Neft bazarı çökür

post-img

Dövlətlərin bu sahədən gəliri azalır

Yaxın Şərqdə vəziyyət gərginləşib. Bazar ertəsi İsrail HƏMAS təşkilatının rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İrandan intiqam məqsədi ilə cavab zərbəsi gözləyərkən, ABŞ müttəfiqini qorumaq üçün dəniz qüvvələrini gücləndirir. Bunların fonunda isə dünya bazarında neft sürətlə ucuzlaşır.

Əmtəə bazarı tamamilə fərqli reaksiya nümayiş etdirir. Adətən, ən mühüm enerji resursunun istehsalı üçün çoxsaylı obyektlərin və onun nəqli üçün dəniz yollarının yerləşdiyi Yaxın Şərq regionunda vəziyyətin hər hansı kəskinləşməsi neftin qiymətinin artmasına səbəb olur. Lakin bu dəfə hər şey tamamilə fərqlidir. Əgər avqustun 1-də Şimal dənizində Brent markalı neftin bir bareli, təxminən, 81,5 dollara, 1 gün sonra  77,5 dollara satılırdısa, bazar ertəsi bu göstərici 76 dollar olub. Hətta ticarət zamanı kotirovkalar (maliyyə aktivinin satıcı və ya alıcı tərəfindən elan edilən və alqı-satqı etməyə hazır olduğu cari qiyməti) 75 dollara düşüb. Bu isə 2024-cü ildən bəri ən aşağı səviyyədir.

Beləliklə, dünya bazarı 6 ayda neft fyuçers satışlarının ikinci böyük dalğasının şahidi olub. Birinci dalğa aprelin əvvəlində, neftin 1 barelinin qiyməti 91 dollar olanda başlayıb. 2 ay əvvəl, OPEC+ görüşündən sonra kotirovkalar iyunun 4-də ticarət zamanı 77 dollardan aşağı düşdüyü zaman kulminasiya nöqtəsinə çatıb. Hətta o zaman çöküşün əsas səbəbi kimi planetin iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çindən əldə edilən məyusedici makroiqtisadi məlumatlar göstərilib. Digər tərəfdən Çin dünyanın ən böyük neft idxalçısıdır. 

Qiymətlərin xüsusilə kəskin enməsinin bilavasitə səbəbi isə Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla bir sıra əsas OPEC+ iştirakçılarının oktyabr ayında dünya bazarına neft tədarükünü tədricən artırmağa başlamaq qərarı olub. Bu qərar ABŞ və Çində iqtisadi dinamikanın pisləşməsi və müvafiq olaraq onların neftə olan tələbatının ehtimal olunan azalması ilə açıq şəkildə ziddiyyət təşkil edirdi.

Düzdür, həmin çöküşdən sonra qiymətlər bir qədər bərpa olundu, təxminən, 87,5 dollaradək yüksəldi. Amma sonra vəziyyət dəyişməyə başladı. İyulun 5-dən başlayaraq 1 aydır ki, neftin qiyməti yenidən aşağı düşməyə başlayıb. Hazırda, təxminən 76-77 dollar səviyyəsindədir. Eyni zamanda, bir çox treyder kotirovkaların daha da aşağı düşməsi ehtimalının yüksək olduğunu bildirib.

Keçən həftənin sonundan etibarən fyuçerslərin sürətli satışına səbəb, həm də ABŞ-da əmək bazarının vəziyyəti ilə bağlı məlumatlar olub. Bildirilib ki, işsizlik son 3 ildə ən yüksək həddə çatıb. Bu, Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizədə son iyirmi ildə ən yüksək olan faiz dərəcəsini azaltmağı geçikdirməsi ilə bağlı qorxuları artırıb. İndi ABŞ tənəzzüllə qarşılaşa bilər.

Beləliklə, Amerikada digər zəif makroiqtisadi göstəricilərlə güclənən tənəzzül qorxusu Yaxın Şərqdə yeni hərbi əməliyyatların gözlənilməsi təhlükəsi ilə daha da artıb. Hazırda kotirovkaların çöküşünə (və aparıcı birjalarda səhm qiymətlərinin əhəmiyyətli dərəcədə azalması) səbəb olan iqtisadi narahatlıqların bazara nə qədər təsir edəcəyi bəlli deyil. Bəlli olan dünya fond birjalarında səhmlərin ucuzlaşmasıdır. Bəzi səhmlərdə qiymət 1,5-2,5 faiz düşüb. Dollar da digər aparıcı valyutalara nisbətən dəyərsizləşib. 

Neftin dünya bazar qiymətində azalması  Azərbaycana da təsir edir. Çünki neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Ölkə ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Buna görə neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir. İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı. Hazırda dünya bazarında neftin qiyməti büdcədəki qiymətdən cüzi artıqdır. Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyyə balansımızın vəziyyəti birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq.

İqtisadçı-ekspert neft qiymətinin manatın məzənnəsinə təsirlərinə də toxunub. Bildirib ki, neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Pünhan ƏFƏNDİYEV 
XQ

 

Dünya