Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibindəki nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlər üzrə statistik göstəricilər açıqlanıb. Qurumun məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə daşınan sərnişinlərin sayı əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 26 min nəfərə çatıb.
Məlumata görə, 9 ayda “BakuBus” MMC üzrə bu göstərici 40 faiz artımla 522 min nəfər, “Azərbaycan Hava Yolları” QSC (AZAL) üzrə isə 1 faiz artımla 3,1 milyon nəfər təşkil edib. AZAL tərəfindən həyata keçirilən tranzit sərnişin daşımaları isə 18 faiz artaraq 326 min nəfərə yüksəlib.
“Bakı Metropoliteni” QSC-də istismarda olan vaqonların sayı 9 faiz artaraq 351-ə çatıb, qatarlararası interval isə 15 saniyə endirilərək 1 dəqiqə 45 saniyə olub.
Hesabat dövründə yükdaşımalar sahəsində də artım qeydə alınıb. ADY ilə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 6 faiz artaraq 2,651 min tona çatıb. Bakı Limanı vasitəsilə konteyner aşırmaları 40 faiz artaraq 77 min TEU təşkil edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə isə quru yolla daşınan yüklərin həcmi 70 faiz çoxalaraq 1 milyon 19 min tona, tankerlə daşımalar 11 faiz artaraq 3 milyon 346 min tona, Xəzərdənkənar daşımalar isə 191 faiz çoxalaraq 1 milyon 100 min tona yüksəlib.