Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
Qərar
№ 3-27/3-7-12/2024
Bakı şəhəri 22 iyul 2024-cü il
“Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 8.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 22 iyul tarixli 3-27/3-7 12/2024 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə
qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və
kənar müdaxilədən mühafizə edilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.4-cü maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra – Konvensiya) 6 nömrəli Əlavəsinə uyğun olaraq hazırlanmışdır və mülki hava gəmiləri ilə uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatları əks etdirən qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsinə dair qaydaları müəyyən edir.
1.2. Bu Qayda ilə tənzimlənməyən müddəalar Konvensiyanın 6 nömrəli Əlavəsinin tələblərinə uyğun həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Konvensiyanın 6 nömrəli Əlavəsində nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatların qeydə alınması və qorunması
2.1. Hava gəmisinin istismarçısı istismar etdiyi hava gəmilərinin uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğularla (bundan sonra – qurğular) təchiz olunmasını təmin etməlidir.
2.2. Qurğular uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatların qorunub saxlanılmasını və kənar müdaxilədən mühafizəsini, habelə həmin məlumatların bərpası və transkripsiyası (səs qeydlərinin, texniki siqnalların və şifrəli mətnlərin təhlil oluna bilən yazılı mətnə çevrilməsinin) imkanını təmin edəcək şəkildə quraşdırılmalı, eləcə də zərbəyə və yanmaya davamlı olmalıdır.
2.3. Hava gəmisinin istismarçısı qurğulardan əldə olunan məlumatların texniki siqnallardan (şifrəli mətnlərdən) təhlil oluna bilən uçuş parametrlərinə çevrilməsini təmin edir.
2.4. Uçuş müddəti ərzində qurğular işlək olmalı və söndürülməməlidir. Bunun təmin edilməsi üçün istehsalçısı tərəfindən müəyyən edilmiş qaydada bu qurğuların işləkliyinin yoxlanması və onlar vasitəsilə aparılan yazıların keyfiyyətinin qiymətləndirilməsi hava gəmisinin istismarçısı tərəfindən həyata keçirilməlidir.
2.5. Hava gəmisinin istismarçısı qurğuların texniki qulluğunun, sınağının və təmirinin həyata keçirilməsi yolu ilə istismara yararlı vəziyyətdə olmasını təmin etməlidir.
2.6. Hava gəmisinin istismarçısı hava gəmisinin aviasiya hadisəsinə və ya insidentinə məruz qaldığı hallarda qurğuların və uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatları əks etdirən sənədlərin mümkün qorunmasını, həmçinin aviasiya hadisəsi və ya insidenti ilə bağlı araşdırma aparan dövlət qurumlarına təhvil verilənədək mühafizəsini təmin etməlidir.
2.7. Aviasiya hadisəsinin və ya insidentinin baş vermə səbəblərinin aydınlaşdırılması uçuş məlumatının qeydiyyatını, uçuş heyətinin kabinəsinin səsyazmasını və uçuş görüntülərinin çəkilişini qeydə alan qurğular vasitəsilə həyata keçirilir.
2.8. Uçuş görüntülərinin çəkilişini qeydə alan qurğu hər bir görüntünün çəkildiyi məkanı müəyyən etmək üçün Qlobal Yerləşdirmə Sistemi (GPS) qəbuledicisi ilə, məlumat bağlantısını qeydə alan qurğu isə məlumatların xronoloji qeydiyyatı üçün vaxt qeydi (vaxt möhürü) ilə təmin edilir.
2.9. Qurğular vasitəsilə qeydə alınan yazı və görüntülər aviasiya hadisəsinə və ya insidentinə səbəb olan vəziyyətləri, halları və faktları obyektiv və dəqiq müyyənləşdirməyə, habelə təhlil etməyə imkan verir. Bununla yanaşı, uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlər, səs yazıları, habelə əməliyyat təlimatları, uçuş əməliyyatının planı və uçuşların təhlükəsizliyinə dair sənədlər uçuş yollarını yenidən qurmaq, hava hərəkəti nümunələrini təhlil etmək və ümumi aviasiyada təhlükəsizliyi təkmilləşdirmək üçün istifadə edilir.
3. Qeydə alınan uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatların aviasiya hadisəsi və ya insidentinin araşdırılması zamanı istifadəsi
3.1. Aviasiya hadisəsi və ya insidentinin araşdırılması zamanı qurğuların oxunması həmin araşdırmanı aparan Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən təxirəsalınmadan təşkil edilməlidir.
3.2. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya araşdırma zamanı qurğuları oxumaq üçün imkanları olmadığı halda aşağıdakılar nəzərə alınmaqla xarici dövlətlərin və beynəlxalq təşkilatların aidiyyəti qurumları tərəfindən yaradılmış imkanlardan istifadəyə yol verilir:
3.2.1. oxuma qurğusunun olması;
3.2.2. oxunuşun vaxtında aparılması;
3.2.3. oxuma qurğusunun olduğu yer.
3.3. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatları əks etdirən qeydlərin, səs yazılarının, habelə əməliyyat təlimatları, uçuş əməliyyatının planı və uçuşların təhlükəsizliyinə dair sənədlərin bərpasına və idarə edilməsinə yalnız aviasiya hadisəsi və ya insidentinin araşdırılması sahəsi üzrə ixtisaslaşmış ekspert və mütəxəssislər cəlb edilməlidir.
3.4. Hava gəmisinin istismarçısı tərəfindən Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya təqdim edilən sənədlər elektron formatda, habelə Konvensiyanın 6 nömrəli Əlavəsinin tələblərinə uyğun olmalıdır.
4. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatların saxlanılması və mühafizəsi
4.1. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatların (o cümlədən məxfi və ya konfidensial olduqda) saxlanılması və mühafizəsi Azərbaycan Respublikasının “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında”, “Milli arxiv fondu haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına uyğun olaraq təmin edilir.
4.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi əldə edilməsi məhdudlaşdırılan (məxfi və konfidensial) məlumatlar istisna olmaqla, məlumatların mühafizəsi vəzifəsini mülki aviasiya subyektlərinə ötürə bilər. Mülki aviasiya subyektləri qeyd olunan halda informasiya mühafizəsini həyata keçirəcək şəxsləri həmin Agentlik ilə razılaşdırmaqla müəyyən etməlidirlər.