Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib

post-img

Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 22-də 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib.

Nazirlər Kabinetindən XQ-yə bildiriblər ki, tədbirdə çıxış edən Ə.Əsədov Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğulayıb, cəmi bir neçə il ərzində forumun regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq etdiyini bildirib.

Baş nazir Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstanın əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq iqtisadi-ticari əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

“Bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər”, - deyə Ə.Əsədov vurğulayıb.

Bildirilib ki, Azərbaycanı və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir. Bu gün iki ölkə yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır.

Nəqliyyat-tranzit sahəsinin ənənəvi olaraq gündəlikdə xüsusi yer tutduğunu bildirən Ə.Əsədov ölkəmizin strateji coğrafi yerləşməsinin və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələrin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.

“Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən ardıcıl iş aparılır. Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Eyni zamanda, ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib. Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir. Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq hava limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq karqo hava limanının tikintisi davam edir. Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib”, - deyə Baş nazir əlavə edib.

Bütün bu layihələrin Orta dəhlizin tərkib hissəsi olduğu diqqətə çatdırılıb, dəhlizin Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur.

Dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımların atıldığını deyən Baş nazir liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələrin bu əməkdaşlığın bariz nümunələri olduğunu diqqətə çatdırıb.

Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edilib ki, bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər.

Birgə səylərin regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bu kontekstdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmaların regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyəti vurğulanıb.

“Bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək”, - deyə Ə.Əsədov qeyd edib.

Baş nazir Azərbaycanın regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirdiyini bildirib, Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətlərin aradan qaldırılmasını Azərbaycan tərəfinin bu kontekstdə mühüm töhfəsi kimi qiymətləndirib.

“Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir”, - deyə o əlavə edib.

Ə.Əsədov, həmçinin energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuş uzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyəti barədə söhbət açıb, bu strateji tərəfdaşlığın artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrildiyini bildirib.

Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz boru kəmələri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin energetika sahəsində uğurlu əməkdaşlığın əsasını təşkil etdiyi diqqətə çatdırılıb.

“Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin etmişdir. Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilmişdir. Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir”, - deyən Baş nazir yaşıl enerji sahəsində əməkdaşlığa toxunub. O, Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış etdiklərini bildirib.

Azərbaycanın regionun tranzit və enerji potensialının tam reallaşdırılması, dayanıqlı logistik zəncirlərin və yaşıl enerji dəhlizlərinin qurulması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyi, bu istiqamətdə bütün tərəfdaşlarla açıq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.





Siyasət