Astanada “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib.
Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndəsi iştirak edib.
İqtisadiyyat nazirinin müavini Anar Axundov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə təxminən üç dəfə artaraq 2025-ci ilin yanvar–sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini, həmçinin ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar barədə məlumat verib.
Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və baçqaları çıxış edərək ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəştlər və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşdırılması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzulara toxunublar.
XQ