Simonyana qarşı qəzəb və Ermənistan parlamentindəki tragikomik durum
Fakt faktlığında qalır: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və olmaqda davam edir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin ali qanunverici orqanında dünən Azərbaycanla sərhədin delimitasiyası üzrə birgə komissiyanın əsasnaməsinin müzakirəsi zamanı bildirib.
Qeyd edək ki, A.Simonyan oxşar fikri bir müddət əvvəl “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində də səsləndirmiş və buna görə tənqidlərə, hətta təhqirlərə məruz qalmışdı. Ancaq erməni spikeri tanınmış hüquq müdafiəçisi, ermənilərin Qarabağ müharibəsinə görə azərbaycanlılardan üzr istəməsinin vacibliyi ideyasını təbliğ edən, mövcud səbəbdən Ermənistanda təqiblərə məruz qalan və ömrünü Tbilisidə başa vuran Georgi Vanyana bənzətməyə tələsməyək. Çünki birinci sülh müqaviləsi məsələsində çoxsaylı manipulyasiyalara gedən hakim komandanın əsas fiqurudur.
Hər bir halda, Ermənistan parlamentində Qarabağın Azərbaycan ərazisi olduğu fikri nə qədər çox səslənsə, bir o qədər yaxşıdır. Bu mənada Simonyanı təqdir etmək mümkündür. Hərçənd, analoji halın hələ işğal dövründə də müşahidə olunduğunu söyləyə bilərik. Lap əvvəl isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan demişdi ki, hazırkı şərtlərlə razılaşıb Azərbaycana güşəştə gedilməlidir. Çünki gələcəkdə bu şərtlər olmayacaq. L.Ter-Petrosyan belə söyləyərkən, heç şübhəsiz ki, beynəlxalq prinsipləri, o cümlədən, BMT-nin dörd qətnaməsinin mövcudluğunu hesaba almışdı. Ermənistan isə uzun illər nə qətnamələri saydı, nə beynəlxalq hüququ, nə də bəşəri dəyərləri. Bunun cəzasını isə 44 günlük müharibə zamanı layiqincə çəkdi.
İndi A.Simonyan Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərkən, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi üzərində dayanır. O qətnamələrin ki, torpaqlarımızın işğalının yolverilməzliyini bildirirdi və beləliklə, həm də Qarabağı Azərbaycan torpağı kimi qəbul edirdi. Ermənistan parlamentində təmsil olunan müxalif “Ermənistan” blokunun deputatı Geqam Manukyan isə spikerdən soruşur: “Təcavüzü (Azərbaycanın Qarabağa təcavüzü məntiqini işə salır – red.) legitimləşdirmək üçün sizə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etməyi kim məsləhət görüb?”
A.Simonyan bu cılız suala cavab vermədən diqqəti başqa məqama yönəldib. O deyib ki, G.Manukyanın mənsub olduğu siyasi qüvvə (“Daşnaksütyun” Partiyası - red.) Dağlıq Qarabağın, yəni bölgədəki separatçı qurumun müstəqilliyini heç vaxt tanımayıb. Üstəlik, qurum Ermənistanın hazırkı inzibati-ərazi bölgüsü layihəsinə səs verib ki, bu da Simonyanın fikrincə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir.
Əslində, erməni spikerin cavabını pozitiv qiymətləndirmək yerinə düşmür. Məsələ ondadır ki, hazırkı erməni hakim komandası, bir qayda olaraq, Qarabağın itkisinə görə eksləri günahlandırmaq yolunu tutur. Yəni belə təəssürat yaranır ki, sanki zamanında hazırkı Ermənistan hakimiyyəti iqtidarda olsaydı, bölgə əldən çıxmayacaqdı. Halbuki, belə yanaşma da yolverilməzdir və Qarabağ mövzusunun Ermənistan üçün vaciblik trayektoriyasını vurğulayır. Bu vurğulanma özünü göstərməməlidir. Məsələyə mövcud prizmadan yanaşsaq, Simonyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə deyil, tarixi həqiqətlərə, haqqa və ədalətə söykənməsi şərtdir. Nəzərə alaq ki, sözügedən qətnamələr haqq və ədalət prinsiplərinin pozulması səbəbindən meydana çıxmışdı. Daha pisi isə odur ki, bu sənədlər otuz ilə yaxın müddətdə icra olunmamış qalmışdı. Azərbaycanın yalnız öz gücü hesabına işğala son qoyduğu, beləliklə, BMT-nin adına yazılmış qara ləkəni təmizlədiyi danılmaz faktdır. Ancaq Simonyanın təmsil olunduğu komandanın lap əvvəldən konstruktiv davranmaq imkanı olmuş, amma bu imkandan istifadə etməmiş, əksinə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı səslənmişdi.
Bütün bunlara görədir ki, hazırda Manukyan kimi sırtıq daşnaklar parlamentdə Simonyanın üzünə durub nəyisə sübuta yetirməyə can atır, müxtəlif manipulyasiyalara baş vururlar. Məsələn, Manukyan deyir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Qarabağın statusu ilə deyil, atəşkəsin və hərbi əməliyyatların dayandırılması ilə bağlı idi: “Qətnamələr Qarabağa hücum və işğal üçün Azərbaycana hətta yarılegitim, əhəmiyyətsiz hüquqi əsas da vermirdi”.
Göründüyü kimi, Manukyanın həyasızlığı sərhəd tanımır. Buna cavab olaraq isə A.Simonyan bildirib ki, nəyinsə kontekstdən çıxarılmasına ehtiyac yoxdur: “Mən başa düşürəm, siz istənilən sözdən yapışıb tezis formalaşdırmağa cəhd edə bilərsiniz. Lakin fakt faktlığında qalır: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”.
Lakin Ermənistan parlamentindəki gərginlik bununla bitməyib. “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan müzakirəyə qoşularaq deyib ki, A.Simonyan başqalarının hərəkətləri ilə manipulyasiya etməklə, özünün xəyanətkarlığına haqq qazandırmaqdadır. Manukyandan fərqli olaraq, daha ciddi həyasızlıq tonu ilə yadda qalan Minasyan, eyni zamanda, bildirib ki, spikerin haqqında söz açdığı Ermənistanın inzibati ərazi bölgüsü layihəsinin Qarabağın tanınması üçün hansısa hüquqi əsas kimi qəbulu yolverilməz olub. Bəs hüquqi əsas nə idi? Əlbəttə ki, heç nə!
A.Simonyanın Minasyana xəyanətin ordudan oğurluğun həyata keçirilməsinin, seçkilərin nəticələrinin saxtalaşdırılmasının və ölkənin qarət edilməsinin olduğunu bildirməsinin, eləcə də “Daşnaksütyun” partiyasının da bunlardan xəbərdar olaraq susmasına eyham ruhlu cavabının önəmi yoxdur. Əsas məqam budur ki, Ermənistanın parlament müxalifəti uzun müzakirələrdən və qarşılıqlı qınaqlardan sonra sərhəd təhlükəsizliyi komissiyalarının reqlamentinin ratifikasiyasını, eləcə də səsvermə prosesi ilə bağlı müzakirəni boykot edib.
“Bu layihə tamamilə konstitusiyaya ziddir və qanunsuzdur. Bunun bizim milli maraqlarımıza və onların müdafiəsinə heç bir aidiyyəti yoxdur. Dünən Milli Assambleyanın (parlamentin – red.) Xarici əlaqələr daimi komissiyasının iclası olub və bu layihə müzakirə olunub. Bu müddəaların milli maraqlara uyğun olmadığına və qanunsuzluğuna dair inamımız daha da güclənib. Axı suallara bir dənə də olsun, cavab verilməyib”, – deyən müxalif deputat Armen Rustamyan təmsil olunduğu siyasi cinahın mövqeyini əsaslandırıb. Spiker A.Simonyan isə buna cavab olaraq müxalifəti Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və dövlətçiliyə malik olmasını istəməməkdə qınayıb. O, həmçinin əks düşərgəni başqalarının maraqlarının təbliğində və onlara xidmət etməkdə günahlandırmağı da yaddan çıxarmayıb.
Əvvəldə də bildirdiyimiz kimi, erməni müxaliflərin A.Simonyanı “xəyanətkar” adlandırmalarına səbəb onun “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində dedikləri olub. Müxalif deputat G.Manukyan, eləcə də digər həmfikirləri bildiriblər ki, parlament sədrinin Azərbaycanın “Qarabağa hücum üçün” hüquqi əsaslarının olduğunu və bu əsasları BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yaratdığını vurğulaması yolverilməzdir. A.Simonyan iclasdan sonra jurnalistlərlə söhbətində bilavasitə bu məqama da aydınlıq gətirməyə çalışıb: “İkinci dünya müharibəsindən sonra heç bir müharibə qanuni ola bilməz. Bu absurddur. Bunu heç kim deyə bilməz, heç kim bunu qanuniləşdirə bilməz. Hətta Rusiya – Ukrayna müharibəsini “xüsusi hərbi əməliyyat” adlandırırlar. Demək istəyirəm ki, Azərbaycan öz ərazisində beynəlxalq səviyyədə tanınmış prinsiplər əsasında fəaliyyət göstərib. Mən bunları dedim: Əgər bu, ölkənin qanuni, beynəlxalq səviyyədə tanınmış ərazisində baş verərsə, Ermənistana qarşı təcavüz legitim ola bilməz”.
Göründüyü kimi, A.Simonyan vəziyyətdən çıxmağa çalışır. Bütün bunlar isə onu göstərir ki, erməni cəmiyyətinin müxtəlif qütblərində, o cümlədən parlamentində Azərbaycanla sülhü istəməyənlər, kifayət qədər, aktivdirlər. Deməli, tipik erməni xəstəliyinin təzahürləri qalır və vəziyyət belə davam etdikcə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması müşkil görünür. Həm də ona görə ki, Paşinyanlı, Simonyanlı erməni iqtidarı da xəstəliyin daşını ata bilmir. Ötən dörd ildə yaşananlar fikrimizin təsdiqidir.
R.ƏVƏZ
XQ