarşıdan gələn yubileyə töhfəniz olacaqmı?
– Sənət dühamızın həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən daha bir kitab çap etdirmək niyyətindəyəm.
P.S: Səadət xanımın ulu babası Mirzə Haqverdi Məşədi Ocaqverdi oğlu Qarabağın sonuncu hakimi Mehdiqulu xanın mirzəsi olub. Xan Mirzə Haqverdi Qarabağiyə Ağcabədidə kənd bağışlayıb. Bu kənd indi Haqverdi Mirzə adı ilə tanınır. Amma Mirzə Haqverdi bir olaya görə inciyərək sarayı tərk edib. Əhvalat belə olub: bir gün o, sarayda oradakı uşaqlar mirzəlik otağına girir, qələmi ilə oynayaraq onu sındırırlar. Mirzə saraya gələndə qələminin sındığını görür, bundan çox kədərlənir və saraydan birdəfəlik üz döndərir. Mehdiqulu xan dəfələrlə onun yanına minnətə adam göndərsə də, Mirzə Haqverdi Qarabaği bir daha saraya dönmür. Deyir ki, qələmimə hörmət olmayan yerdə mənim işim yoxdur! Bundan sonra bir daha saraya ayaq basmır.
Onun kötükcəsi Səadət Qarabağlı da sənətin, qələmin qədrini bilən müəllifdir. Ev-muzeyinə direktorluqdan başqa muzeyə keçirilməsi barədə təklifdən imtina edərək həmin işdən çıxıb. Hazırda təqaüddə olsa da, eyni həvəslə Üzeyirbəyşünaslığını davam etdirir.
Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ