Hələ keçən əsrin 80-ci illərindən tanıdığım Rafiq müəllim təkcə sakit və təmkinli təbiəti ilə yox, həm də həmişə maraq doğuran mülahizələri ilə yadımda qalmışdı. Tələbə ikən müqavilə ilə çalışdığım çoxtirajlı universitet qəzetindən başlanan bu tanışlıq dostluğa çevrilmişdi.
Rafiq Əlövsət oğlu Abdullayev 1945-ci ildə Şamaxıda doğulub. Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Əlövsət Abdullayevin ailəsinin bu ilk övladı Bakının Səbail rayonundakı 7 nömrəli tam orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. Təhsil göstəriciləri yüksək olduğu üçün 2-ci kursdan Leninqrad Dövlət Universitetinə keçirilib. Orada 3 cildlik “Ümumi fizika kursu”nun müəllifi, dünya şöhrətli alim Sergey Frişin tələbəsi olub. Bu, Rafiq müəllimin elmi bioqrafiyasına özünün silinməz möhürünü vurub. Sonra o, Kiyev Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
Bu artıq keçmiş vahid sovet elmi məkanının parçalanıb “milli mənzillərə” köçməyə başladığı illər idi. Həmin vaxt ona keçmiş ittifaqın bir neçə nüfuzlu elmi-tədqiqat mərkəzində, hətta nüvə fizikası sahəsində ən böyuk məbəd sayılan Dubna şəhərində, özü də yaxşı vəzifələrdə çalışmaq təklif olunur. Lakin o, milli elmi məkanı seçir.
Bir müddət elmi fəaliyyətini Bakıda, Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunda davam etdirir. Elmi işçi, baş elmi işçi vəzifələrində çalışdığı illərdə beynəlxalq konfransların iştirakçısı olur. Bunun ardınca dövlətin dəstəklədiyi beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində Madaqasqar Milli Universitetinin fizika fakültəsində çalışır. Rafiq müəllim 4 il fransız dilində fizika fənnindən mühazirələr oxuyur, seminar məşğələləri aparır.
Azərbaycana qayıtdıqdan sonra xeyli müddət fəaliyyətini Bakı Dövlət Universitetinin fizika fakültəsində dosent, fakültə dekanının müavini vəzifələrində davam etdirib, elmi tədqiqatların və tədris prosesinin təşkilinə töhfələr verib. Amma özünün elmi və tədris fəaliyyətinin ən uzünmüddətli mərhələsini o, qardaş Türkiyədə keçirib. Qardaş ölkənin müxtəlif universitetlərində dosent, professor, dekan, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Sonuncu iş yeri Muş Alparslan Universiteti olub.
Türkiyənin Egey Universitetinin professoru Ürfət Nuriyev bildirir ki, Rafiq müəllimi yaxından tanımasam da, onun haqqında eşitdiklərim çox zəngin və millətsevər bir insan olduğunu sübut edir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru, Rafiq müəllimin yaxın dostu və qohumu Əlikram Abdullayevin isə ilk sözü bu oldu ki, Rafiq müəllimin atası Əlövsət Abdullayevin nəhəng obrazının fonunda onun ətrafındakıların “portret”inin gerçək cizgilərini görmək çətindir. Üstəlik, Rafiq müəllim özü təbiət etibarı ilə çox təvazökar insan idi, amma bütün bunlara rəğmən, onun şəxsiyyətinin vüsəti danılmazdır.
Əlavə edək ki, Rafiq müəllim hər zaman daha çox məhz atasının nəcib əməlləri haqqında danışardı. Bir dəfə də o mənə belə bir xatirə söyləmişdi: “1975-ci ildə Moskvadan universitetə səlahiyyətli bir komissiya gəlir. Qonaqlar Orta Asiya universitetlərində tədrisin rusca aparıldığını xatırladıb, prorektor olan atama cəmiyyətdəki nüfuzundan istifadə edərək Azərbaycanda da ali tədrisin rus dilində aparılması təşəbbüsü ilə çıxış etməsini təklif edirlər. Əlövsət müəllim Orta Asiya ilə müqayisənin düzgün olmadığını deyir, Qafqazın digər respublikalarında – Gürcüstan və Ermənistanda da tədrisin milli dildə aparıldığını xatırladır. Bu etiraz komissiya üzvlərində ciddi narazılıq yaradır və Əlövsət müəllimin nəinki prorektor vəzifəsindən azad edilməsi, hətta universitetdən xaric olunması məsələsi gündəmə gəlir... Yalnız Mərkəzi Komitənin o zamankı Birinci katibi Heydər Əliyevin məsələyə müdaxiləsi onu ağır cəzadan xilas edir”.
Əlövsət müəllimin ailəsində intizamlı, çalışqan, mənəviyyatlı, vətənsevər, milli dəyərlərə bağlı bir gənc kimi yetişən Rafiq müəllimin şəxsiyyəti təkcə onun atasından miras qalan yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olması ilə səciyyələnmir. O çox geniş diapazona malik, öz yolu, öz dəst-xətti olan təkrarsız keyfiyyətlərə malik insan idi.
Mənim bu şəxsi qənaətimi professor Əlikram Abdullayevdən eşitdiyim aşağıdakı sözlər də təsdiq edir: “Mənə elə gəlir ki, Rafiq çox böyük uğurla dövlət qulluqçusu, diplomat, böyük dilçi alim də ola bilərdi, amma onun seçimi fizika oldu ki, bu da təsadüfi deyildi. O heç vaxt büruzə verməsə də, əslində iddialı bir gənc idi. XX əsr tarixə fizika əsri kimi düşürdü və o, məhz bu əsrin alimi olmaq arzusunda idi. Ədalət naminə, onun buna potensialı da vardı. Allah ona çox güclü fitri istedad vermişdi. Biz bir yerdə böyümüşük. Mən ondan bir neçə yaş böyüyəm. Lap kiçik yaşlarından yanımda oturub dərslərə necə hazırlaşdığıma diqqətlə qulaq asır, əzbərlədiklərimi əzbərləyir, hesabladıqlarımı hesablayırdı. Mən 3-cü sinfi bitirəndə gördüm ki, o, mənim bütün öyrəndiklərimi elə mənim qədər bilir və rahatlıqla 4-cü sinfin dərslərinə qoşula bilər. O zamanlar buna icazə yox idi. Amma Rafiqin bibisi, mənim ibtidai sinif müəllimim və böyük bacım Tusiyə müəllim 5 yaşında ikən onun adının jurnala yazılmasına nail oldu. Sonra məktəbi dəyişəndə onun adını gah aşağı sinfə yazdılar, gah yuxarı sinfə, axır ki, o, 15 yaşında orta məktəbi qızıl medalla bitirdi”.
Onun dilləri mənimsəməyə, sanki, xüsusi bir “vergisi” var idi. Ana dilimizi incəlikləri ilə bilirdi. Ailə kitabxanasında rus dilində zəngin elmi, bədii ədəbiyyatın olması səbəbindən o, rus bölməsində oxuyan uşaqlardan heç də geri qalmırdı. Buna görə də Leninqrad Universitetinə oxumağa gedəndə dil problemi olmayıb. Daha sonralar alman və fransız dillərində də sərbəst danışmağı, mühazirələr oxumağı öyrənib.
Elmə və təhsilə bütün varlığı ilə bağlı olan Rafiq müəllim ömrü boyu böyük yaradıcılıq həvəsi ilə çalışıb, fizikanın müxtəlif problemlərinə dair elmi tədqiqatlarını davam etdirməklə yanaşı, gənc nəsil fiziklərinin yetişdirilməsinə ciddi töhfəsini verib. Çoxsaylı elmi əsərlərin müəllifi, bacarıqlı pedaqoq kimi tanınan professor Rafiq Əlövsət oğlu Abdullayev bu il iyulun 12-də qəflətən vəfat edib.
Allah rəhmət eləsin...
Namiq Qədimoğlu
XQ