Ortaq layihələr isə iqtisadi münasibətlərə dinamizm gətirir
Azərbaycan və Qazaxıstan tarix, dil və mədəni baxımdan ortaq köklərə malik olmaqla yanaşı, iqtisadi əlaqələr sahəsində də son illərdə dərin inteqrasiyaya doğru irəliləyir. Ötən müddətdə iki ölkə nəqliyyat, energetika, kənd təsərrüfatı və alternativ enerji sahələrində birgə layihələr həyata keçirərək qarşılıqlı ticarət və investisiya axınlarını əhəmiyyətli dərəcədə artırıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində bu ölkənin “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibəsində ölkələrimiz arasında 20 il əvvəl imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin müxtəlif sektorlarda inkişaf üçün etibarlı təməl yaratdığını vurğulayaraq bildirib ki, hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Dövlətimizin başçısı deyib: “Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub”.
Son illər Orta Dəhliz və Türk dünyası çərçivəsində strateji mövqe qazanan iki qardaş ölkə investisiya sahəsində də uğurla əməkdaşlıq edir. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyədək ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu amil investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Bu sahədə uğurlu əməkdaşlığın nəticəsidir ki, 2025-ci ilə qədər Azərbaycanın Qazaxıstan iqtisadiyyatına qoyduğu investisiyalar 225 milyon dolları, Qazaxıstanın ölkəmizə yatırımları isə 136 milyon dolları keçib. Qarşılıqlı investisiyaların yönəldildiyi sahələr isə geniş və əhatəlidir. Həmin sahələr əsasən, neft emalı və nəqli sahəsində birgə layihələri, nəqliyyat və logistika üzrə liman infrastrukturlarını, kənd təsərrüfatı üzrə taxıl anbarları və logistik mərkəzlərini, bərpaolunan enerji sektoru üzrə günəş və külək enerjisi stansiyalarını və s. əhatə edir.
Bir məqamı da qeyd edək ki, ötən ay Astanada keçirilən Azərbaycan – Qazaxıstan biznes forumu çərçivəsində 15-dən çox kommersiya razılaşması imzalanıb. İki ölkənin iştirakı ilə reallaşdırılan əsas ortaq layihələr də iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Bu baxımdan Trans–xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, bu layihə Çindən Avropaya yük daşımalarının Azərbaycan və Qazaxıstan üzərindən keçməsi ilə reallaşdırılır. Cari ilin ilk yarısında bu marşrutla 3 milyon tondan çox yük daşınıb. İki ölkənin Xəzər dənizi üzərindən birləşdirən Aktau – Bakı gəmi xətti ilə ildə 100 mindən çox konteyner daşınır.
Bakı – Tbilisi – Ceyhan vasitəsilə qazax neftinin daşınması isə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri kimi aktuallığını getdikcə artırır. Elə 2024-cü ildən etibarən Qazaxıstan neftinin BTC boru kəməri vasitəsilə Aralıq dənizinə nəqlinin əhəmiyyətli dərəcədə çoxalması da bunu təsdiqləyir.
Müşahidələr isə göstərir ki, son illərdə tərəfdaşlıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır, alternativ enerji və rəqəmsal transformasiya sahələrində də inkişaf müşahidə olunur. Kurık limanı yaxınlığında günəş enerjisi layihəsi üzrə ilkin razılaşma, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində qurulan “yaşıl enerji” zonalarına qazax investorlarının artan marağı bu baxımdan diqqət çəkir. Ən nəhayət, gələcəkdə iki ölkənin iştirakı ilə 300 milyon dollarlıq birgə investisiya fondun yaradılması nəzərdə tutulur ki, bu da ortaq layihələrin həyata keçirilməsini xeyli sürətləndirəcək.
Göründüyü kimi, Azərbaycan ilə Qazaxıstan arasındakı investisiya əməkdaşlığı həm də geosiyasi və mədəni baxımdan strateji əhəmiyyət kəsb edir. Ortaq layihələr Orta Dəhliz üzərində yerləşən bu iki ölkəni Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində daha da gücləndirir. 2025-ci ilin reallıqları onu göstərir ki, bu əməkdaşlıq modeli digər region ölkələri üçün nümunə ola bilər.
Akif NƏSİRLİ,
iqtisadçı-ekspert
Azərbaycan və Qazaxıstan arasında münasibətlər yalnız mədəni və tarixi bağlılıqla deyil, həm də iqtisadi praqmatizm və qarşılıqlı investisiya maraqları ilə dərinləşir. Xəzər regionunun bu iki aparıcı ölkəsi həm enerji təhlükəsizliyi, həm də Trans–xəzər nəqliyyat-logistika dəhlizinin inkişafı sahəsində strateji tərəfdaşa çevriliblər. Son illərdə isə iqtisadi əməkdaşlığın mahiyyəti sadə ticarət münasibətlərindən çıxaraq kapital, texnologiya və infrastruktur yatırımlarına əsaslanan ortaq investisiya modelinə çevrilməkdədir.
Ənənəvi olaraq enerji sektoru iki ölkə əməkdaşlığının təməlini təşkil edib. Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məlum olduğu kimi, 2024-cü ildə Qazaxıstanın “KazMunayGas” şirkəti tərəfindən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,5 milyon tondan artıq neft ixrac olunub. 2026-cı ilə qədər isə bu göstəricinin 6-7 milyon ton səviyyəsinə çatdırılması planlaşdırılır. Bu, həm Azərbaycanın tranzit gəlirlərini artıracaq, həm də Qazaxıstanın Xəzərin şərq sahillərindən Avropa bazarına çıxışını təmin edəcək.
Perspektivdə isə iki ölkə arasında bərpaolunan enerji sahəsində birgə layihələrin (Xəzərdə külək və günəş parklarının inşası), “yaşıl hidrogen” istehsalı və ixracı üzrə pilot proqramların, SOCAR və “KazMunayGas” arasında neft-kimya sənayesində ortaq müəssisələrin yaradılması (xüsusən Ələt və Aktau zonalarında), eləcə də Trans–xəzər dəhlizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İnfrastruktur əməkdaşlığı sahəsində Bakı və Aktau limanları arasında “vahid rəqəmsal logistika platforması”nın qurulması və “vahid gömrük pəncərəsi” sisteminə keçid planlaşdırılır. Bu təşəbbüslər Azərbaycanı Cənubi Qafqazda, Qazaxıstanı isə Orta Asiyada logistika mərkəzinə çevirməyi hədəfləyir.
Qarşılıqlı investisiya fəaliyyəti də ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan şirkətlərinin Qazaxıstanın cənub bölgələrində istixana və suvarma sistemlərinə yatırımlarını qeyd etmək olar. Həmin layihələr həm ərzaq təhlükəsizliyini, həm də iki ölkənin regional ticarət balansını gücləndirəcək.
Hazırda Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın “Baiterek” Holdinqi arasında birgə investisiya fondunun yaradılması müzakirə mərhələsindədir. Fondun əsas istiqamətlərinə isə bərpaolunan enerji, aqrar-sənaye, nəqliyyat və logistika infrastrukturu daxildir. Heç şübhəsiz, bu fond vasitəsilə iki ölkə öz kapitalını prioritet strateji layihələrə yönəltməklə qarşılıqlı maliyyə dayanıqlılığını təmin edəcək. Yəni Azərbaycan – Qazaxıstan əməkdaşlığı təkcə iqtisadi deyil, həm də geoiqtisadi və strateji xarakter daşıyır. Bu tərəfdaşlıq enerji təhlükəsizliyinin təminatına, Orta Dəhlizin rəqəmsallaşmasına, regional sənaye inteqrasiyasına, eləcə də aqrar sabitliyə və ərzaq təhlükəsizliyinə xidmət edir.
Mirbağır YAQUBZADƏ
XQ