Rusiya mediası niyə susmalıdır?

post-img

Yaxud erməni goreşənliyinə rəvac verənlər haqqında nekroloq 

Məlum olduğu kimi, erməni əsilli rus rəssamı İvan Ayvazovskinin (Ovanes Ayvazyan) Xankəndidə Qarabağdakı rus sülhməramlıları tərəfindən quraşdırılmış abidəsinin sökülməsinə daha bir reaksiyanı “Moskovskiy Komsomolets” nəşri verib. Yada salaq ki, bu, ötən həftə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun TASS-da yayımlanmış müsahibəsindən sonra ikinci reaksiya sayıla bilər. 

Qeyd edək ki, cənab Şvıdkoy Ayvazovskinin abidəsinin sökülməsini Rusiya mədəniyyətinə hörmətsizlik kimi qiymətləndirmişdi. Bu şəxsin daha əvvəl Azərbaycanda rus mədəniyyəti ilə bağlı tədbirlərin ləğvinin ölkəmiz mədəni mühitini yoxsullaşdıracağına dair fikirlərini də bilirik. Ancaq “Moskovskiy Komsomolets” “Bakı Ukraynanın ardınca abidələrə müharibə elan edir” sərlövhəli yazısında daha “irəli” gedib. Nəşr, öz aləmində, məlum olayla nasist Almaniyasının vaxtilə mədəni irsə təcavüzü arasında paralel aparıb. 

Ümumən, “Moskovskiy Komsomolets” müəllifi Marina Perevozkina olan yazısında bir çox mətləblərə toxunub. Bu sırada Ayvazovskinin öyülməsindən tutmuş, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin reaksiyasına, o cümlədən AZƏRTAC-ın yaydığı bəyanatda hazırkı Rusiya şəhərlərinin əsl adlarının çəkilməsinədək bir çox cəhətləri vurğulamaq mümkündür. 

Ən başlıcası isə hiss olunur ki, müəllifə daha çox yer edən qədim Azərbaycan şəhərinin Stepanakert yox, məhz Xankəndi adlandırılmasıdır. Xanım Perevozkina ən müxtəlif həyasızlıq formaları ilə qondarma Stepanakertə haqq qazandırmaq yolu tutur. Daha bir vacib məqam odur ki, “Moskovskiy Komsomolets” Ayvazovskinin heykəlinin sökülməsini onun erməni mənşəyi ilə əsaslandırıb. Halbuki, Azərbaycan XİN-in açıqlamasında Rusiya sülhməramlılarının, belə demək mümkünsə, abidə özbaşınalığından söz açılır, bildirilir ki, Ayvazovskinin heykəlinin quraşdırılması ölkəmizlə razılaşdırılmayıb. 

“Moskovskiy Komsomolets” tərəfindən irəli sürülmüş digər cəfəng fikirlər barədə söz açmağa ehtiyac duymuruq. Məqsədimiz bir vacib saydığımız məqamı qabartmaqdır. Bunun üçün isə azacıq tarixə ekskurs etmək niyyətindəyik. O tarixə ki, onun xarakterizə edən başlıca məqam rus işğalıdır. O işğal ki, 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə rəsmiləşmişdi. 

Bəli, Rusiya tərəfindən Azərbaycan torpaqlarının işğalı başa çatdıqdan sonra bölgəyə ermənilərin yerləşdirilməsinə başlanmışdı. Proses erməni vilayətinin formalaşdırılması ilə başlanmışdı. 1918-ci ildə isə Ermənistan Respublikası yaranmışdı. Qurama dövlətin paytaxtı qədim Azərbaycan şəhəri olan İrəvan olmuşdu. İrəvanın sovet işğalından sonra Ermənistan SSR-in paytaxtı olduğu da məlumdur. 

O da məlumdur ki, məhz sovet hakimiyyəti illərində Ermənistanda azərbaycanlıların mədəni-tarixi irsinin sistemli şəkildə məhvinə start verilmişdi. Əslində, proses Çar Rusiyasının başlatdığı, ­SSRİ-nin davam etdirdiyi iki yüz illik erməni planının tərkib hissəsi olmuşdu. Çar Rusiyası hayları bölgədə türk-müsəlman dünyasını parçalamaq üçün yerləşdirmişdi. Bakının erməniləşdirilməsi, habelə ­1918-ci ilin mart soyqırımı da eyni mənfur ssenarinin tərkib hissəsi idi. Sovetlər Birliyi isə bir qədər fərqli yol seçdi. Ermənilərə böyük imtiyazlar və ərazilər vermiş sovet hakimiyyəti, eyni zamanda, Ermənistanda azərbaycanlılara məxsus tarixin silinməsinə qol çırmamışdı. Ümumən, SSRİ-nin mövcudluğu dövründə anti-Azərbaycan fəaliyyət həmişə özünü göstərmişdi. Tam qətiyyətlə demək olar ki, bu “fəaliyyətin” qarşısına çıxan isə Ulu öndər Heydər Əliyev olmuşdu. Sovet rəhbərliyi kluarlarındakı tendensiyalardan yaxşı xəbərdar olan bu böyük düha həm qətiyyəti, həm də səriştəsi ilə böyük oyunları pozmuş, ifadələri, çıxışları ilə bir çox məkrli niyyətləri beşiyindəcə boğmuşdu. Təsadüfi deyil ki, Ümummilli liderin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra ermənilərin Qarabağ avantürası start götürmüşdü. O avantüra ki, onun qızışdırılmasında SSRİ rəhbərliyi “müstəsna” rol oynamışdı. O SSRİ ki, bugünkü Rusiya özünü onun ardıcılı sayır. 

Bəli, Rusiya illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalda saxlanılmasına göz yumdu. Üstəlik, təcavüzün reallaşmasında ölkəyə birmənalı dəstək göstərdi. Diqqət, yetirək, otuz ilədək davam etmiş işğal dövründə Azərbaycanın mədəni mirası hay vandallığına məruz qaldı, xalqımızın abidələri erməniləşdirildi. SSRİ işğalı zamanında da eyni proseslər yaşandı. Sovetlər Birliyinin ali rəhbərliyi Ermənistan SSR rəhbərliyinin respublikadakı türk-müsəlman irsinə aşkar təcavüzünə göz yumdu. Bu gün İrəvandakı Göy Məscid Azərbaycan irsinin, demək olar, yeganə salamat nümunəsidir. Məscid 90-cı illərdə İran Mədəniyyət Mərkəzinə icarəyə verilmişdi. Sən demə, abidənin şiə məscidi olması onun İran məscidi olması demək imiş. 

Qeyd edək ki, Göy məscid azərbaycanlı-türk Qacarlar sülaləsinin mirasıdır, Azərbaycan memarlığı üslubunda tikilib. Bu yerdə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki bir fikri xatırlatmaq istərdik: “1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra (29 mayda – red.), əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb”. 

Ümumən, mədəniyyət nümunələri və tarixi abidələr insanları birləşdirən dəyərlərdir. Bu dəyərlər xalqlar arasında anlayışa xidmət etməlidir. Ermənistan bu anlayışdan həmişə uzaq olub. Yalnız Göy məscidin timsalında onu demək olar ki, ölkə irqçiliyi və azərbaycanofobiyanı özünün ideoloji mübarizə predmeti kimi görüb. Hələ müasir Ermənistan ərazisində yüzlərlə dağıdılımış türk-müsəlman irsi nümunəsi var ki, onlardan söz açmaq üçün ayrıca nəinki məqalələrə, hətta əsərlərə ehtiyac var. Sözümüzün canı isə odur ki, bu gün Ermənistanın tarixi-mədəni irsə təcavüzü kontekstində reallaşdırdığı hər bir vandallıq aktının arxasında rus imperializminin izləri var və bu gün eyni imperializm xislətinin daşıyıcıları TASS, “Moskovskiy Komsomolets” kimi media orqanlarında bizə dərs deməyə qalxmasınlar. Çünki Cənubi Qafqazda mədəni irsə münasibətdəki vandallıq aktlarının təməlində rus imperializminin də xisləti dayanır. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət