Azərbaycan Mərkəzi Asiyanın “uran körpüsünə” çevrilir - TƏHLİL

post-img

Mərkəzi Asiyanın ixrac imkanlarının artmasında və dünya bazarlarına daha səmərəli, etibarlı marşrut üzərindən çıxışında Azərbaycanın müstəsna rol oynaması birmənalı həqiqətdir. Sözügedən coğrafiyada istehsal və hasil edilən müxtəlif məhsulların Azərbaycan üzərindən dünya bazarlarına nəql həcminin artması da bu mənada tamamilə təbii xarakterə malikdir. Hadisələrin inkişaf axarı göstərir ki, qarşıdakı dövr ərzində Mərkəzi Asiyadan, o cümlədən Qazaxıstandan gələn, Azərbaycandan keçməklə müxtəlif bazarlara daha çox miqdarda məhsul ixracı gözlənilir.

Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyadan daha çox məhsulun ixracına əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bu xüsusda qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir: “Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.

O da qeyd edilməlidir ki, hazırda Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiya ölkələri müxtəlif növ məhsulların Azərbaycan üzərindən ixracının artırılmasına xüsusi diqqət edirlər. Enerji məhsulları burada xüsusi çəkiyə malikdir. Tezliklə Mərkəzi Asiyanın istehsal etdiyi yaşıl enerjinin də Avropaya nəqlində yenə Azərbaycan tranzit məkan kimi həlledici mövqedə olacaq. Digər bir mühüm enerjidaşıyıcısı kimi Qazaxıstanın uran məhsullarının da Azərbaycan vasitəsilə dünya bazarlarına tədarükünün həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib: “Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır. Bununla bağlı Azərbaycanın hörmətli Prezidentinə bütün əsas təşəbbüs və layihələri dəstəklədiyinə görə minnətdarlığımı bildirmək istəyirəm”.

Xatırlatmaq lazım gəlir ki, hələ sovetlər dövründə Qazaxıstanın uran sənayesi SSRİ-nin nüvə hərbi-sənaye kompleksinin ayrılmaz hissəsi kimi mühüm rol oynayırdı. Sovet İttifaqı dağılandan sonra Qazaxıstan bu sahənin mülki müstəvidə inkişafını xüsusi diqqət mərkəzində saxladı, mühüm nailiyyətlərin müəllifinə çevrilməyi bacardı. Xüsusən də 1997-ci ildə dövlətə məxsus olan “Kazatomprom” nüvə şirkətinin yaradılması ilə uran sənayesi yeni yüksəliş mərhələsinə qədəm qoydu. Bu mühüm addım bütün dünyada nüvə enerjisinə marağın yenidən artması ilə üst-üstə düşdü və Qazaxıstan hökumətinə təbii uranın yerli istehsalını əhəmiyyətli dərəcədə genişləndirən milli nüvə sənayesinin inkişafı strategiyasını uğurla həyata keçirməyə imkan verdi. 2009-cu ildə Qazaxıstan qlobal uran bazarında 28 faizlik payla birinci yerə çıxaraq, Kanada və Avstraliyanı geridə qoydu, dünyanın aparıcı uran istehsalçısı statusunu qazandı. Sonrakı dövrdə bu status daha da möhkəmləndi. Hesablamalara əsasən, Qazaxıstan dünya üzrə çıxarıla bilən uran ehtiyatlarının 12 faizinə malikdir. Burada ümumi ehtiyatlar 1,4 milyon həcmində ton qiymətləndirilir. Bundan əlavə, Qazaxıstanın uran yataqlarının geoloji xüsusiyyətləri hasilatın daha ucuz başa gəlməsinə imkan verir. Qazaxıstan təbii uranla yanaşı, yanacaq dəstləri kimi yüksək əlavə dəyərli nüvə məhsullarının da istehsalına xüsusi diqqət edir.

Ölkədə istehsal olunan uran Çin, ABŞ, Cənubi Koreya, Avropa İttifaqı, Hindistan, Kanada və digər istiqamətlərə ixrac olunur. Amma son illərdə Qazaxıstan öz məhsullarının ixracında yeni tranzit istiqamətlərinə üstünlük verir və bu baxımdan Azərbaycan ərazisi mühüm strateji dəhliz kimi ön plana çıxır. Xüsusən də Azərbaycan ərazisindən keçən Orta Dəhliz Qazaxıstan üçün həm strateji, həm də iqtisadi cəhətdən ən əlverişli istiqamət hesab olunur. Qazaxıstanın uran məhsulları, xüsusilə də “Kazatomprom” tərəfindən istehsal edilən uran konsentratlarının bu dəhliz vasitəsilə daşınması çoxsaylı üstünlüklər qazandırır. Qeyd olunmalıdır ki, uran məhsulları əsas etibarı ilə Qazaxıstanın cənub bölgələrində – Çu-Sarısu və Sırdərya hövzələrindəki zavodlarda emal edilir. Buradan onların Aktau limanına daşınması, oradan Xəzər dənizi vasitəsilə Bakı limanına göndərilməsi, daha sonra isə dünya bazarlarına çıxarılması ən əlverişli marşrut kimi çıxış edir. Bu marşrut sayəsində Qazaxıstan məhsulları şimal istiqamətlərindən asılı vəziyyətə düşmür. Əvəzində, Azərbaycan Qazaxıstan üçün həm alternativ, həm də etibarlı enerji-logistika tərəfdaşına çevrilir. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, Avropa İttifaqı da Qazaxıstanın uran və uran məhsullarının məhz Azərbaycan üzərindən idxalında maraqlıdır.

Azərbaycanın təqdim etdiyi logistik xidmətlər və təhlükəsiz tranzit zəmanəti də prosesə öz töhfəsini verir. Uran məhsullarının daşınması xüsusi təhlükəsizlik tələbləri ilə müşayiət olunur, bu fonda Bakı limanında radioaktiv materialların saxlanması və nəzarəti üçün beynəlxalq standartlara cavab verən terminalların inşası böyük əhəmiyyət kəsb edir. Qazaxıstanın uran məhsullarının Azərbaycan üzərindən tədarükü təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində logistik inteqrasiyasını gücləndirir.

Bundan başqa, Avropa İttifaqı son illərdə enerji tədarükündə etibarlı və şaxələndirilmiş mənbələrə üstünlük verir. Bu baxımdan Qazaxıstan uranının Azərbaycan üzərindən Avropaya daşınması sözügedən qurum üçün alternativ enerji təminat marşrutu rolunu oynayır. Azərbaycan bu prosesdə enerji tranzit mərkəzindən enerji təhlükəsizliyi tərəfdaşına çevrilir. Bütün bunlar həm də Azərbaycan–Qazaxıstan əməkdaşlığının strateji dərinləşməsini özündə ehtiva edir. İki ölkə arasında bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi strateji xarakter daşıyır. Azərbaycan və Qazaxıstan dövlət başçıları səviyyəsində qəbul olunan birgə bəyanatlarda Xəzər üzərindən enerji-logistika əlaqələrinin inkişafı prioritet kimi göstərilir. Bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid nəqliyyat məkanı və birləşmiş enerji bazarı konsepsiyasına da tam uyğundur.

MTM Analitik Qrupu 

İqtisadiyyat