Azərbaycan təbabətinin əfsanəsi

post-img

Akademik Mustafa Topçubaşov – 130

Azərbaycan tibb elminin qədim tarixi və görkəmli simaları olsa da, bu elm sahəsi əsasən XX əsrdə sistemli şəkildə formalaşmış, müstəqil və geniş bir istiqamətə çevrilmişdir. Son yüzillikdə Azərbaycanda tibb sahəsində elmi məktəblər yaranmış, dünya şöhrətli alim-həkimlər meydana çıxmışdır. Azərbaycan Oftalmologiya elminin banisi, akademik Zərifə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri seçilmiş Cəlil Hüseynov (patoloji anatomiya), Cahangir Abdullayev (kardiologiya), Zülfüqar Məmmədov (cərrahiyyə), Mirzə Rza Nəsirov (parazitologiya), Abdulla Qarayev (fiziologiya), Rəhim Rəhimov (radiologiya), Əhliman Əmiraslanov (onkologiya), Mir Məhəmməd Cavadov (urologiya), Böyükkişi Ağayev (eksperimental cərrahiyyə), Adilə Namazova (uşaq xəstəlikləri), Fazil Qurbanov (daxili xəstəliklərin cərrahiyyəsi) kimi görkəmli alim-həkimlər tibb elminin müxtəlif sahələrində elmi məktəb yaratmışlar. Bu adlı-sanlı, parlaq alim-həkimlərin, akademiklərdən hər birinin elmin və təbabətin tarixində böyük yeri və mühüm xidmətləri vardır.

Ölkəmizdə tibb elmləri sahəsində akademik Mustafa bəy Topçubaşov təbabətin ağsaqqalı səviyyəsində qəbul olunur. Məşhur həkim, görkəmli elm xadimi, böyük elm təşkilatçısı, Azərbaycan tibb elmi sahəsində praktik cərrahiyyə məktəbini yaratmış, akademik Mustafa Topçubaşov (1895-1981) təbabətin bütün sahələri üzrə ən nüfuzlu elmi məsləhətçi olmaqla bərabər, həm də respublikamızda görkəmli ictimai xadim və böyük ziyalı nüfuzu qazanmışdır.

Təsadüfi deyildir ki, sovet hökumətinin prinsiplərinə zidd olmasına baxmayaraq, ona cəmiyyətdə Mustafa bəy deyə müraciət etmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev akademik Mustafa Topçubaşovun xidmətlərinə yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yığıncağına həsr edilmiş təntənəli gecəsində onun çoxcəhətli fəaliyyətini və xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtarmasında, elmimizin, təhsilimizin inkişafında böyük xidmətlər göstəribdir… O, böyük bir məktəb – cərrahlıq məktəbi, təbiblər məktəbi, alimlər məktəbi yaradıbdır… O, insanda mən həmişə nuranilik, alicənablıq, yüksək ziyalılıq gördüm. Bəzən mənə elə gəlirdi ki, Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulub…

Mustafa bəy Topçubaşovun həyatı, yaradıcılığı, qoyduğu irs böyük təcrübə mənbəyidir, böyük mənəviyyat məktəbidir… Onun adı Azərbaycanın gələcək nəsilləri üçün də örnək olaraq, daim yaşayacaqdır”.

Görkəmli cərrah-alim ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olmuşdur. İrəvan şəhərində gimnaziyanı bitirdikdən sonra 1914-1919-cu illərdə Mustafa bəy Kiyevdə Tibb Universitetində təhsil alıb, ali təhsilli həkim ixtisasını qazanmışdır. O, bir müddət Naxçıvan və Bakı xəstəxanalarında cərrah kimi fəaliyyət göstərmişdir. Elmə böyük maraq göstərən Mustafa bəy Topçubaşov 1920-1923-cü illərdə Bakı Universitetinin Tibb fakültəsinin cərrahlıq klinikasında ordenator, 1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında assistent işləmişdir. Mustafa bəy Topçubaşov 1930-cu ildə “Molyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, az sonra professor elmi adını almışdır. Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək, müxtəlif sahələrdə çalışmasına baxmayaraq, ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirmişdir.

Mustafa bəy Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq analgeziya adlanan orijinal keyitmə üsulunu kəşf etmişdir. Özünün sadəliyinə və tətbiq edilməsinin asanlığına, narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə bu metod təbabətdə uğurla sınaqdan çıxarılmış və geniş tətbiq edilmişdir. SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası Mustafa bəy Topçubaşovun ixtirasının “Analgezm” adı altında istehsal edilməsinə icazə vermişdir. Sovetlər İttifaqında geniş yayılmış, xüsusilə bu ixtiraya görə 1964-cü ildə akademik Mustafa bəy Topçubaşov A.V.Vişnevski adına xatirə medalı ilə təltif olunmuşdur.

Bundan başqa, Mustafa bəy Topçubaşovun Böyük Vətən Müharibəsi illərində cəbhədə yaralanmış əsgər və zabitlərin bədənində qalmış qəlpələrin rentgensiz müəyyən edilməsi üçün ixtira etdiyi tibbi cihaz hərbi səhra şəraitində müalicə işlərinin aparılmasında çox böyük fayda vermişdir. Mustafa bəy Topçubaşovun bu ixtirası beynəlxalq aləmdə maraqla qarşılanmış, Azərbaycan aliminə dünya şöhrəti qazandırmışdır. Bundan başqa, o, müharibə dövründə arxa cəbhə kimi Bakı şəhərinə göndərilmiş minlərlə yaralını cərrahiyyə əməliyyatından keçirərək həyata qaytarmışdır. Ona görə də Böyük Vətən müharibəsində əldə olunan qələbədəki xidmətləri nəzərə alınaraq akademik Mustafa bəy Topçubaşov “Qızıl ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətlə əməyə görə” medalları ilə təltif olunmuşdur. Eyni zamanda, Mustafa bəy Topçubaşovun ixtiraları Beynəlxalq Nobel mükafatına təqdim edilmişdir. Görkəmli alimin adı 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyası ilə üzvü surətdə bağlıdır. Mustafa bəy Topçubaşov 1945-ci ildə Akademiyaya seçilmiş 15 görkəmli alimdən biri olmuşdur. Akademik Mustafa bəy Topçubaşov 1951-ci ildə həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasında akademik-katib, vitse-prezident vəzifələrində çalışmış, özünün elmi məktəbini yaratmış elmin inkişafına böyük töhfələr vermiş, yeni elmi nəsillərin yetişməsində mühüm xidmətlər göstərmişdir. Akademik Mustafa bəy Topçubaşov 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Çoxcəhətli elmi fəaliyyətə malik olan akademik Mustafa bəy Topçubaşov 200 elmi əsərin, 8 monoqrafiyanın, 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir. Mustafa bəy Topçubaşovun “Tətbiqi cərrahlıq” dərsliyi bir neçə dəfə təkrar nəşr olunmuşdur. Həmin dərslikdən indi də Tibb Universitetində istifadə olunur. O, ardıcıl elmi və praktik fəaliyyətlə yanaşı tibb üzrə kadrların hazırlanması sahəsində də mühüm xidmətlər göstərmişdir. Görkəmli alimin elmi rəhbərliyi ilə 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.

Akademik Mustafa bəy Topçubaşov 1951-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir. O, həm də Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, “Böyük Tibb Ensiklopediyası”nın redaktorlarından biri “Abdominal cərrahiyə” jurnalının direktoru kimi nüfuzlu qurumlarda Azərbaycanı yüksək ləyaqətlə təmsil etmişdir. Bundan başqa, Mustafa bəy Topçubaşovun Böyük Vətən Müharibəsi illərində cəbhədə yaralanmış əsgər və zabitlərin bədənində qalmış qəlpələrin rentgensiz müəyyən edilməsi üçün ixtira etdiyi tibbi cihaz hərbi səhra şəraitində müalicə işlərinin aparılmasında çox böyük fayda vermişdir. Mustafa bəy Topçubaşovun bu ixtirası beynəlxalq aləmdə maraqla qarşılanmış, Azərbaycan aliminə dünya şöhrəti qazandırmışdır. Bundan başqa, o, müharibə dövründə arxa cəbhə kimi Bakı şəhərinə göndərilmiş minlərlə yaralını cərrahiyə əməliyyatından keçirərək həyata qaytarmışdır. Ona görə də, Azərbaycanın XX əsr tarixinə akademik Mustafa bəy Topçubaşov həm də tanınmış və fəal ictimai xadim kimi daxil olmuşdur. O, uzun illər Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Asiya, Afrika və Latın Amerikası ilə Dostluq Komitəsinin üzvü olmuş, bu sahədəki məhsuldar fəaliyyətinə görə 1959-cu ildə Ümumdünya Sülh Şurasının Gümüş medalına layiq görülmüşdür.

Görkəmli elm xadimi akademik Mustafa bəy Topçubaşov Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, iki çağırış Azərbaycan SSRİ Ali Sovetinə sədrlik etmişdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri kimi təqdimatı ilə akademik Mustafa bəy Topçubaşov 1975-ci ildən yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Akademik Mustafa bəy Topçubaşov dörd dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli “Kiril və Medofiy” ordeni ilə eyni zamanda, “SSRİ Sanitar Müdafiəsi” fəxri adı və SSRİ Sanitar Müdafiəsi Əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. O, 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş, 1943-cü ildə Stalin mükafatı almışdır.

Azərbaycanda tibb təhsili və səhiyyəsinin görkəmli təşkilatçısı, ölkə cərrahlıq elmi məktəbinin banilərindən biri, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR EA vitse-prezidenti Mustafa bəy Topçubaşov 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Akademik Mustafa bəy Topçubaşovun adı əbədiləşdirilmişdir. Görkəmli elm xadiminin anadan olmasının 100 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2025-ci il tarixdə “Akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyi”nin qeyd olunması haqqında imzaladığı Sərəncam görkəmli elm xadiminin xidmətlərinə müstəqil dövlətimizin yüksək ehtiramının əməli ifadəsidir. Azərbaycan elminin və təbabətinin inkişafının böyük töhfələr vermiş akademik Mustafa bəy Topçubaşovun parlaq adı və xidmətləri yeni nəsillər üçün əsl örnəkdir.

Akademik Mustafa bəy Topçubaşov Azərbaycan təbabətinin əfsanəsidir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Mədəniyyət