Bu bioloji sərvət təhlükə ilə də üzləşib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Nasar Hayat beynəlxalq biomüxtəlifliyə həsr olunan mərasimlə bağlı müraciətində Azərbaycanın dünyanın bioloji baxımdan ən zəngin, eyni zamanda, ən çox təhlükə ilə üzləşən ekosistemlərindən biri sayılan Qafqaz ekoloji regionunun bir hissəsi olduğunu bildirib.
BMT-nin rəsmisi qlobal əhəmiyyətə malik buğda, arpa, kartof və tərəvəz kimi ərzaq məhsullarının becərilən məkanı olmaqla bərabər, həm də bənzərsiz ekoloji müxtəlifliyi ilə tanınan Azərbaycanı regionun ən biomüxtəlif ölkələrindən biri kimi dəyərləndirib. Nasar Hayat daha sonra deyib: “Azərbaycanın təbiəti uca dağlardan tutmuş düzənliklərə, çaylara, bataqlıqlara, göllərə və Xəzər dənizinin 800 kilometrlik sahilinə qədər uzanır. Bu müxtəlif landşaftlar rütubətli subtropik zonalardan quru subtropik zonalara və mülayim iqlimlərə qədər bir sıra mikroiqlim və yaşayış mühitini dəstəkləyir. Bu kompleks ekosistem mozaikası Azərbaycanın zəngin təbii irsinin əsasını təşkil edir.
Lakin bu təbii irs artan təzyiqlərlə üz-üzədir. Davamlı olmayan torpaq istifadə üsulları, infrastruktur layihələri, qanunsuz ov və balıqçılıq, çirklənmə, meşə yanğınları, invaziv növlər və iqlim dəyişikliyi ekosistemlərin deqradasiyasına və növlərin itirilməsinə səbəb olur. Azərbaycanda biomüxtəlifliyin azalması yalnız təbiətin qorunması ilə bağlı deyil, həm də ölkənin dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və iqlimə davamlılığı baxımından ciddi çağırışdır”.
BMT-nin respublikamızdakı nümayəndəsi əlavə edib ki, Azərbaycanda biomüxtəlifliyin itirilməsinə qarşı cavab tədbirlərindən biri mühafizə olunan ərazilərin genişləndirilməsidir. Hazırda ölkənin, təxminən, 10,3 faizini əhatə edən geniş mühafizə olunan ərazi şəbəkəsi mövcuddur. Bu şəbəkəyə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir ki, hər biri unikal növlərin və ekosistemlərin qorunmasında mühüm rol oynayır. Mühafizə olunan ərazilər şəbəkəsi daxilində biomüxtəlifliyin həm zənginliyini, həm də qorunma çətinliklərini nümayiş etdirən iki nümunəvi ərazi isə Şirvan və Hirkan milli parklarıdır.
N.Hayat, eyni zamanda, bildirib ki, mühafizə olunan ərazilər hələ də xarici təzyiqlər, institusional resursların məhdudluğu və idarəetmə çağırışları ilə üzləşir. Bunu nəzərə alaraq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” adlı layihə həyata keçirilir”.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmisi deyib ki, Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi mühafizə olunan ərazilərin səmərəliyini artırmaq və biomüxtəlifliyi qorumaq üçün landşaft yanaşmasını tətbiq etməkdir. Bu inteqrasiya olunmuş və çoxsektorlu yanaşma yalnız mühafizə olunan ərazilərin daxilində deyil, həm də onların ətrafındakı ekoloji deqradasiyanın səbəblərini aradan qaldırmağa yönəlib. Layihə müxtəlif səviyyələrdə tərəfdaşları bir araya gətirərək ekosistemlərdə, o cümlədən ətraf icmalarda və bufer zonalarında təbiətin qorunmasını dəstəkləyir.