Qocaman naşirin yubilyar qəzetə hədiyyəsi

post-img

Tanınmış naşir və poliqrafçı alim Şəddat Cəfərovun son illərdə qələmə aldığı “Əzəldən sözə bağlıyam” çoxcildliyinin növbəti 3 cildi də işıq üzü görüb. Müəllif əvvəlki 2 kitab kimi, sonrakı 3 cildin mətbəə qoxusu getməmiş ilk nüsxələrini media aləmində keçən 70 illik fəaliyyəti dövründə sıx əməkdaşlıq etdiyi “Xalq qəzeti”nin kollektivinə hədiyyə edib.

Redaksiyada keçirilən görüşdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Azərbaycanın qocaman naşir-poliqrafçısını, redaksiyamızın çoxillik dostunu uzun onillikləri əhatə edən, ölkə mətbuatının çoxillik əhatəli xronikasını yaradan dəyərli memuar ədəbiyyatını ərsəyə gətirdiyinə görə təbrik etdi. Qəzet rəhbəri qocaman poliqrafçı və yazarın yaşının 85 ili haqladığı bir vaxtda da naşirlik fəaliyyətini davam etdirməklə yanaşı, fəal bədii-sənədli yaradıcılıqla məşğul olmasını nadir ictimai fəallıq kimi dəyərləndirdi. O qeyd etdi ki, beşcildlikdə əksini tapmış zəngin materiallar, önəmli xatirələr mətbuat araşdırıcıları, jurnalistlər və tələbələr üçün qiymətli mənbəyə çevriləcək.

Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşmiş “Xalq qəzeti”nin nəşrini davam etdirməsinə o zaman rəhbəri olduğu “Azərbaycan” nəşriyyatında lazımi kömək göstərmiş naşir bu redaksiyanın həmişə onun üçün doğma olduğunu söylədi. Şəddat Cəfərov bugünlərdə 105 yaşı tamam olmuş qəzetin yaradıcı heyətini səmimi təbrik etdi, kollektivə xoş arzularını çatdırdı. 

Söhbət zamanı əsryarımlıq tarixi olan mətbuatımızın zaman-zaman xalqımızın milli oyanış və milli istiqlal mübarizəsinə gur işıq salması, sovet dövründə ellikcə maarifləndirmə, mədəni inqilab, ictimai tərəqqi və quruculuq proseslərini kütlələrə təbliğ və təşviq etməsi qədirbilənliklə qeyd edildi. Bildirildi ki, milli mətbuatımızın, eləcə də canlı jurnalistika məktəbinə çevrilmiş “Xalq qəzeti”nin ötən dövrdə əldə etdiyi zəngin təcrübə, yaratdığı ənənələr, tarixə həkk etdiyi örnəklər çağdaş mediamızın peşəkarlıq və vətəndaşlıq qaynağıdır. Bu vəsilənin davamında yaşlı nəsil yazar və naşirlərin xatirələri canlı media dərsləridir. 

Qəzetimizin keçmiş əməkdaşı, çoxcildli media memuarının işıq üzü görməsində müəllifin yaxın köməkçisi olan, uzun illər onunla yaradıcı əməkdaşlıq edən Mehman Fərzullayev bildirdi ki, qəzet-kitab nəşri ustad poliqrafçı Şəddat Cəfərov həyatının mənası olub. O, həmişə sözə yüksək dəyər verib, özü də fəal yaradıcılıqla məşğul olub. Naşir-alim illər boyu topladığı sənədli materialların və yaddaşındakı xatirələrin indiki və gələcək nəsil üçün gərəkli olduğunu düşünərək onları sistemli olaraq qələmə alıb və ayrı-ayrı kitab şəklində nəşr edib. 

Görüşün sonunda Şəddat Cəfəfov yeni cildləri redaksiyanın kitabxanasına və əməkdaşlara hədiyyə etdi.

Tahir AYDINOĞLU 
XQ

 



Mədəniyyət