Mərkəz və filiallarında ötən dövrdə həssas qruplara aid 820-dən çox benefisiara xidmətlər göstərilib.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 4 il ötür.
2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işlər aparılır.
Bu məqsədlə Mərkəzdə 14 istiqamət (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii tikmə, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə yaradıcılıq təlimləri təşkil olunur. İnklüziv cəmiyyətin inkişafında mühüm rola malik olan müəssisənin son illər İsmayıllı və Bərdə rayonlarında filialları da yaradılıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 820-dən çox benefisiara xidmətlər göstərilib.
Mərkəzin təlimçi və benefisiarlarının iştirakı ilə 150-dən çox inklüziv tədbir təşkil olunub. Qurum beynəlxalq miqyaslı tədbirlərdə də fəal təmsil olunur. Məsələn, Cənubi Koreyada 4-cü Qış Olimpiya Oyunları çərçivəsində təşkil olunan ekspozisiyada və 2025-ci il Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisində, Cenevrədəki Millətlər Sarayında 2 aprel – Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş tədbirdə, Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” sərgisində Mərkəzin benefisiarları da yaradıcılıq nümunələri ilə çıxış ediblər.
Hazırda Mərkəz və filiallarında 226 benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak edir. Benefisiarlar sosial-psixoloji dəstək xidmətləri ilə də təmin edilirlər.
M.Kamal
XQ