Bədii “Qarabağnamə”nin əbədiyaşar müəllifi

post-img

Unudulmaz Xalq yazıçısı İlyas Əfəndiyev barədə düşünəndə, ilk olaraq, Xalq yazıçısı Mirzə İbrahimovun həmkarına verdiyi dəqiq və səmimi qiyməti xatırlayıram: “Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstandırsa, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir”. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Xalq yazıçısı İlyas Əfəndiyevin zəngin və dərin ictimai məzmunlu yaradıcılığı böyük sənətkara əbədiyaşarlıq qazandırmışdır.

1914-cü il mayın 28-də Füzuli (keç­miş Qaryagin ) şəhərində anadan olan İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda dünyasını dəyişib. Ötən 27 il dönə-dönə sübut edib ki, İlyas Əfən­diyev həmişə bizimlədir. Böyük nasir və dramaturqun ömür və sənət yolu­nun davamçısı Xalq yazıçısı Elçin bu gerçəyi belə ifadə edib: “1996-cı il. 3 oktyabr... Bu tarixdən sonra İlyas Əfən­diyevin ikinci ömrü başlayır”.

İlyas Əfəndiyev, həqiqi mənada, ədəbiyyatımızın müasir klassikidir. O, bir tərəfdən, gözəl romanlar, povestlər, hekayələr yazırdısa, digər tərəfdən də Azərbaycan teatrına bir-birindən ma­raqlı səhnə əsərləri bəxş edirdi. Ədibin sənət irsi ilə ətraflı tanış olduqca hey­rətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, həm də estetik görüşləri, obyektiv tənqidçi baxışları ədəbi prosesə fəal təsir edən nüfuzlu bir ədib idi. 

Yazıçı-dramaturq əmək fəaliyyətinə doğma Füzulidə müəllimliklə başlasa da, Bakıda ilk iş yeri qəzet redaksiyası olub. Bu mənada ədibin publisistika­sı da öz mükəmməlliyi ilə seçilir və o zaman yazdıqları bu gün də aktual­dır. İlyas Əfəndiyev ictimai quruluş­ların təpkisini, zillətini görən, həyatın ziddiyyətləri içərisində yazıçı mənini qoruya bilən, kişi ləyaqətini gözləyən, yaramazlığa əyilməyən, məramını də­yişməyən, həqiqətə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət kimi yaşayıb. Böyük istedadına görə keç­miş SSRİ dövlətinin yazıçıya verə bilə­cəyi yüksək mükafatların, fəxri adların, orden və medalların əksəriyyətinə layiq görülən İlyas Əfəndiyev nəinki Azər­baycanda, bəlkə də, keçmiş ittifaqda yeganə ədiblərdən idi ki, ədəbiyyata da hökm edən Kommunist Partiyasının üzvü deyildi.

Çağdaş dünya nəsrinin azman­larından biri, Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatova məxsus fikirdir: “İnsanın Vətəni uşaqlığıdır”. Həqiqətən, insan uşaqlığı keçən, be­şiyi yellənən yerləri heç vaxt unuda bilmir. İlyas Əfəndiyevin uşaqlığı isə... Ömrünün sonuna kimi bu illərin acı və şirin xatirələri onun içində yaşadı. He­kayələrə, dramlara, povest və roman­lara köçürüldü, amma bitib-tükənmədi. İlyas Əfəndiyevin əsərlərində biz də vaxtilə onun gəzib-dolaşdığı Ağdam bağlarının, İsa bulağının, Xankəndinin, Ağa körpüsünün çiçəklərinin ətrini du­yuruq.

Tənqidçi Yaşar Qarayev yazır­dı: “Azərbaycan tarixi barədə klassik sənədlər –7 ”Qarabağnamə” var. Bü­tünlükdə, İlyas Əfəndiyevin yaradıcı­lığını mən 8-ci “Qarabağnamə” hesab edirəm”. Qarabağ canlı bir varlıqdırsa, onun düşünən beyni Füzuli, vuran əli Ağdam, döyünən ürəyi Şuşadır. Həmin bütöv Qarabağ İlyas Əfəndiyev yara­dıcılığında baş mövzudur. Qarabağın ötən günlərini vərəqləmək üçün bu müəllifi diqqətlə oxumaq kifayət edər ki, bir çox mətləblərdən hali olasan. Ədibin bütün müqəddəs hissləri, könül titrədən xatirələri, həyəcanları Qara­bağla bağlı idi. Şuşa isə ürəyinin sarı simiydi.

İlyas Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII əsrin sonlarında Ərzurumun Qars mahalından Qara­bağa, indiki Füzuliyə (o zaman Qara­bulaq, sonralar isə orada öldürülmüş çar polkovniki Karyaginin şərəfinə Qar­yagin adlandırılıb) gələrək yurd salıb, orada evlənib. Görkəmli din xadimi, ilahiyyatçı alim kimi məşhurlaşıb. Bu nəsil nəinki Qarabağda, ətraf bölgələr­də, ümumən, Azərbaycanda və qonşu ölkələrdə “Əfəndi uşağı” kimi hörmət və nüfuz qazanıb.

XIX əsrin sonlarında bu nəslin bir nümayəndəsi tamam başqa bir sahədə seçilən adam olub. Ailə ənənəsindən uzaqlaşıb məşhur tacir olan Məhəm­məd bəy bacarığı, işgüzarlığı, ziyalılığı, geniş dünyagörüşü ilə fərqlənərək, Qa­rabağ elatının çox hörmətli şəxsiyyət­lərindən olub. O, şuşalı Bayram bəyin qızı Bilqeyis xanımla ailə qurub. Şuşa­dakı rus gimnaziyasını bitirmiş Bayram bəy də Qarabağın ehtiramla yanaşdı­ğı, sayılıb-seçilən adamlardan olub. Elə bu nüfuzuna görə də Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Ağdam qəzasına rəis təyin edilib.

Məhəmməd bəyin və Bilqeyis xanı­mın 7 övladı olub: İlyas, Məhbub, Mus­tafa, Tofiq, Məhluqə, Arif, Nəzihə. Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağ­damda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcabədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehran­da və Təbrizdə şərikləri vardı. Təəssüf ki, XI ordu Azərbaycanı işğal edəndən sonra bolşeviklər və onların dəmtutan­ları onun mülklərini, bütün varidatını, hətta sonuncu əmlakını – ailəsinin sı­ğındığı daşdan tikilmiş ikimərtəbəli evi­ni də əlindən alıblar. O illərdə ailənin düçar olduğu məşəqqətlər barəsində İlyas Əfəndiyev bir çox əsərlərində, müsahibələrində söz açıb. Məlum olur ki, babası Bayram bəyi zəhərləyib, atası Məhəmmədi 46 yaşında çərlədib öldürüblər. Kommunist hakimiyyətinin vətəndaş hüquqlarından məhrum etdi­yi ailənin bütün ağırlığı bəy qızı Bilqe­yis xanımın çiyinlərinə düşüb. O, kübar bir xanım olub. Əski və yeni əlifbada yazıb-oxumağı bacarıb, geniş dünya­görüşü ilə seçilib.

Yazıçının dayısı Cəlil bəy Bağ­dadbəyov ötən əsrin 30-cu illərində tanınmış mədəniyyət xadimi və bir sıra pyeslərin müəllifi idi. Bu şuşalı zi­yalı Azərbaycanın ilk sənətşünası və etnoqrafı olub. Həm maddi, həm də mənəvi cəhətdən zəngin olan bu məş­hur nəsillər – İlyas Əfəndiyevin ata, ana tərəfi, yaxın qohumları sovet haki­miyyətinin hər cür acılarını yaşayıblar.

İlyas Əfəndiyevin vəfatından son­ra çapdan çıxmış “Seçilmiş əsərləri”­nin yeddicildliyini son vaxtlar yenidən vərəqlədim. Yazıçının Şuşa ilə bağlı xatirələri məni daha çox təsirləndirdi, hətta kövrəltdi. Uşaqlıq illərinə, soy-kö­künə dərindən bağlı olan yazıçının qeyri-adi yaddaşına bir daha heyran oldum.

Yazıçı Şuşanın bütün toponimlə­rini, görməli yerlərini, küçə və məhəl­lələrinin adlarını əzbər bilirdi. Məşhur adamlarını, dağını, dərəsini, adicə cı­ğırını belə yaxşı tanıyırdı. Həmişə də qəribə həsrət və nisgillə Şuşanın ob­razını əsərlərinə gətirirdi. Onun bu xa­tirələrində Şuşanın bəxtəvər günlərinin həsrəti dil açırdı. Dramaturqun 1971-ciildə yazdığı “Mahnı dağlarda qaldı” pyesinin əsas surəti Böyük bəy şuşalı Bayram bəyin prototipidir.

Ədəbiyyata “Kənddən məktublar” (1939) adlı hekayələr kitabı ilə gələn İlyas Əfəndiyev 57 illik yaradıcılığı ər­zində 6 roman, 47 hekayə, saysız-he­sabsız oçerk, məqalə, rəy və xatirələr yazıb. Yarım əsrdən artıq bir zaman kəsiyində o, aparıcı dramaturq kimi Akademik Milli Dram Teatrının reper­tuar ağırlığını üzərinə götürüb. Onun bu teatrın səhnəsində 19 pyesi tama­şaya qoyulub. 1944-cü ildə “İntizar”la başlanan debüt 1996-cı ildə “Hökmdar və qızı” pyesi ilə tarixə çevrilib. Lakin sonuncu əsər səhnəyə qoyulanda İlyas Əfəndiyev onun ilk tamaşasında işti­rak edə bilmədi. Bütün bu illər ərzində yuxarıda dediyimiz kimi, Qarabağ onun yaradıcılığının ana xətii olub.

Ədib 1942-ci ildə “Ədəbiyyat qə­zeti”ndə çap edilən “Natəvan” adlı məqaləsində yazırdı: “Çar istilası Azər­baycan xalqının həyatındakı əzab və məşəqqətləri qat-qat artırmış, ölkədə yeni faciələr yaratmışdı. Natəvanın tərənnümündəki iniltilər məhz bu iz­tirab və əzabların ifadəsi idi”. 1978-ci ildə yazdığı "Natəvan” pyesində isə Xan qızının son sözləri belədir: “Bu uçurumlu yolların sonunda bizi milli bir­liyini, azadlığını tapmış azad Azərbay­can gözləyir!”.

Biz bu pyesin ilk tamaşasına baxanda Natəvan rolunun ifaçısı Xalq artisti Amaliya Pənahovanın üzünü salona tutaraq xüsusi pafos və daxili harayla bu monoloqu necə təsirli söy­ləməsi hər birimizdə vahimə yaratdı. O zaman belə bir ədəbi hökm vermək so­vet sisteminə meydan oxumaq demək idi. Nə yaxşı ki, ulu öndərimiz Heydər Əliyev salonda idi. O, İlyas Əfəndiyev yaradıcılığını çox yüksək qiymətləndi­rir, daim izləyir, əsərlərini sevirdi. O ax­şam da salonda olması ilə dramaturqu gözləyən təhlükəni sovuşdurdu.

Xalq yazıçısı İlyas Əfəndiyev müstəqil Azərbaycanın yüksək dövlət ordeni “Şöhrət”i alan ilk yazıçıdır. So­vet dövründə mükafatları çox olmuşdu. Amma onun ən çox dəyərləndirdiyi, se­vinc və qururla qəbul etdiyi təltif məhz “Şöhrət” ordeni oldu. İllər boyu qəlbini əzən, duyğularını pərən-pərən edən, yaradıcılığında əks olunan həsrətinə son qoyuldu. Varlığı qədər sevdiyi məmləkəti hürriyyətinə qovuşdu.

Verdiyi son müsahibələrin birində bir fikri özünəməxsus müdrikliklə dilə gətirmişdi: “Bütün ömrüm boyu yazı­larımda ədəbi həqiqətin deyilməsinə çalışdım. Bir növ avtobioqrafik xa­rakter daşıyan ”Geriyə baxma, qoca” əsərində mənim məqsədim o olmayıb uşaqlığımı təsvir eləyəm, çalışmışam ki, Azərbaycan xalqının taleyi, keçmişi, mərdliyi, alicənablığı, yüksək mədəniy­yəti haqqında söz deyim”.

Çox təəssüf ki, Xalq yazıçısının do­ğulduğu Füzuli şəhəri də, bütün varlığı ilə bağlı olduğu Şuşa, Ağdam da uzun illər erməni tapdağı altında inildədi. Və bir də İlyas Əfəndiyev deyirdi: “Həya­tımda o çatmır ki, niyə Azərbaycan bü­töv deyil?” Elə bu nisgillə də dünyasını dəyişdi. Biz o qalibiyyət gününün var olacağına inanırdıq. Bu sevinci bizə məhz Ali Baş Komandanımız İlham Əliyev yaşatdı. Qoy, ruhun şad olsun, unudulmaz yazıçımız İlyas Əfəndiyev.Qarabağ Azərbaycandır!

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist



Mədəniyyət