Yaxın Şərq: hərbi qarşıdurma kəskinləşir

post-img

Yaxın Şərq hazırda, sanki, barıt çəlləyinə bənzəyir və üstəlik, bu azmış kimi, regiona müxtəlif dövlətlərdən çoxlu sayda odlu silahlar gətirilir. Görünən budur ki, hamı savaşa hazırlaşır. Müharibələr isə ölüm və dağıntılar gətirir. 

Bölgədə düz 10 aydır ki, HƏMAS yaraqlıları ilə İsrail Ordusu arasında ağır döyüşlər gedir. Regionda daha çox ölkənin birbaşa iştirakı ilə yeni böyük müharibənin başlaya biləcəyi ehtimalı olduqca yüksəkdir. 

Regionda anbaan artan eskalasiyanın səbəbi məlumdur. Belə ki, bir neçə gün əvvəl İranın yeni prezidentinin inauqurasiyası başa çatan gecə paytaxt Tehranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə raket zərbəsi ilə öldürülüb. İran rəsmiləri buna görə İsraili günahlandırıblar və kəskin cavab tədbirləri görəcəklərini bəyan ediblər. 

Nüfuzlu “Axios” portalı dünən amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb ki, ABŞ Müdafiə Nazirliyi yaxın günlərdə “iranyönümlü yaraqlılar” tərəfindən bölgədəki Amerika qüvvələrinə hücumların artacağını gözləyir. 

Təsadüfi deyil ki, İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, “israilli nazir amerikalı həmkarını regionda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən, İrandan gözlənilən potensial təhdidlərdən müdafiə etməyə hazır olması barədə məlumatlandırıb”. Y.Qalant həmçinin qarşı tərəfə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib. 

Dünən “The New York Times” nəşri məlumat yayıb ki, İran İsrail ilə mümkün müharibəyə hazırlıq çərçivəsində Rusiyadan müasir hava hücumlarından müdafiə sistemləri istəyib. Adlarının açıqlanmasını istəməyən İran mənbələri xəbəri təsdiqləyiblər və modern radar və hava hücumundan müdafiə sistemlərinin təchizatının başlandığını bildiriblər. 

Qeyd edək ki, avqustun 5-də Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın eyni adlı qurumunun katibi Əli Əkbər Əhmədianın dəvəti ilə Tehrana səfər edib. Yeri gəlmişkən, S.Şoyqu mediaya açıqlamasında deyib ki, Moskva İranla regional məsələlər üzrə hərtərəfli əməkdaşlığa hazırdır. 

Hər şey bəllidir. Rusiya İrana, ABŞ isə yaxın müttəfiqi İsrailə hərbi dəstək  verir. Məlum olub ki, ABŞ hərbi gəmiləri və döyüş təyyarələri regionda müharibənin genişlənməsinin qarşısını almaq və ABŞ rəsmilərinin dediyi kimi, “İsrailin müdafiəsi” üçün Yaxın Şərqə yollanıb.

ABŞ, Qərb və İordaniya öz vətəndaşlarını Livanı tərk etməyə çağırıblar. Ağ ev çağırışın İranın İsrailə hərbi hücumu qorxusu fonunda müdafiə xarakteri daşıdığını bildirir.

Bu arada ABŞ Prezidenti Co Bayden ilə İordaniya Kralı II Abdullah arasında telefon danışığı olub. Məlumata görə, liderlər Yaxın Şərq nizamlanmasının perspektivləri, eləcə də regionda atəşkəsin razılaşdırılması, girovların azad edilməsi yolu ilə gərginliyin azaldılması və sair məsələləri müzakirə ediblər. Həmçinin bir sıra ikitərəfli məsələlərə də toxunulub.

Dünən regiondan yayımlanan ən son məlumata görə, İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi Livandan sərhədi keçən “şübhəli hava hədəfini” uğurla ələ keçirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, itkilər barədə məlumat yoxdur. Həmçinin vurğulanıb ki, raket hücumu təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenlərinin işə düşməsinə səbəb raket qalıqlarının düşmə təhlükəsi olub.

Biz bu yazının əvvəlində qeyd etdik ki, bu günlərdə regiona çox sayda silahlar gətirilir. Eyni zamanda, hərbi mütəxəssislər bölgəyə daha sıx səfərlər edirlər. Buraya hadisə yerindən operativ reportajlar yayımlamağa gələn jurnalistlərin də sayı artıb. Deməli, havadan barıt qoxusu gəlir. 

Məsaim ABDULLAYEV 
XQ

 

Dünya