Ölkəmiz mina təcrübəsini dünya ilə paylaşır

post-img

Bakıda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.

Konfransın ikinci günündə çıxış edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla sülh razılaşmasına yaxın olduğunu qeyd edərək deyib: “Ən əsas odur ki, Azər­baycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalar­la çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbayca­nın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır.

Düzgün xəritələrin verilməməsi prob­lemi daha da dərinləşdirir. Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yara­dılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu prosesə illər lazım­dır. Lakin Azərbaycanın bu istiqamətdə işləyən qurumu – ANAMA məhsuldar fəa­liyyət göstərir. Xanımlardan ibarət minatə­mizləyənlər də var. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək azdır. İna­nırıq ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək”.

BMT-nin Sülh Əməliyyatları Departa­mentində Qanunun aliliyi və təhlükəsiz­lik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyev konfrans iştirakçılarına videomüraciətində Azərbaycan hökumə­tinə ətraf mühiti mühafizə sahəsində hə­yata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətləri 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a evsahibliyi et­məsi onu göstərir ki, ölkə ətraf mühi­tin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini – xüsusilə ANAMA-nın gördüyü işləri yük­sək qiymətləndirirəm. Bu yaxınlarda bey­nəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə, mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir".

Açılış nitqlərindən sonra konfrans pa­nel sessiyalarda davam edib. 

“Ətraf mühitin davamlı reabilitasiya­sı üçün milli bacarıqların yaradılması”, "Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi və mina fəaliyyəti vasitəsilə inklüziv transformasiya" və “Yaşıl davamlı inkişaf üçün siyasət inteqrasiyası və təb­liğat” mövzularında keçirilən panel ses­siyalarda minaların ətraf mühitə vurduğu ziyandan, insanların həyatı üçün yaratdı­ğı təhlükələrdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətləndirilməsi və sakinlərin qayıdışı üçün beynəlxalq humanitar mi­natəmizləmə fəaliyyətinin aparılmasının vacibliyindən söhbət açılıb, ANAMA-nın mina təmizləmə fəaliyyəti yüksək qiymət­ləndirilib. 

Sonra konfransın yekununa dair Bə­yannamə qəbul edilib. Bəyannaməni BMT İnkişaf Proqramının Qlobal mina təmizləmə fəaliyyəti və inkişafı üzrə mü­şaviri Ştayner Essen oxuyub.

Sonda çıxış edən Azərbaycan Res­publikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov Azərbay­canın minatəmizləmə sahəsində böyük təcrübə əldə etdiyini diqqətə çatdıraraq deyib: "Biz bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırıq. Həmin təcrübəni əldə etmək bizə baha başa gəldi”.

Minalar və partlamamış hərbi sursat­ların milliyyətindən asılı olmayaraq insan­ların həyatlarına son qoyduğunu qeyd edən N.Süleymanov, onların su və torpaq resurslarına ciddi təhdid olduğunu da vurğulayıb. "Dünyada konfliktlərin artdığı vaxtda biz birlikdə müharibələrin fəsadla­rına qarşı mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən mənfuru minalardır.

Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. Biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırma­ğı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik”, - deyə N.Süley­manov fikirlərinə yekun vurub. 

Bununla da konfrans işini başa çatdı­rıb. 

Xatırladaq ki, konfransın ilk günü Zən­gilanda, ikinci günü isə Bakıda keçirilib. 

***

“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələ­cək üçün resursların səfərbər olunma­sı” mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda Bəyannamə qəbul olunub. Bəyannamədə bildirilir: 

“Biz, 2024-cü il 30-31 may tarixlərin­də Azərbaycanın Zəngilan rayonunda və Bakı şəhərində keçirilən Minatəmizləmə üzrə 3-cü Beynəlxalq Konfransın iştirak­çıları bir araya gələrək təhlükəsiz və yaşıl gələcək üçün minaların ətraf mühitə təsi­rinin azaldılması və resursların səfərbər edilməsi məsələlərini müzakirə etdik. Bu xüsusda, 

Biz – Mülki şəxslərin, o cümlədən uşaqların, qadınların və digər qeyri-dö­yüşçü əhalinin həyatına son qoymağa, şikəst etməyə və yaralamağa davam edən minaların və müharibənin partlayı­cı qalıqlarının dağıdıcı və fərq qoymadan təsirləri ilə bağlı dərin narahatlıq ifadə edərək;

Minalarla çirklənmənin ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstər­diyini, bununla da müvafiq tədbirlər va­sitəsilə minalarla çirklənmənin mümkün mənfi təsirlərinin qarşısının alınmasının və yumşaldılmasının zəruri olduğunu qə­bul edərək;

İqlim dəyişmələrinin partlayıcı hərbi sursatla bağlı təhlükələrin azaldılması səylərinə mənfi təsir göstərdiyini nəzərə alaraq;

“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qa­dağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” (“Ottava Konven­siyası”) və “Kasetli sursatlar haqqında Konvensiya” (“Oslo Konvensiyası”) da daxil olmaqla, minaların və PHS-nin isti­fadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda, hamını bu sənədlərə rəsmi ri­ayət olunması istiqamətində addımlar at­mağa təşviq edərək; 

BMT Təhlükəsizlik Şurasının 2017-ci il 30 iyun tarixli 2365 (2017) saylı qət­naməsini və onun minatəmizləmə fəaliy­yəti ilə bağlı bütün əvvəlki qətnamələrini xatırladaraq;

BMT Baş Assambleyasının 2023-cü il 7 dekabr tarixli 78/70 saylı qətnaməsi­ni və onun minatəmizləmə fəaliyyətinə dəstəklə bağlı bütün əvvəlki qətnamələri­ni xatırladaraq; 

Silahlı münaqişələr zamanı mədə­ni sərvətlərin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına tərəf ölkələrin on beşinci iclasında (2023) qəbul edil­miş “Minaların mədəni irsə təsiri” adlı UNESCO-nun qətnaməsini alqışlayaraq;

BMT-nin Baş katibinin 2023-cü il iyu­lun 31-də dərc edilmiş, minalarla çirklən­mə və iqlim dəyişmələri arasında dərin­ləşən qarşılıqlı əlaqənin qeyd olunduğu A/78/259 saylı “Minatəmizləmə fəaliyyə­tinə dəstək” adlı hesabatını nəzərə ala­raq;

Birləşmiş Millətlər Təşkilatının Minatə­mizləmə fəaliyyəti ilə bağlı Strategiyasını və Birləşmiş Millətlər Təşkilatının Minalar­dan təmizləmə zamanı Qurbanlara Yar­dım Siyasətini nəzərə alaraq;

“Minatəmizləmə fəaliyyətində ətraf mühitin idarə edilməsi” Beynəlxalq Mina Təmizləmə Standartını IMAS 07.13 nəzərə alaraq;

2022-ci və 2023-cü illərdə Azərbay­canda keçirilmiş Minatəmizləmə fəaliyyəti üzrə əvvəlki Beynəlxalq konfransları və onların yekun sənədlərini təqdir edərək; 

Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi və da­vamlı sosial-iqtisadi təsirləri ilə bağlı nara­hatlığı ifadə edərək;

Minatəmizləmə fəaliyyətinin sülh qu­ruculuğu prosesində etimadı möhkəmlən­dirən dəyərli tədbir olduğunu vurğulaya­raq; 

1. Humanitar minatəmizləmənin eko­loji aspektlərinin minatəmizləmə ilə bağlı səylərə inteqrasiya olunmasına çağırırıq;

2. Texniki, maliyyə və maddi yardım, təlimlər də daxil olmaqla, adekvat və mü­vafiq resursların ayrılması, o cümlədən minatəmizləmə üsulları və texnologiyaları üzrə tədqiqat və inkişafı təşviq etməklə mina qurbanlarına yardım, minalardan təmizləmə və risklərlə bağlı maarifləndiril­mə kimi onun bütün sahələrində minatə­mizləmə fəaliyyətini dəstəkləmək üçün bütün dövlətləri və digər maraqlı tərəfləri buna dəvət edirik; 

3. Minaların və müharibənin partlayı­cı qalıqlarının səbəb olduğu itkilərin qar­şısının alınması və mina qurbanlarına tibbi xidmət, reabilitasiya və cəmiyyətə reinteqrasiya daxil olmaqla fəal dəstəyin təmin edilməsi ilə bağlı kompleks tədbirlə­rin görülməsinin zəruri olduğunu vurğula­yırıq, dövlətləri və müvafiq təşkilatları bu səylər üçün resurslar ayırmağa və təcrü­bələrini bölüşməyə çağırırıq; 

4. Minatəmizləmə fəaliyyətinin ətraf mühitlə bağlı milli və beynəlxalq strate­giyalara inteqrasiyasını təmin etməklə, iqlim dəyişmələrinin təsirinin azaldılması, uyğunlaşma və dayanıqlılığa dair müza­kirələrə və strategiyalara minatəmizləmə fəaliyyətini daxil etməklə, Birləşmiş Mil­lətlər Təşkilatının iqlim konfranslarını mi­naların və müharibənin partlayıcı qalıqla­rının ətraf mühitə təsirini qəbul etməyə və həll etməyə, həmin sahə üçün resursların ayrılmasına çağırırıq;

5. Minatəmizləmə fəaliyyətinin 2030-cu il Gündəliyinə daxil edilməsinin vacibliyini vurğulayır və bu məsələnin cari ilin sonunda keçiriləcək Gələcəyin Sam­mitində nəzərdən keçirilməsini tövsiyə edirik;

6. Dövlətləri və müvafiq maraqlı tərəf­ləri bilik, təcrübə və texnologiya sahələ­rində mübadilə vasitəsilə əməkdaşlığı genişləndirməyə çağırırıq; Bu xüsusda, biz Azərbaycan Respublikası ilə Birləş­miş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Minatəmizləmə fəaliy­yəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasına dair imzalanmış niyyət bə­yanatını alqışlayırıq;

7. BMT-nin üzv dövlətlərini minatə­mizləmə ilə bağlı, o cümlədən minaların basdırıldığı yerlər haqqında məlumat mü­badiləsinə dair müvafiq beynəlxalq öhdə­liklərinə əməl etməyə çağırırıq;

8. Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi təhlükə yaratdığı, eləcə də ətraf mühitə, ərzaq təhlükəsizliyinə və daha geniş sosial və iqtisadi inkişafa əngəl törətdiyi ölkələrdə milli minatəmizləmə potensialının yara­dılmasına və inkişafına dəstək vermək məqsədilə dövlətləri və müvafiq təşkilat­ları səylərini davam etdirməyə çağırırıq;

9. Təsirə məruz qalmış dövlətləri, BMT-nin aidiyyəti qurumlarını, minatə­mizləmə fəaliyyəti ilə məşğul olan regi­onal təşkilatları və qurumları, QHT-ləri minalarla çirklənmənin mənfi təsirlərinin azaldılması istiqamətində səyləri və həll yollarını səfərbər etmək üçün minatəmiz­ləmə fəaliyyətinin ekoloji aspektini proak­tiv şəkildə aktuallaşdırmağa çağırırıq; 

10. Bu konfransın keçirilməsinə hərtərəfli dəstəyinə və yüksək qonaqpər­vərliyinə görə Azərbaycan Respublikası­nın Hökumətinə minnətdarlığımızı bildi­ririk. Biz, həmçinin Azərbaycanla, eləcə də minadan zərər çəkmiş bütün ölkələrlə onların minalarla bağlı böyük probleminin həllində həmrəy olduğumuzu bildirir və beynəlxalq ictimaiyyəti Azərbaycanın hu­manitar minatəmizləmə sahəsində səylə­rini dəstəkləməyə çağırırıq; 

11. 2024-cü il BMT-nin İqlim Dəyiş­mələri Konfransına (UNFCCC COP29) sədrliyində Azərbaycana uğurlar arzula­yırıq”.

XQ



Son xəbərlər