Ölkəmizdə təmiz iqtisadi keçid geniş miqyas alıb

post-img

Qlobal əhəmiyyətli konfransın – COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə müsbət təsir göstərməklə bərabər, həm də iqlim dəyişikliyinin ətraf mühitə, iqtisadiyyata, insanların sağlamlığı və təhlükəsizliyinə ciddi təhdid olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

Sessiya müddətində COP ölkələri bir araya gəlməklə iqlim dəyişikliyindən irəli gələn problemlərinin dərindən müzakirəsini gerçəkləşdirəcək, istixana qazlarının həcminin azaldılması məqsədilə birgə hərəkətlər barədə qərarları qiymətləndirəcək və yenilərinin qəbulu istiqamətində təşəbbüslər irəli sürüləcək.

Beynəlxalq aləm COP29-dan müsbət nəticələr gözləyir və bu konfransın qlobal iqlim məqsədlərinə nail olunması yolunda mühüm mərhələ kimi qalacağına böyük ümid bəsləyir. Sessiyanın gündəliyində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü, COP Atəşkəs çağırışı, Bakı Qlobal İqlim Şəffaflığı Platforması və digər təşəbbüslərin qeydə alınması da bu inamın gerçəkləşəcəyindən xəbər verir. Media Təhlil Mərkəzinin hazırladığı “COP29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək” sərlövhəli məqalədə də bu barədə ətraflı söhbət açılır.

Yazıda əminliklə vurğulanır ki, COP29 zəngin karbohidrogen resursları ilə tanınan Azərbaycanın artıq “yaşıl iqtisadiyyat”, eləcə “yaşıl texnologiyalar” ölkəsinə çevrilməkdə olduğunu bütün dünyaya nümayiş etdirəcək bir platforma kimi təsdiqini tapacaq. Bu, həm də “yaşıl iqtisadiyyat”a keçid baxımından Azərbaycanın yaratdığı uğurlu bir modelin dünyaya təqdimatı baxımından mühüm önəm daşıyacaq.

Konfransda respublikamızın “yaşıl iqtisadiyyat”a keçidlə bağlı əldə etdiyi uğurların dəyərləndiriləcəyi də heç bir şübhə doğurmur və hazırda bu təcrübənin öyrənilib dünyada tədbiqinə maraq göstərilməsi açıq–aydın müşahidə olunur. Məqalədə bu amilə toxunularaq bildirilir ki, hazırda dünyada iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və resursların tükənməsi ilə bağlı narahatlıqlar artdıqca, “yaşıl iqtisadiyyat” daha böyük önəm kəsb edir. Çünki belə iqtisadiyyat ekosistemlərə xələl gətirmədən iqtisadi tərəqqini təşviq edir. Bu transformasiyanın mərkəzində karbon emissiyalarını azaltmaq, resurslara qənaətlə yanaşmaq, istehsal və istehlakın ətraf mühitə təsirlərini minimuma endirmək üçün nəzərdə tutulan “yaşıl texnologiyalar”ın inkişafı dayanır.

Media Təhlil Mərkəzinin hazırladığı yazıda haqlı olaraq bildirilir ki, “yaşıl iqtisadiyyat”ın və “yaşıl texnologiyalar”ın inkişafı cəmiyyətlərdə ekoloji davamlılıq və iqtisadi rifahın bir-birinə qarışan problemlərinin həllində köklü dəyişikliyi əks etdirir. Ümumiyyətlə, “yaşıl iqtisadiyyat” davamlılığı və inklüzivliyi prioritetləşdirən iqtisadi modeldir. BMT-nin Ətraf Mühit Proqramına görə, “yaşıl iqtisadiyyat” ekoloji riskləri və problemləri əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, insanların rifahının yüksəlməsinə də ciddi təsir göstərir.

Bu model, uzunmüddətli ekoloji dayanıqlılıq hesabına qısamüddətli mənfəət və artıma üstünlük verən ənənəvi iqtisadi sistemlərdən fərqlənir. O, karbon emissiyalarını azaldan, biomüxtəlifliyi qoruyan, enerji və təbii ehtiyatlardan səmərəli istifadəyə üstünlük verən sənayenin, buna müvafiq yeni iş yerlərinin yaradılmasını təşviq edir. Məsələn, bərpa olunan enerjiyə keçid təkcə karbon emissiyalarını azaltmağa kömək etmir, həm də külək, günəş və su enerjisi kimi sektorlarda yeni iş imkanları yaradır. Bunun əyani nümunəsini Azərbaycanın timsalında görmək mümkündür. Bu nümunənin geniş yayılması Azərbaycan üçün prioritetdir, çünki o, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasına böyük dəstək ifadə edir.

Media Təhlil Mərkəzi analtiklərinin fikrincə, ekoloji cəhətdən təmiz hesab olunan “yaşıl texnologiyalar” da enerji səmərəliliyini artırmaq, tullantıları azaltmaq və bərpaolunan mənbələrdən istifadəni dəstəkləməklə insan fəaliyyətinin ətraf mühitə təsirlərini minimum həddə endirmək məqsədi güdür. Belə texnologiyanın ən mühüm sektorlarından biri bərpaolunan enerjidir. Günəş, külək, su və digər bərpaedilən enerji texnologiyalarının əsas enerji mənbələrinə çevrilməsi günümüzdə zəruri şərtdir.

Bu istiqamətdə respublikamızda da genişmiqyaslı layihələr gerçəkləşdirilir, xarici tərəfdaşlarla uğurlu iş aparılır. Eyni zamanda, xarici investisiyalar hesabına Azərbaycanda “yaşıl enerji” istehsalında mühüm uğurlar əldə edilir. Ötən ilin oktyabrın 26-da istifadəyə verilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası bunun bariz ifadəsidir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin tikdiyi bu stansiyaya xarici sərmayə qoyuluşu 262 milyon ABŞ dolları dəyərindədir. Enerji infrastrukturu ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Burada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir ki, bu da 110 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılması deməkdir.

Məqalədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl” enerji zonalarına çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə də söhbət açılır. Bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Böyük Britaniyanın BP, Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment” şirkətləri ilə sıx işbirliyinin həyata keçirildiyi, günəş işığı, külək və su kimi təbii ehtiyatlardan istifadə edilməklə iqlim dəyişikliyi təsirlərinin zəiflədildiyi vurğulanır.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” enerji zonasına çevrilməsi istiqamətində son illərdə xeyli iş görülüb, ümumi gücü 636 kilovat olan “Arximed” qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2 min kilovatdan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayanacaqlar, elektrikdoldurma məntəqələri quraşdırılıb. Bütün bu gerçəkləşdirilən layihələr azad edilmiş ərazilərin xalis sıfır emissiyalı “yaşıl” enerji zonasına çevrilməsinə, bölgədə 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə nail olunmasına hesablanıb.

Hazırda hidroenerji potensialı yüksək olan işğaldan azad edilən ərazilərdə su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyi kimi diqqət çəkir. Bu regionların elektrik enerjisi tələbatının 100 faiz “yaşıl” enerji hesabına gerçəkləşdirilməsi və tələbatdan artıq qalan həcmin ölkə enerji sisteminə ötürülməsi də bunun bariz ifadəsidir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda 270 meqavat gücündə 32 su elektrik stansiyası fəaliyyət göstərir. Bu, il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazı həcminin isə 330 min tondan çox azalması deməkdir.

Onu da qeyd edək ki, dövlət başçısının 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı Qarabağ və Şərqi Zəngəzurda daha 28 su elektrik stansiyasının inşası nəzərdə tutulur. Həmin stansiyalardan ümumi gücü 37,5 meqavat olan 6 kiçik su elektrik stansiyasının hazırda tikintisi aparılır.

Naxçıvan Muxtar Respublikasında isə 2030-cu ilədək 1200 meqavat gücündə günəş elektrik stansiyalarının reallaşdırılması üzrə “Baltech”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq edilir. Əlverişli günəş radiasiyasına və 5 min meqavat həcmində bərpaolunan enerji potensialına malik qədim diyarda “yaşıl” enerji zonası uğurla inkişaf etdirilir.

Respublikamızın bərpaolunan enerji potensialı əsasında istehsal edilən “yaşıl” sərvətin tezliklə ixracının həyata keçirilməsi, ölkəmizin bu sahədə genişmiqyaslı uğurlu layihələr reallaşdırması, eləcə də 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir məqsədin gerçəkləşdirilməsi isə 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin respublikamızda 35 faizə qədər azaldılmasına hesablanıb. Bundan başqa 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik də götürülüb. Bunun üçün günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələrin davamlı olaraq reallaşdırılması, ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanması prioritet istiqamət kimi seçilib.

 



İqtisadiyyat