230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasında (GES) elektrik enerjisinin istehsalı 1 milyard kilovat-saata çatıb. Bu münasibətlə keçirilən mərasimdə Energetika Nazirliyi, “Azərenerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin rəhbər şəxsləri iştirak ediblər.
Bildirilib ki, 2023-cü ildə istismara verilmiş “Qaradağ” GES Azərbaycanın bərpaolunan enerji sahəsində ilk irimiqyaslı beynəlxalq investisiya layihəsi olmaqla, ölkəmizdə “yaşıl enerji” keçidinə mühüm töhfə verir. İki il ərzində istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.
Daha sonra simvolik sertifikatın imzalanma mərasimi keçirilib. Sertifikatı Azərbaycan tərəfdən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “Azərenerji” ASC İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov imzalayaraq “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidliyə təqdim ediblər.
Xatırladaq ki, “Qaradağ” GES ildə, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını “yaşıl enerji” ilə təmin edir.