Bizim günlərin bəstəkarı

post-img

Musiqiçilər bu sənətin yaradıcı yükünü çiyinlərində dаşımаqlа ruh oxşayan, əsrarəngiz əsərlər yaradırlar. Musiqinin dəyərini uca tutan belə insanlardan biri də Xalq artisti, professor, Prezident mükafatçısı, bəstəkar, pedaqoq Vasif Allahverdiyevdir. 

Mən Vasif müəllimi uzun illərdir tanı­yıram – istedadlı bəstəkar, səmimi insan, tələbkar müəllim, sadiq dost kimi. Vasif Allahverdiyev haqda bir çox məqalələr yazmışam. 2023-cü ildə isə Azərbay­can Bəstəkarlar İttifaqının təşəbbüsü və dəstəyi ilə bəstəkar haqqında müəllifi ol­duğum broşür də işıq üzü görüb. Bu gün isə Vasif müəllim ömrünün 60-cı baharı­nı yaşayır. Belə bir məqamda onun hə­yat və yaradıcılıq yoluna nəzər salmağı, Azərbaycan musiqi sənətinin inkişafın­dakı əməyini bir daha gənc nəslin diqqə­tinə çatdırmağı özümə borc bildim.

İnsanın, xüsusən də sənət adam­larının formalaşmasında, yetişməsində doğulub-böyüdüyü yerin, təbiətin böyük rolu var. Vasif müəllim də qədim və gözəl Naxçıvan torpağının ecazkar təbiətin­də böyümüş, saf sularını içmiş istedadlı sənətkardır. O, 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk dəfə tarda çal­mağı ona dayısı – Naxçıvan Muxtar Res­publikasının tanınmış tarzəni, Əməkdar artist Tağı Tağıyev öyrədib. Sonralar o, ailəsilə birlikdə Sumqayıta köçüb, burada musiqi məktəbinin tar sinfində təhsil alıb. Müəllimi bu gün də böyük minnətdarlıqla xatırladığı Əlislam Aslanoğlu olub. 

Vasif Allahverdiyev 1983-cü ildə Sumqayıt Musiqi Texnikumunu fərqlən­mə diplomu ilə bitirib və həmin il Azər­baycan Dövlət Konservatoriyasına (indi­ki Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə qəbul edilib, 1988-ci ildən isə bəstə­karlıq fakultəsində Hacıbəylilər nəslinin layiqli nümayəndələrindən biri olan İs­mayıl Hacıbəyovun sinfində oxuyub. Konservatoriyada təhsilini bəstəkarlıq və tar ixtisasları üzrə başa vurub. Yəni, o, Azərbaycan bəstəkarları içərisində il­kin olaraq tar ixtisası üzrə də ali təhsilini başa çatdırmış mütəxəssisdir. 

Təyinatla Naxçıvan şəhərinə göndə­rilən Vasif Allahverdiyev orada musiqi texnikumunun nəzəriyyə şöbəsinin mü­diri və eyni zamanda, Bəstəkarlar Təşki­latının məsul katibi vəzifələrində çalışıb. Sonra Bakıya qayıdıb, pedaqoji və yara­dıcılıq fəaliyyətilə məşğul olub. Hazırda Azərbaycan Milli Konservatoriyasının dirijorluq kafedrasında professor vəzifə­sində çalışır.

Vasif Allahverdiyev sənətdə öz sözü, öz dəst-xətti olan bəstəkardır. Yaradıcılı­ğında milli kökə bağlılıq özünü parlaq şə­kildə büruzə verir. Bu da bəstəkarın milli musiqini sevməsindən və ona sıx bağlılı­ğından irəli gəlir. Eyni zamanda, yazdığı bütün əsərlərdə milli ənənələrlə müasir ifadə vasitələrini üzvi surətdə birləşdir­mişdir. Onun yaradıcılığı çoxşaxəlidir. Əsərlərində doğma Vətənin tərənnümü, böyük müəllimlərinə məhəbbət, xalqın azadlıq mübarizəsi, qəhrəman şəhidlərin xatirəsi kimi mövzular üstünlük təşkil edir. Bəstəkar əsl peşəkarlıq zirvəsinə çatma­ğı qarşısına məqsəd qoyub, çalışqanlı­ğı və tələbkarlığı sayəsində bu yüksək amala nail olub. Müraciət etdiyi janrlar da müxtəlifdir. Yaradıcılıq dəsti-xətti simfo­nik, kamera-instrumental musiqisi, vokal və s. janrlarında özünü daha parlaq bü­ruzə verir. Belə ki, bəstəkar 3 hissəli “Ata­türk” simfoniyası, “Heydər Əliyev – ömür yolu” simfonik poeması, solo tar üçün “Qarabağ balladası”, Üzeyir Hacıbəyliyə ithaf olunan taxta nəfəsli kvartet və zərb alətləri üçün yazılmış “Muğamsayağı”, Ulu öndərə həsr olunan səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası (sözlə­ri M.Heydərqızına aiddir), Arif Məlikovun 70 illiyinə həsr olunan fortepiano silsiləsi, solist, 4 səsli qarışıq xor və böyük sim­fonik orkestr üçün “Vətən torpağı” odası, marşlar, çox sayda mahnı və romanslar, bir çox xalq mahnılarının səs və kamera orkestri üçün işlənməsi və digər onlarla əsərin müəllifidir. 

Vasif Allahverdiyevin əsərləri tez-tez Beynəlxalq tədbirlərdə, Azərbaycan Bəstəkarlar İttifaqının qurultay və ple­numlarında səslənir. Bəstəkarın musiqisi respublikamızın hüdudlarından kənarda da layiqincə təmsil olunur. O, Türkiyə, Kipr, İran, Rusiya, Fransa, Almaniya, İtaliya, ABŞ və digər ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan musiqi­sini layiqincə təmsil edib. Əsərlərində məhəbbət, xoşbəxtlik, sevinc, mübarizə, azadlıq, dostluq, sədaqət, vətənpərvərlik mövzuları öz əksini tapır. Хаlqın həyаtı­nı, fikir və duyğulаrını özündə əks еtdirən hər bir əsər insаnlаrı məfkurəyə və dаhа məsuliyyətli оlmаğа yönəldir. 

Vasif Allahverdiyevin yaradıcılığı döv­lətimiz tərəfindən də yüksək qiymətlən­dirilib. 2010-cu ildə o, Azərbaycan Res­publikasının Əməkdar incəsənət xadimi, 2019-cu ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Yuxarıda Vasif müəllimin dayısı Tağı Tağıyevi xatırladıq. Qeyd edək ki, onun qardaşı – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, pi­anoçu, professor Ceyhun Allahverdiyev də bu sənətdə öz sözünü deməyə qadir olan sənətkarlardandır. Qızı Türkan Al­lahverdiyeva isə istedadlı pianoçu kimi fəaliyyət göstərir. 

Əlbəttə, bəstəkar haqqında, onun əsərləri barədə çox danışmaq olar. Amma biz Vasif Allahverdiyev yaradı­cılığının zənginliyini, sənət dünyasının genişliyini, milli musiqi incəsənətinin inki­şafı naminə gördüyü işlərin əhəmiyyətini nəzərə çarpdırdıq. Onu da vurğulayaq ki, həyat eşqi ilə alışıb-yanan Vasif Allah­verdiyevin yaradıcılıq potensialı tükən­məzdir. Bu gün ömrünün kamillik dövrü­nü yaşayan bəstəkar yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq, milli musiqi mədəniyyətimizin tərəqqisi naminə yo­rulmadan çalışır. Hec zaman yaradıcılıq axtarışlarından usanmır. Əminik ki, bu zəngin yaradıcılığa hələ neçə-neçə yeni səhifələr əlavə olunacaq. 

Jalə QULAMOVA,
Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, professor



Mədəniyyət