Heydər Əliyevin dərsləri bizi diqqətli və daha məsuliyyətli olmağa səfərbər edirdi

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə.

IV SÖHBƏT 

− Hidayət müəllim, ötən söhbəti­mizdə Heydər Əliyevin Rusiya ilə mü­nasibətləri yaxşılaşdırmasından və bununla şimal qapılarımızın təhlükə­sizliyinin təmin olunmasından söhbət açdınız. Amma həmin illərdə Rusiya yenidən öz silahlı qüvvələrini Azər­baycana yerləşdirmək üçün Bakıya ciddi təzyiq göstərirdi. Heydər Əliyev buna necə reaksiya verirdi?

− Çox maraqlı və vacib bir məsələyə toxundunuz. Çünki bu mövzu indi çox az-az gündəmə gəlir, amma çox mühüm bir məsələdir. Heydər Əliyev hakimiy­yətə qayıdandan sonra da Rusiya uzun müddət öz iddialarından əl çəkmirdi və bütün vasitələrlə çalışırdı ki, heç olmasa sərhədlərin qorunması adı ilə öz hərbi hissələrini yenidən Azərbaycana yerləş­dirsin. Heydər Əliyevin tarixi zəfəri onda oldu ki, buna imkan vermədi. Mən ilk günlərdən bu işlərin içində olmuşam və bilirəm ki, Rusiyanın o zamankı hakimiy­yəti Heydər Əliyevə bununla bağlı hansı təzyiqləri göstərirdi. Elə mən deyərdim ki, Heydər Əliyevin Rusiya Federasiyası­na rəsmi dövlət səfərinin 1997-ci ilə qə­dər uzanmasının əsas səbəblərdən biri məhz bu idi... 

Etiraf etmək lazımdır ki, Xalq Cəbhəsinın Azərbaycan qarşısında yeganə xidməti Sovet – Rusiya ordu hissələrinin Azərbaycandan çıxarılması idi. Amma o da tarixin qızıl faktıdır ki, 1992-ci ilin avqust ayında Naxçıvan Muxtar Res­publikası Ali Sovetinin Sədri Heydər Əliyevin Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələ­rinin komandanlığı ilə apardığı danışıq­lar nəticəsində 75-ci motoatıcı diviziya ləğv edilmişdi. Diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycana verilməsi haqqında razılıq əldə olundu. Muxtar Respublikanın rəhbəri danışıqlar zamanı Azərbaycanın artıq tam müstəqil dövlət olduğunu və dünya ölkələri tərə­findən tanındığını bəyan etdi. Heydər Əliyev qəti şəkildə bildirmişdi ki, Azər­baycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ərazisində başqa döv­lətin hərbi hissələrinin qalması artıq qey­ri-mümkündür.

O zaman milli münasibətlər sahə­sinə rəhbərlik etsəm də, bu məsələ də bilavasitə bu sahəyə ciddi şəkildə bağlı bir məsələ idi. Ona görə mən Rusiyanın bizimlə sərhəd olan regionuna, xüsusilə Dağıstana tez-tez səfər edirdim. Hətta Dağıstan–Azərbaycan münasibətləri­nin yaxınlaşdırılmasındakı xidmətlərimə görə Məhəmmədəli Məhəmmədov məni Dağıstan Respublikasının fəxri fərmanı ilə təltif etmişdi. Prezident Heydər Əliye­vin qarşıma qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar o qədər Gürcüsta­na səfərə gedib-gəlmişdim ki, Prezident Eduard Şevardnadzenin sərəncamı ilə Gürcüstan Respublikasının “Ləyaqət” ordeni ilə təltif olundum. Bu, Gürcüsta­nın ən yüksək mükafatlarından sayılır. Amma mən bütün bu mükafatları ulu öndər Heydər Əliyevin xidmətləri hesab edirəm. Çünki bütün bu respublikalar­la bağlı həyata keçirilən siyasət Heydər Əliyevin zəkasının, siyasi düşüncəsinin, alternativi olmayan siyasətinin məhsulu idi, mən sadəcə onun göstərişlərini, tap­şırıqlarını icra edirdim. 

Rusiyanın o zamankı rəhbərliyi, xü­susi xidmət orqanları, Sərhəd Xidmətinin rəhbərliyi, ümumən Rusiyanın siyasi is­teblişmenti təkid edirdilər ki, Rusiya sər­hədçiləri Azərbaycanın sərhədlərinin qo­runmasında iştirak etməlidirlər. 1997-ci ildə Ulu öndərin Rusiya Federasiyasına ilk səfəri oldu. Həmin səfər zamanı da Rusiya rəsmiləri bu məsələni yenidən qaldırdılar. Amma Heydər Əliyev buna çox sərt və birmənalı cavab verdi. 

Bir dəfə də Prezident Heydər Əliye­vin tapşırığı ilə Dağıstanın cənubunda Məhərrəmkənd rayonuna mənim baş­çılığım altında nümayəndə heyəti getdi və orada Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Stepaşinlə, Rusiyanın, Dağıstanın yüksək vəzifəli şəxslərilə görüşdüm. Bizim nümayəndə heyətinə Sərhəd Qoşunlarının komanda­nı Abbasəli Novruzov, Xarici İşlər naziri­nin müavini Xələf Xələfov və hüquq-mü­hafizə orqanlarının rəhbərlərindən bir neçə nəfər daxil idi. O zaman Stepaşin Rusiya Federasiyasında birinci çeçen müharibəsi dövründə qanunsuz çeçen si­lahlı dəstələrinin tərksilah edilməsi əmə­liyyatını həyata keçirən qurumun rəhbər­lərindən biri idi. Onların bəhanəsi bu idi ki, guya, dünyanın bəzi ölkələrindən gəlib çeçen qanunsuz silahlı dəstələrinə qo­şulanlar Azərbaycan ərazisindən tranzit kimi istifadə edirlər. Hətta buradan, guya, silah daşınır. 

Biz səfərə gedəndən bir gün əvvəl orada bir təxribat törədilmişdi. Dağıstan Şurasının üzvü, Dərbəndin başçısı Səid Qurbanovu girov götürmüşdülər. Biz Bakıdan çıxıb birbaşa ora yola düşdük. Şəhərə çatanda dedilər ki, Səid Qurba­novu azad ediblər. Onunla görüşəndən sonra təhlükəsizlik baxımından məs­ləhət oldu ki, biz Qusara qayıdıb ordan Məhərrəmkəndə görüşə gedək. Rəsmi görüş vaxtına 4 saat qalırdı...

Məhərrəmkənddə keçirilən görüşdə Stepaşin sərhəd məsələsini yenə qal­dırdı və bildirdi ki, əgər biz sizin Sərhəd Xidməti ilə sərhədləri qorusaq, sizin də, bizim ölkənin də təhlükəsizliyini möh­kəmləndirmiş olarıq və heç bir terror­çu ərazilərimizə sıza bilməz. Doğrusu, bunların belə inadkarcasına təkidindən daxilən qəzəbləndim və bir az əsəbi ton­da dedim: “Axı bu məsələ Rusiya Fede­rasiyası tərəfindən hər iki ölkənin rəsmi nümayəndələri, hətta ölkə prezidentləri səviyyəsində keçirilən görüşlərdə bir neçə dəfə qaldırılıb və dövlət rəhbəri, bizim nümayəndələr Rusiya tərəfinə bu­nunla bağlı açıq, dəqiq və aydın cavab veriblər. İndi görüşdə bu məsələni qaldır­mağın heç bir mənası yoxdur”. 

Sonra görüşdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərlə­rindən biri mənə dedi: “Hidayət müəllim, çox sərt cavab verdiniz...” Dedim: “Vəziy­yət belə tələb edirdi. İkincisi də Prezident belə tapşırıq verib, bu da mənim ürəyim­dən olan mövqe olduğu üçün arxayınca belə sərt cavab verdim. Biz rus ordusunu 200 ildən sonra güclə Azərbaycandan çıxarmışıq, indi yenə gəlsinlər?” Mənim bildiyim qədər, Məhərrəmkənd görüşün­dən sonra bu məsələ bir də qaldırılmadı. Hər halda, mənim bu haqda məlumatım olmadı... 

Çox keçmədi ki, Stepaşin Şamil Ba­sayevin silahlı dəstəsinin Stavropolun Budyonnovski rayon mərkəzində törətdi­yi terror aktından sonra özünü günahkar hesab edib istefa verdi. Buna baxmaya­raq, sonralar o, Rusiyada, hətta baş nazir də oldu, onunla bir çox görüşlərimiz oldu. 

Amma sərhədlərin qorunması ilə bağ­lı Rusiyanın iddiasına Prezident Heydər Əliyevin 1997-ci il iyunun 2-dən 4-ə qə­dər Rusiya Federasiyasına ilk rəsmi səfəri zamanı imzalanmış dostluq, əmək­daşlıq və qarşılıqlı təhlükəsizlik haqqın­da müqavilə ilə nöqtə qoyuldu. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində nəinki Rusiyanın, ümumiyyətlə, hər han­sı digər dövlətin silahlı qüvvələrinin Azər­baycana yerləşdirilməsi müzakirə möv­zusu olmadı. 

− Heydər Əliyevin hakimiyyətə qa­yıdışından əvvəl ölkədə dini məsələlər çox xaotik vəziyyətdə idi. Ulu öndər ölkəni yeni daxili qarşıdurmaya sürük­ləyə biləcək bu vəziyyətdən çıxarmaq üçün hansı tədbirləri gördü, konkret bu sahəyə nəzarət edən bir vəzifə adamı olaraq, sizin qarşınıza hansı və­zifələr və tapşırıqlar qoyurdu? 

− Çox doğru qeyd edirsiniz ki, 1992–1993-cü illərdə, hətta mən deyər­dim, ondan bir az sonra da dini sahədə, həqiqətən, xaotik bir vəziyyət yaranmışdı və qorxulu, təhlükəli tendensiyalar sürət­lə inkişaf etməkdə idi. Ölkəni artıq bu yolla fəlakətə sürükləməyə çalışmaqda maraqlı olan qüvvələr, xarici ölkələr var idi. Hətta deyərdim, din ölkədəki siya­si vəziyyətdən daha dağıdıcı bir faktora çevrilməkdə idi.

Bu da səbəbsiz deyildi. 1992-ci ildə regionda, ölkədə gedən prosesləri, tarixi şəraiti öyrənmədən, tələsik “Dini etiqad azadlığı haqqında Qanun” hazırlanmışdı və parlament onu qəbul etmişdi. Lakin bu, nəinki dini sahədəki xaosu aradan qaldır­dı, əksinə, xarici vətəndaşlar, müxtəlif missioner təşkilatlar bu qanundakı boş­luqlardan istifadə edərək öz niyyətlərini həyata keçirməyə başladılar. Ölkədə dini sahədə ağıla gəlməyən hadisələr baş ve­rirdi. İş o yerə çatmışdı ki, bəzi üzdəniraq adamlar özlərini peyğəmbər elan edir, in­sanları öz arxasınca aparmağa çalışırdı­lar. Qeyri-ənənəvi təriqətlərin nümayən­dələri Azərbaycana ayaq açmışdılar və öz saxta inanclarını burada yaymağa, tərəfdarlar toplamağa çalışırdılar. Bunlar ərəb ölkələrindən, İrandan, elə qardaş Türkiyədən də axışıb gəlir və burada öz dayaqlarını yaratmağa başlayırdılar. 

Qonşu İrandan gələn missionerlər Bakıda, Azərbaycanın ayrı-ayrı yerlərin­də sünni–şiə qarşıdurması yaratmağa cəhdlər edirdilər. Məsələn, mən Dini İşlər üzrə Dövlət Komitəsində işə başlayan­da məlumat almışdım ki, Azərbaycanda 1500-ə yaxın adam İranın müvafiq struk­turlarından maaş alır. “Maaşı” da bir cür adlandırırdılar. Hə, yadıma düşdü, “şəh­riyyə”. Hər adambaşına 150 manatdan tutmuş 1500 manata qədər pul verirmiş­lər. 

Baxın, axı, Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, heç zaman dini qarşıdurma baş verməyib və burada yaşayanlar dinindən, etiqadından, təriqə­tindən, milliyyətindən asılı olmayaraq, daim dinc-yanaşı yaşamış və bir-birinə hörmətlə yanaşmışlar. Bu, Azərbayca­nın ən üstün dəyərlərindən biridir. Amma bunu məhv etməyə, qarşıdurma yarat­mağa çalışırdılar. 

Bütün bunları mən yaxşı bilirəm, çünki 20 il milli siyasət məsələləri üzrə dövlət müşaviri, Dövlət Komitəsinin səd­ri vəzifələrində çalışanda bu problemləri araşdırır, onların həlli ilə bilavasitə məş­ğul olurdum. 

Ulu öndərin dinə münasibəti birməna­lı idi. Əvvəla, Heydər Əliyev özünü İslam hümməti, müsəlman sayır və bununla fəxr edirdi. Dini-islami dəyərlərə çox bö­yük ehtiramla yanaşır və hörmət edirdi. Amma hamı belə deyildi. Məsələn, o zaman Prezident Aparatında yüksək və­zifə tutan adam var idi ki, onun qardaşı doğmaları və sair yaxınları xristianlığı qəbul etmişdilər. Yaxşı yadımdadır, top­lantıların birində Prezident Heydər Əliyev ad çəkməsə də, bir çoxlarımızın yaxşı tanıdığı belə adamlara kəskin münasibət bildirdi və dedi: “Adam öz dinini, inancını, adət-ənənəsini necə dəyişə bilər?”

Heydər Əliyev bu sahədə xüsusi təcrübəsi olan müdrik və uzaqgörən bir dövlət rəhbəri idi və ölkədəki dini müna­sibətlərdə mövcud problemlərin qarşısını almaq üçün insanlarla birgə özü bir çox dini mərasimlərdə, tədbirlərdə iştirak edirdi. Bu, təkcə onun inancından, dini etiqadından irəli gəlmirdi, Ulu öndər həm də həmin tədbirlərdə iştirak edən insan­lara dövlətin rəsmi mövqeyini, din-dövlət münasibətlərinin hansı prinsiplərə söy­kəndiyini çatdırır, onların dövlətin adıçə­kilən sahədəki siyasətinin nədən ibarət olduğunu dərk etmələrinə çalışırdı. 

Məsələn, Heydər Əliyev hakimiyyətə qayıdışının elə ilk vaxtlarında iştirak etdi­yi dini tədbirlərin birində özünün və döv­lətin mövqeyini qısa və yığcam şəkildə belə ifadə etdi: “Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İs­lam dəyərlərinin xüsusiyyətidir". Bu, artıq insanları dini ədavət yoluna istiqamətlən­dirməyə cəhd göstərən adamlara aydın mesaj idi. Çox keçmədi ki, Prezidentin təklifi ilə “Dini etiqad azadlığı haqqında” Qanununa ciddi dəyişikliklər edildi, bəzi maddələr ləğv olundu, müəyyən əlavələr edildi.

Həmin illərdə biz də dini konfessiya­larla çox sıx şəkildə işləyir, bu sferada cərəyan edən hadisələrə onların müna­sibətini öyrənir, eyni zamanda, müvafiq orqanlardan dini ekstremizmi yayan təşki­latlar haqqında müfəssəl məlumatlar alır və təbliğat-təşkilat işləri həyata keçirirdik. Məsələn, 1998-ci il oktyabrın 1 və 2-də Bakıda “Müasirlik və dini-mənəvi dəyər­lər” adlı beynəlxalq konfrans keçirdik. Heydər Əliyev həmin konfransda tarixi nitq söylədi və dedi: “Dövlətimiz insan­lara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbay­can Respublikasının Konstitusiyası din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlə­timiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bu bəyanat bütün dünyaya yayıldı və zamanla onun həqiqət olduğu çoxlarına aydın oldu. 

Təbii ki, başqa işlər də görülürdü və Prezidentin tapşırığı ilə həyata keçirdiyi­miz bütün tədbirlərin nəticələri, gördüyü­müz işlər haqqında Ulu öndərə məruzə edir, ümumi vəziyyət barədə fikirlərimi çatdırıdım. Bir müddət sonra Prezident Heydər Əliyev Azərbaycanda fəaliyyətdə olan bütün dini qurumlara maliyyə yardı­mı göstərmək haqqında sərəncam imza­ladı. Dini abidələrin bərpası və təmiri ilə bağlı sərəncamlar imzaladı. Prezident göstərdi ki, Azərbaycan müsəlman döv­ləti olsa da, Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, ölkəmizdəki pravoslav, yəhu­di, katolik və başqa dini icmalara da qay­ğı ilə yanaşır, çünki ölkədə həmin dinlərə etiqad göstərən Azərbaycan vətəndaşları var. 

− Yeri gəlmişkən, Alban dini icma­sının Azərbaycanda müstəqil fəaliyyə­ti necə təmin edildi? Səhv etmirəmsə, bu dini icma uzun illər qriqoryan kilsə­sinin tərkibində idi...

− Elə söhbətimi o yerə gətirəcək­dim ki, məhz ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətinin dinlərə, konfessi­yalara münasibəti Azərbaycandakı Alban dini icmasının müstəqil fəaliyyəti üçün bir zəmin oldu. Apardığımız təbliğat və təş­viqat işləri nəticəsində Alban dini icması Qriqoryan dini icmasından tamamilə ay­rıldı və müstəqil dini icma kimi fəaliyyətə başladı. 

Əslində, bu çox ciddi və ağır bir məsələ idi. Çünki Qriqoryan kilsəsinin sahibləri Alban icmasını özünün bir qolu hesab edirdi. İctimaiyyətdə də belə bir fikir formalaşmışdı. Hətta Azərbaycanın Oğuz, Qəbələ bölgələrində yaşayan və alban dininə etiqad göstərən insanların bəziləri erməni separatizmi başlayanda Azərbaycanı tərk etmişdilər. Sonra və­ziyyət normal ahəngə düşəndən, Azər­baycan dövlətinin albanlara münasibəti bəlli olandan onların əksər hissəsi geri qayıtdı. 

Onu da deyim ki, Alban icması da tarixi ədalətsizlik səbəbindən Qriqoryan icma­sına verilib. O zaman Alban kilsələrinin Qriqoryan kilsələrinə verilməsi haqqında Senatın qərarı olmayıb. Bu barədə yalnız dövlət razılaşması olub. Əlbəttə, Ulu ön­dər bu sahədə olan ədalətsizliyin aradan qaldırılması üçün təşəbbüs göstərdi və Alban icması müstəqil fəaliyyətə başladı. Bizim dövlət müşavirliyi də Heydər Əliye­vin verdiyi tapşırıqlar əsasında bu sahə­də çox işlər gördü. 

Ayrılandan sonra ölkəmizdə yaşa­yan albanlar ayıldılar və başa düşdülər ki, bunların özünəməxsus dini ayinləri var, dinləri tam fərqlidir. Əlbəttə tarix belə idi. Ermənilər Qərbi Azərbaycana köçü­rülməmişdən çox-çox əvvəl Qafqaz Al­baniyası mövcud olmuşdur, tarixləri çox qədim dövrlərə gedib çıxır, milli tərkibləri və dinləri də tam fərqlidir.

Məhz Heydər Əliyevin dini istiqamət­də müəyyənləşdirdiyi siyasi kurs bəlli olandan sonra respublikanın hüquq-mü­hafizə, inzibati orqanları, icra strukturla­rı bu sahəyə daha diqqətlə yanaşmağa başladılar. Artıq 1990-cı illərin sonlarında Azərbaycanda dini münasibətlər təsəv­vürolunmaz dərəcədə yaxşılaşdı. 

Heç unutmaram, 1999-cu il noyabrın 16-da Prezident Heydər Əliyev ölkəmiz­dəki dini konfessiyaların başçılarını qəbul etdi. Mənim də iştirak etdiyim qəbulda Ulu öndər çox müdrikcəsinə dedi: “Məm­nunam ki, ölkəmizdə, müstəqil Azər­baycanda müxtəlif millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir kon­fessiyanın başqasına hörmətsiz münasi­bət bəsləməsinə dair heç bir fakt yoxdur. Cəmiyyətlərimizdə çox mürəkkəb pro­seslərin getdiyi bir şəraitdə, Azərbay­canın Ermənistanla artıq 12 il müharibə vəziyyətində olduğu, 1988-ci ildə Dağlıq Qarabağ üstündə başlanmış münaqişə­nin respublikada sosial, siyasi vəziyyəti, o cümlədən, dini vəziyyəti son dərəcə mürəkkəbləşdirdiyi bir şəraitdə bunu ölkəmizin çox mühüm nailiyyəti hesab edirəm ”. Çox maraqlıdır ki, həmin görüş­də Ulu öndər çox yığcam və konkret ola­raq dünyada gedən proseslərə, islamofo­biya ilə bağlı da münasibətini açıqlayaraq bildirdi ki, “son vaxtlar dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapda­layan insanlar kimi göstərməyə cəhdlər edilir. Bunu bəzi xristian ölkələrində edir­lər. Amma bu, ədalətsizlikdir.

Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, ci­nayətkarlar, ekstremistlər var. Ancaq bu­nun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.

Bu fikirləri eşidəndə əsl həqiqətdə Prezidentimizə heyran oldum ki, o belə bir görüşdə başqa dini konfessiyaların rəhbərlərinə əsl İslamın terrorizmlə heç bir əlaqəsinin olmadığı dərsini keçdi. 

Yeri gəlmişkən, bu görüşdən 3 il əv­vəl tolerantlıq günü ilə bağlı Prezident Heydər Əliyev mənə çox incə şəkildə unutqanlığımı, məlumatsızlığımı bildir­məsini də sizə danışım. Bir gün Heydər Əliyevin köməkçisi mənə telefon açdı ki, Prezident sizi dəvət edir. Təbii qovluğu­mu, qeyd dəftərçəmi də götürüb qəbula getdim. Amma özlüyümdə ayırd edə bil­mirdim ki, nə üçün məni dəvət edib. 

Dedi: “Hidayət, yəqin bilirsən, Birləş­miş Millətlər Təşkilatının qurumu olan UNESCO 1995-ci ildə özünün qərarı ilə noyabrın 16-sı dünyada dözümlü­lük günü, sabitlik, tolerantlıq günü elan etmişdir. Bu günlə bağlı bir tədbir təş­kil edin”. Açığını deyim ki, bilmirdim və buna görə çox pərt oldum. Özüm-özümə dedim: “ Axı, bunu mən bilməliydim və Prezidentə məruzə etməliydim”. Ondan sonra hər il noyabrın 16-da çox böyük tədbirlər, beynəlxalq dini elmi konfranslar keçirirdik. Yəni həmin hadisə artıq mənə dərs olmuşdu. 

Sonra Prezident Heydər Əliyevin təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu qurum haqqında ayrıca danışmaq lazımdır...

− Heydər Əliyevin dinə, xüsusilə, İslama münasibəti, bu sahədə gör­düyü işlər müsəlman aləmində hansı reaksiya doğurdu? Heydər Əliyevə qə­dər İslam ölkələri, bir-iki dövlət istis­na olmaqla, Azərbaycanı beynəlxalq aləmdə elə də ciddi dəstəkləmirdi. Ulu öndər bu münasibəti necə dəyişə bil­di?

− Heydər Əliyevin müstəsna xidmət­lərindən biri də İslam ölkələrini Azərbay­canla sıx şəkildə münasibətlər qurmağa, beynəlxalq plarformalarda ölkəmizin haqq işini dəstəkləyən ölkələr sırasın­da yer almasına nail olmasıdır. Əvvə­la, bütün İslam dünyası Heydər Əliyevi hələ sovet dönəmindən yaxşı tanıyırdı və SSRİ-nin rəhbərliyində yüksək vəzifə tutmasından qürur duyur və bunu dilə gətirməkdən çəkinmirdilər. Çünki Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini kimi bir çox müsəlman ölkələrinə imkanları çərçivəsində diqqət göstərirdi. 

İkinci, İslam ölkələri Azərbaycan döv­lətinin başına belə bir rəhbərin gəlməsini çox yüksək qarşıladılar və ölkəmizlə çox rahatlıqla münasibətlər qurmağa, iqtisa­diyyatımıza yatırımlar etməyə başladılar. Amma ona qədər, Xalq Cəbhəsinin ha­kimiyyəti dövründə Azərbaycana ciddi müstəqil dövlət kimi yanaşmırdılar. Hətta bəzi türk dövlətləri belə Azərbaycanla isti münasibətlər qurmaqda maraqlı deyil­dilər. 

Açıq demək lazımdır ki, AXC haki­miyyəti dövründə siyasət ümumi türkçü­lük deyildi, siyasət türkiyəçilik idi. Heydər Əliyev bunu aşdı və genişləndirdi. Artıq Heydər Əliyevin vaxtında siyasət qardaş Türkiyə ilə yanaşı, həm də türkçülüyə çevrildi. 

(ardı var)

 

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist
XQ



Müsahibə