Biz isə sevindirici oyun gözləyirik
Bu axşam xorvatiyalı hakim İqor Pajacın UEFA Çempionlar Liqası turnirinin Liqa mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda yerli “Atletik” klubu ilə Ağdamın “Qarabağ” komandası arasında görüşün başlandığını bildirən start işarəsi səslənəndə Bakıda saat 20:45 olacaq. Elə həmin andan etibarən də nəzərlərimiz İctimai Televiziyada “Real”ın və “Barselona”nın vətəninə yönələcək.
Qarşıda bizi son dərəcə gərgin mübarizə vəd edən oyun gözləyir. Meydan sahibləri turnirin əvvəlində hər iki görüşdə uduzmuşlar, qonaqlar isə Bilbaoya maksimum nəticə – 6 xalla 36 komandanın turnir cədvəlində liderlər qrupunda getmişlər və Almaniyanın “Bavariya”, İspaniyanın “Real”, Fransanın PSJ, İtaliyanın “İnter”, İngiltərənin “Arsenal” komandaları kimi nəhəng klublarla yanaşı addımlayırlar.
Güman etmək olar ki, belə bir vəziyyətdə “Atletik” elə ilk dəqiqələrdən azarkeşlərinin möhkəm dəstəyi ilə böyük qüvvə ilə hücuma atılıb, xoşbəxtliyi rəqib qapısında axtarmağa tələsəcək, “Qarabağ” isə həmişəki kimi, öz oyununu oynayıb, səbirlə, təmkinlə, vaxtı çatanda kəsərli, sürətli, bir qədər də gözlənilməz həmlələrlə həlledici sözünü deməyə, 8 il əvvəl, 2017-ci il oktyabrın 31-də Madriddə “Atletiko” ilə matçdakı kimi (1:1) yaxşı nəticəyə nail olmağa çalışacaq.
Bu mövsümdə Çempionlar Liqası turniri başlayandan bəri Azərbaycanla yanaşı, Avropada, lap elə dünyada – Türkiyə, Braziliya, Kolumbiya, Polşa, Ukrayna, Kabo Verde və digər ölkələrdə Azərbaycan çempionuna maraq və diqqətin daha da artdığını heç kimə sübut etməyə ehtiyac yoxdur. Çox istərdik ki, İctimai Televiziyanın şərhçisinin də, onun İspaniyaya səfərinin səbəbkarı “Qarabağ”ın da səsi yenə gur gəlsin!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist