Ömrünün 60 ildən çoxunu jurnalistikaya həsr etmiş qocaman qələm sahibi Telman Qarayev daim peşəkarlığı ilə seçilib. Vaxtilə yatımlı-yapışıqlı səsini, peşəkar dil-üslubunu radiodan milyonların həvəslə dinlədiyi Əməkdar jurnalistin yubileyləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində, Yazıçılar Birliyinin Natəvan klubunda yaddaqalan görüşlərlə qeyd edilib.
Telman Qarayev 1934-cü ilin avqustunda Ağdamın Sarıcalı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra bir sıra qəzetlərdə şöbə müdiri işləyib. 1975-ci ildən isə həyatını Dövlət Teleradio Komitəsinə bağlayıb. Əvvəlcə televiziyanın musiqi redaksiyasında baş redaktor, sonradan isə radionun musiqi redaksiyasında şöbə müdiri, “Xalq yaradıcılığı” redaksiyasında redaktor müavini, məktublar, müxbirlər, yerli radio və canlı yayım birləşmiş qurumların rəhbəri kimi fəaliyyət göstərib. Vaxtilə bu sətirlərin müəllifi də teleradioda çalışıb. Peşəmizin “qaçdı-qovdu”su üzündən yaxın ünsiyyətimiz olmayıb, amma onu tanıyanlar hər zaman milli musiqinin, sənətin, mədəniyyətin fədaisi kimi səciyyələndiriblər. Verilişləri həmişə sonsuz maraqla izlənilib, sevə-sevə dinlənilib.
Telman Qarayevin “Sənətin keçdiyi yollar” kitabı bu baxımdan ən yaxşı bələdçidir. Evində yaratdığı “Səs muzeyi” də zəngin mənbədir. Orada kimlərin müsahibəsi, kimlərin ifası yoxdur: Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Süleyman Ələsgərovun, Şövkət Ələkbərovanın...
İfa demişkən, Telman müəllimin şeirinə də mahnı bəstələnib. Özü də 17 il konservatoriyada nəzəriyyədən dərs deyib. “Qarabağdan olasan, musiqini anlamayasan?! Bu, düz olmaz. O vaxt şair eloğlum Famil Mehdi mənə dedi ki, yazılarını oxuyuram, hər mövzuda yaxşı yazırsan, amma mən istəyirəm sən sırf musiqi sahəsində ixtisaslaşasan, o yazıların daha yaxşıdır. Musiqi sahəsində yazmaq ürəyimdən çox keçirdi, yəqin ona görə yaxşı alınırdı”.
...Dediyimiz mahnıya gəlincə, Telman Qarayev Şuşanın itirilməsindən təəssüflənərək 1992-ci ilin yayında “Darıxıram, Şuşam mənim” şeirini qələmə alıb və Cavanşir Quliyevə verib. Şeir bəstəkarı anındaca “tutub”. Tezliklə yaxşı bir mahnı-elegiya yaranıb və Xalq artisti Flora Kərimova yanıqlı səslə oxuyub. İndi artıq arxada qalan Qarabağ əzablarına o mahnı bir rekviyem olsa da, Şuşanın geri alınması məramı ilə bitirdi:
Oğul gərək dolaylardan keçib getsin,
Düşmənlərə sözün desin,
Dizin-dizin sənə yetsin,
Mən də bunu istəyirəm...
Nə yaxşı ki, istəyi gerçəkləşdi Telman müəllimin. Doğrudur, bu yolda çoxlu şəhid verdik. Onlardan biri də elə şairin adaşı oldu – Telman Qarayev adında 21 yaşlı şəmkirli igid. Amma hamısının ruhu şaddır. Çünki Şuşa, Ağdam... bütün Qarabağ artıq 5 ildir ki, azadlığına qovuşub. Bir çox kəndlər kimi, onun doğma Sarıcalısı da məskunlaşıb.
Azərbaycan radiosunun “Qızıl fond”unda T.Qarayevin hazırladığı onlarca verilişin lent yazısı saxlanılır. “Arzu” musiqi poçtu, “Ürək telləri”, “Xalq inciləri”, “Romans axşamı”, “Gəzdim, gördüm obamı”, “Ömrümüzdən keçən səslər”, “Qərib axşamlar”, “Xeyrə qənşər”, “Dünya bir pəncərədir”, “Ömür yolu”, “Məktub həftəsi”, “Borc”, “Dünəndən bu günə”, “Özümüz, sözümüz”, “Dilək ağacı” və başqa proqramlar Telman Qarayevin yaradıcılıq nümunələridir. Milli radiomuzun salnaməsinə daxil olan 500-dək lent yazısı onun adı ilə bağlıdır.
Bunu da öyrənirik ki, Telman Qarayev Ağdamda keçirilən “Xarıbülbül” festivalının da aparıcısı olub, lenti “Səs muzeyi”ndə qalır. Onun “yaddaş muzeyi” də zəngindir. Söhbət edir ki, 1990-cı ilin “Qanlı yanvar” günü evlərinin eyvanından həyətdə 3 nəfərin güllələndiyini görüb. “Atəş səslərini eşidəndə onu yazmağa başladım, eyvana çıxanda uşaqlar da mənimlə gəldi, bizim eyvanı da atəşə tutdular. Uşaqlarla əyildik, Yenə də ürəyim rahat olmadı. Həyətə düşmək istədim, yoldaşımın da səsi düşüb lentə. Deyir ki, bu uşaqları yetim qoyub hara gedirsən. Baxdım ki, binanın qabağında 3 nəfəri güllələdilər, aşağı düşəndə utandım səsyazanı yararlılara tərəf tutmağa, amma o xırıltı səslərinin hamısı lentə yazıldı. Birinin ahı o səsdə necə var idi elə də qalıb. Bu səs də daxil olmaqla, lentə köçürdüyüm bütün səsləri qoruyub saxlamaq, onları insanlara çatdırmaq istəyirəm”.
Təəssüf ki, Telman müəllimin indi bunu etməyə fiziki imkanı yoxdur. Çünki 2006-cı ildə gözləri elə Bakıdakı Şəhidlər xiyabanını ziyarət edən zaman tutulub və belə olandan sonra çox işləri yarımçıq qalıb. “Şəhidlər xiyabanını ziyarət edəndə Fərizə ilə İlhamın məzarının yanında gözlərim qaralmağa başladı. Əbədi məşələ çatmamış gözlərim tamam tutuldu. Uşaqlara dedim ki, tutun əlimdən, heç nə görmürəm”...
Dünya işığından məhrum olsa da, Telman müəllim 20 ilə yaxındır ki, dünyaya bəsirət gözü ilə baxır. “Qarşıdan radionun 100 illiyi gəlir, hazırlaşıram ki, bununla bağlı da bir kitab buraxam. Radionun 80 illiyində 2 veriliş hazırladım – “Bir dünya, bir pəncərə” və “Ömür yolu”. Birincisini dünyadan köçən – radioda, televiziyada işləyən adamlar haqqında, ikincisini isə yaşayan, amma işləməyən adamlar üçün etdim. 180 veriliş yazdım həmin proqramlarda. Çox istərdim 100 illikdə də o verilişlərdən təqdim etsinlər. Jurnalistikadan, radiodan uzaq düşmək çox çətindir mənim üçün”.
Mərhum yazıçı-jurnalist Yusif Kərimovun onun evində qonaq olandan sonra yazmış olduğu qeydlər bu fədakar insan haqqında daha dolğun təsəvvür yaradır: “Telman Qarayevin “Səs muzey”ində 5000-dən artıq eksponat toplanmışdır. Bunlar onun ömründən keçən şəxsiyyətlərin fikrini-düşüncəsini, habelə zamanın nadir hadisələrini özündə əks etdirən audio və video kasetlərdir. Səliqə ilə rəflərə düzülmüş, “yaşına” və mövzusuna görə qruplaşdırılaraq, kartotekaya salınmışdır. Buradakı muzey qayda-qanunlarını, muzey səliqə-səhmanını görüb, təəccüblənməmək mümkün deyil. Ən heyrətlisi odur ki, muzey sahibi dünya işığından məhrum olsa da, hər bir eksponatın adını, məzmununu və yerini qəlbinin gözləri ilə görür. Amma geniş mənzildə gözədəyən yeganə varidatın bu rəflərdən ibarət olduğunu görəndə təəccüblənmədim. Çünki Telman bu eksponatları üçün ömrünü-sağlamlığını xərclədiyi kimi, son qəpiyini də əsirgəməyib...
Telman Qarayevin mənzilində qonaq olduğum bir neçə saat ərzində sehrli aləmə, səslər dünyasına qovuşdum. Bu dünyada bəxtəvər günlərimizin nişanəsi ilə yanaşı, müsibətli günlərimizin də əks-sədasını eşitdim. Şuşaya – Cıdır düzünə qalxaraq, “Xarı Bülbül musiqi festivalı”nın iştirakçısına çevrildim. Qanlı 20 Yanvar gecəsinin atəş yağışına düşərək, düşmən gülləsinə tuş gəlmiş şəhid balamızın son sözlərini və iniltisini eşitdim. Səs toplusu içində sənət korifeylərinin canlı nəfəsini duydum. Deyirlər ki, səsimiz ruhumuzdur. Deməli, burada “ruhlar səltənətinə” qovuşdum...
Sonda yenə də Telman Qarayevin “Səs muzeyi” haqqında. Ümidvaram ki, bu nadir xəzinəyə rəsmi muzey statusu veriləcək. Bu məkanda Telmanın bələdçiliyi ilə silsilə verilişlər yaranacaq. Rəflərdə qərar tutan “səslər” canlanaraq, dönə-dönə yenidən danışacaq. Cənc nəslin yaddaşına hoparaq, gələcəyə köç edəcək...”
Azərbaycan radiosunun “Qızıl fond”unda T.Qarayevin hazırladığı onlarca verilişin lent yazıları saxlanılır. "Arzu" musiqi poçtu, "Ürək telləri", "Xalq inciləri", "Romans axşamı", "Gəzdim, gördüm obamı", "Ömrümüzdən keçən səslər", "Qərib axşamlar", "Xeyrə qənşər", "Dünya bir pəncərədir", "Ömür yolu", "Məktub həftəsi", "Borc", "Dünəndən bu günə", “Özümüz, sözümüz”, “Dilək ağacı” və başqa proqramlar Telman Qarayevin yaradıcılıq “övlad”larındandır.
Telman müəllimin şəxsi arxivində qəzet və jurnallarda çap etdirdiyi bütün materiallar səliqə ilə tikilib saxlanılır. Yaşının çox olmasına baxmayaraq, yazıb-yaratmaq eşqi onu tərk etməyib. Çatışmayan bircə gözlərinin nurudur ki, onu da, həmkarlarımızdan birinin dediyi kimi, ürəyinin işığı ilə əvəz edib. Arxivinin qiymətli materiallarının bir qismini – mətbuatda dərc edilmiş, musiqinin təbliği ilə bağlı yazılarını, efir məkanına həsr etdiyi məqalələrini toplayaraq üçcildlik kitab hazırlayıb. Qalır çap məsələsi...
Əli NƏCƏFXANLI
XQ