Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” başlanıb.
Bir neçə gün davam edəcək tədbirin məqsədi Azərbaycanın zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq potensialını təqdim etməkdir. Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq. Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək. Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək.
Dünən konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil olunub. Bu gün isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd ediləcək. Daha sonra səhnəmizin tanınmış sənətkarlarının, ifaçılarının iştirakı ilə təşkil olunan “Azərbaycan Milli Günü” Qala konserti ilə yekunlaşacaq.
Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq.
XQ