“Şərqi Azəri” – Xəzərdə nadir dəmir ada

post-img

Buradan indiyədək 85 milyon ton neft çıxarılıb

Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” ölkəmizi dünyanın etibarlı enerji tərəfdaşına çevirib. Bu nəhəng neft sazişinin həyata keçirildiyi illər ərzində Azərbaycanda və xaricdə dünyasəviyyəli tikinti-quraşdırma layihələri həyata keçirilib, ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilib.

“Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda geniş sahəni əhatə etdiyindən bu nəhəng neft sazişi bir neçə mərhələdə reallaşdırılıb. Belə ki, “İlkin neft layihəsi” çərçivəsində görülmüş işlər nəticəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycanı dünyanın neft ixrac edən dövlətlərinin sırasına qoşulsa da, qarşıdakı illərdə nəzərdə tutulmuş iri neft hasilatı və ixracı layihələri ölkədə nəhəng tikinti-quraşdırma işlərinə yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi (“Faza-1”) ilə bağlı qərar qəbul edildikdən sonra “Əsrin müqaviləsi”nin reallaşdırılmasında mühüm dövr başlanıb.

2005-ci ilin fevralında “Mərkəzi Azəri” platformasının istismara verilməsi ilə ölkəmizdə böyük neft hasilatının əsası qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi il ərzində əlavə 18-19 milyon ton neft hasilatına imkan yaradıb və bununla da “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsi 24-25 milyon tona çatdırılıb.

“Azəri” yatağının qərb və şərq hissələrinin işlənməyə cəlb edilməsi isə “Əsrin müqaviləsi”nin tammiqyaslı işlənmə layihəsinin ikinci mərhələsi (“Faza-2”) çərçivəsində həyata keçirilib. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlamağa dair qərar qəbul olunub. Layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 2002-ci il oktyabrın 8-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə podratçı təşkilatlar arasında 8 əsas müqavilə imzalanıb. Yeri gəlmişkən, 5,2 milyard dollar dəyərində qiymətləndirilən “Faza-2” layihəsi “Əsrin müqaviləsi”nin icrası çərçivəsində “İlkin neft layihəsi”ndən sonra AÇG yataqlarının tammiqyaslı işlənilməsinin növbəti mühüm mərhələsidir. Bu mərhələ çərçivəsində “Azəri” yatağının qərb və şərq hissələrinin işlənilməsi təmin edilib.

“Ümumilikdə, “Faza-2” layihəsinə 48 quyunun qazılması üçün nəzərdə tutulmuş 2 hasilat, qazma və yaşayış platforması, “Mərkəzi Azəri”yədək 22 düymlük, həmçinin Səngəçal terminalına qədər 30 düymlük boru kəmərləri daxildir. “Faza-2” qurğuları “Azəri” yatağı üçün dənizdə və quruda inkişaf kompleksi yaratmaq məqsədilə “Faza-1” obyektləri ilə birləşdirilib.

Xatırladaq ki, bu mərhələ üçün nəzərdə tutulmuş əsas tikinti-quraşdırma işlərinə dəniz obyektlərinin inşası, istismar quyularının qazılması, sualtı boru kəmərlərinin çəkilməsi və Səngəçal terminalındakı mövcud neft qəbuletmə obyektlərinin genişləndirilməsi daxil idi. Bundan əlavə, “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ilə paralel olaraq burada əvvəlcədən planlaşdırılmış öncəqazma proqramı da uğurla reallaşdırılıb.

Nəhayət, uğurlu tikinti-quraşdırma işlərindən sonra 2006-cı il oktyabr ayının 22-də “Azəri” yatağının şərq hissəsi də istismara daxil edilib. Bununla da yatağın istismara daxil edilməsi tamamlanıb. Burada quraşdırılmış “Şərqi Azəri” platforması Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin, təxminən, 152 metr dərinliyində yerləşir. Bu hasilat, qazma və yaşayış platforması 48 quyunun qazılması üçün layihələndirilib. Ötən müddətdə platformadan 36 quyu qazılıb. Bunların da 27-si hasilat, 8-i su injektor, 1-i isə şlamların laylara vurulması quyusudur.

Müqavilə müddətində “Faza-2” layihəsi çərçivəsində 210 milyon ton (1,6 milyard barel) neft hasilatı nəzərdə tutulur. Burada illik maksimal neft hasilatı isə 2010-cu ildə qeydə alınıb (gündəlik orta hasilat 140,7 min barel və ya illik 7 milyon ton). Cari ilin ilk yarısında platformada gündəlik hasilat orta hesabla 42 min barel təşkil edib. Ötən 19 il ərzində “Şərqi Azəri” platformasında, ümumilikdə, 85 milyon ton (629 milyon barel) neft çıxarılıb. Bütövlükdə isə “Azəri” yatağının şərq hissəsinin istismara daxil edilməsi “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsini 40 milyon tonadək artırmağa imkan yaradıb.

Xatırladaq ki, “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ildə “Çıraq” yatağından ilk neftin hasil olması ilə başlayan Azərbaycanın yeni neft erası sonralar “Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrinin istismara daxil edilməsi ilə sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat