Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Kompüter elmləri” kafedrasının təşkilatçılığı ilə “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası: konseptual yanaşmalar” mövzusunda elmi seminar keçirilib. Seminarda universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak ediblər.
Seminarı giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir dövrdə rəqəmsallaşmanın dövlətlərarası münasibətlərdə, elm və təhsil sistemində mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, türkdilli ölkələr arasında rəqəmsal əməkdaşlığın genişləndirilməsi ortaq təhsil və elmi platformaların yaradılması, informasiya resurslarının paylaşılması və innovativ texnologiyaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Riyaziyyat fakültəsinin dosenti İlham Əhmədov “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası: konseptual yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.Məruzədə Türk Dövlətləri Təşkilatının “Süni intellekt və rəqəmsal inkişaf” istiqamətində həyata keçirdiyi təşəbbüslərin türk dünyasının yeni inkişaf mərhələsinə keçidində mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki, bu təşəbbüslər yalnız texnoloji yenilikləri deyil, həm də ortaq türk rəqəmsal məkanının formalaşdırılmasını hədəfləyir.
Məruzəçi vurğulayıb ki, “Vahid Türk Rəqəmsal Məkanı” ideyasının uğurla reallaşdırılması üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhsil sistemlərinin inteqrasiyası vacib şərtlərdən biridir. Onun sözlərinə görə, bu məqsədə nail olmağın əsas vasitəsi vahid informasiya-təhsil məkanının yaradılmasıdır. Vahid informasiya-təhsil məkanı müxtəlif ölkələrin təhsil müəssisələrini, elmi mərkəzlərini və tədqiqatçılarını ortaq rəqəmsal platformalar üzərindən birləşdirən müasir təhsil ekosistemidir. Bu sistem çərçivəsində universitetlər, müəllimlər, tələbələr və alimlər arasında bilik və təcrübə mübadiləsi daha operativ və səmərəli şəkildə həyata keçirilə bilər. Onun fikrincə, süni intellekt texnologiyalarının birgə tətbiqi və ortaq rəqəmsal platformaların yaradılması türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Seminarda sivilizasiyalararası rəqabətin rəqəmsal müstəviyə keçməsi, türkdilli ölkələrin vahid rəqəmsal universitet modelinin yaradılması, Türk Dövlətləri Təşkilatının universitetlər şəbəkəsinin perspektivləri, türk dünyasının ortaq intellektual məkanının formalaşdırılması, Avropa İttifaqının rəqəmsallaşma təcrübəsi və TDT üçün optimal rəqəmsallaşma modelinin seçilməsi kimi aktual məsələlər geniş müzakirə olunub.
Məruzədən sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Seminarın sonunda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbirin elmi və strateji əhəmiyyətini yüksək qiymətləndirərək universitetdə rəqəmsal transformasiya, süni intellekt və beynəlxalq əməkdaşlıq istiqamətində aparılan işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
XQ


