Ayda ilk atom elektrik stansiyası?

post-img

ABŞ-ın kosmosda enerji üstünlüyünə doğru yeni addımı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi – NASA qarşıdakı illərdə Ay səthində ilk nüvə enerji stansiyası qurmağı planlaşdırır. Bu mühüm və iddialı layihə dünya gücləri arasında kosmik sahədə gedən texnoloji və strateji rəqabətin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

“Politico” nəşrinin məlumatına görə, NASA-nın rəhbər vəzifəsini müvəqqəti icra edən Şon Daffi bu həftə 100 kilovat gücündə nüvə reaktorunun Ay səthinə yerləşdirilməsi planını rəsmən elan edəcək. Reaktorun 2030-cu ilədək Ayda fəaliyyətə başlaması nəzərdə tutulur. Layihə üçün yaxın aylarda ixtisaslı podratçıların seçiminə başlanacaq.

Bu reaktor enerji müstəqilliyi və dayanıqlılığı baxımından gələcək Ay missiyaları üçün mühüm rol oynayacaq. Ayda günəş enerjisindən məhdud istifadə şəraitində nüvə enerjisi uzunmüddətli yaşayış və elmi-tədqiqat bazaları üçün ən real enerji mənbəyi sayılır.

Ekspertlər hesab edir ki, ABŞ-ın bu təşəbbüsünün əsas motivasiyalarından biri Rusiya və Çin arasında artan kosmik əməkdaşlıqdır. Xatırladaq ki, 2021-ci ildə Moskva və Pekin Beynəlxalq Ay Stansiyası qurmaq barədə razılığa gəliblər. Bu layihə çərçivəsində Rusiyanın 500 kilovat gücündə nüvə reaktoru hazırlayıb, 2033-cü ildən gec olmayaraq Ay səthinə göndərməsi planlaşdırılır.

Beləliklə, Ayda enerji üstünlüyü və infrastrukturun qurulması uğrunda dünya gücləri arasında real mübarizə başlamış sayılır. Ayda daimi baza yaratmaq təkcə texnoloji deyil, həm də strateji və geosiyasi məsələdir, çünki bu, Yerin yeganə təbii peykində gələcək təsir imkanlarını müəyyən edəcək.

NASA-nın planlaşdırdığı 100 kVt-lıq nüvə reaktoru, müqayisə üçün desək, təqribən 30-40 evin enerji tələbatını ödəyə bilər. Lakin bu ölçü, Ay səthində yerləşəcək modul yaşayış sistemləri, elmi avadanlıqlar, kommunikasiya sistemləri və digər infrastrukturun enerji təminatı üçün kifayət qədər səmərəli sayılır. Bundan əvvəl NASA 40 kVt gücündə reaktorlar üzərində də iş aparırdı, lakin indi layihənin miqyası artırılıb.

Ayda nüvə enerji stansiyasının qurulması təkcə NASA üçün deyil, bütövlükdə insanlığın texnoloji səviyyəsinin yeni göstəricisidir. ABŞ, Çin və Rusiya kimi böyük dövlətlərin bu sahədəki təşəbbüsləri göstərir ki, XXI əsrin strateji rəqabət arenası artıq kosmosda cərəyan edir.

S.ELAY
XQ

Dünya