Ermənistanda növbəti dəfə ictimai rəy sorğusu keçirilib. Budəfəki sorğu ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə “Brevis” kompaniyası tərəfindən sentyabrın 13-dən 25-dək telefon müsahibələri vasitəsilə aparılıb.
Sorğuda 1503 nəfər Ermənistan vətəndaşı və “Dağlıq Qarabağdan olan məcburi köçkünlər” kimi qələmə verilən, əslində isə ölkəmizin müvəqqəti işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşmış və 2023-cü ildə öz xoşları ilə çıxıb getmiş şəxslər iştirak ediblər. Xüsusi qeyd edilib ki, Ermənistanda 6 aydan az yaşayan şəxslərin sorğuda iştirakına yol verilməyib. Bunlar, necə deyərlər, giriş məlumatlarıdır. İndi isə keçək mətləbə.
Sorğu göstərir ki, Ermənistanda hər kəsə və hər şeyə ictimai inamın kəskin böhranı yaşanır. Təbii ki, indiki erməni siyasətçilərinin reytinqini qiymətləndirməkdən başlayaq. Rəyi soruşulanların cəmi 16 faizi Nikol Paşinyana etimad göstərdiyini bildirib. Beləliklə, aydın olur ki, Ermənistanın baş naziri həmvətənlərinin cəmi 16 faizi tərəfindən müsbət qarşılanır.
Bir vaxtlar inqilab yolu ilə hakimiyyətə gəldiyini iddia edən, reytinqi xeyli yüksək olan Paşinyanın sorğunu nəticələri ilə tanış olarkən hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Fransa prezidenti Emmanuel Makron kimi reytinqi çox aşağı olan dövlət başçısı da daimi xarici siyasət tərəfdaşı Paşinyandan yüksək reytinqə malikdir. Bəli, sorğu Paşinyanın durumunun olduqca acınacaqlı olduğunu göstərir. Heç bir polittexnoloji hiylə, hətta son vaxtlar böyük maraq göstərdiyi veloyürüşlər də ona kömək etmir. Əksinə, velosiped sürməsi də Paşinyanın əleyhinə işləyən hərəkətə çevrilir. Baş nazir bu yaxınlarda Gümrüdə pedalı hərəkət etdirərkən sahibsiz itlərin hədəfinə tuş gəlib. Nəticədə Paşinyan və onun mühafizəçisi aradan çıxmalı olub. Bu barədə yayılan informasiya isə sahibsiz itlər problemini həll edə bilməyən hökumət başçısına, yumşaq desək, hörmət qazandırmadı.
Paşinyanın reytinqinin aşağı düşməsinin səbəbləri müəyyən mənada aydındır. Çünki Ermənistanda hamı xatırlayır ki, Nikol “Dağlıq Qarabağı müstəqil dövlət kimi” tanıyacağına, ölkənin demoqrafik problemini həll edəcəyinə, işğalçı ordusunu dünyanın ən güclü iyirmi ordusundan birinə çevirəcəyinə söz vermişdi. Məhz bu kimi avantürist fikirlərlə Paşinyan 2020-ci ilin yayında Azərbaycanla sərhəddə təxribatların sayını artırdı. Nəticədə həmin ilin payızında Ermənistanla müharibə başlandı. Bunun sonu isə hər kəsə aydındır: Ermənistan müharibədə sarsıdıcı məğlubiyyətə uğradı, ölkəmiz özünün suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa etdi. Ermənistan ordusu isə 44 günlük müharibədə düçar olduğu fiaskodan hələ də çıxa bilmir. Bütün bunların fonunda Paşinyanın reytinqinin 16 faiz olması heç də təəccüblü deyil. Lakin onun antireytinqi ilə bağlı da heç bir məlumat dərc olunmayıb. Əvəzində digər erməni siyasətçilərinin reytinqləri ilə bağlı məlumatlar açıqlanıb. Məlum olub ki, sorğuda iştirak edən ermənilərin cəmi 4 faizi ölkənin xarici işlər naziri Ararat Mirzoyanı, 4 faizi Aram Sarkisyanı (1999-cu ildə parlamentdə terror aktı nəticəsində öldürülən baş nazir Vazgen Sarkisyanın kiçik qardaşı–S.H.), 2 faizi isə Robert Koçaryanı dəstəkləyir. Ermənistan parlamentinin sədri Alen Simonyanın vəziyyəti daha acınacaqlıdır. Respondentlərin cəmi 2 fazi parlament sədrinin işini bəyəndiyini bildirib.
Paşinyan bu gün də əvvəlkinə yaxın mövqe nümayiş etdirir. Azərbaycanla sülh danışıqlarında ardıcıl yanaşma nümayiş etdirmir. Sülh müqaviləsinin imzalanmasına mane olan məsələləri aradan qaldırmaqda maraqlı görünmür. Bunun nəticəsində Ermənistan əhalisi qeyri-müəyyənlik içindədir. Sadə ermənilər, dövlətin sabitliyi və təhlükəsizliyi təmin edə bilmədiyi düşüncəsindədirlər.
Görünür, bu səbəbdəndir ki, rəyi soruşulanların 33 faizi milli təhlükəsizlik, 41 faizi isə sərhəd məsələlərini ölkənin əsas problemləri hesab etdiklərini bildiriblər. İqtisadiyyatın vəziyyəti əsas problemlərin siyahısında üçüncü (6 faiz), işsizlik isə dördüncü (4 faiz) yerdədir.
Yeri gəlmişkən, Ermənistanda demoqrafik problem getdikcə daha da pisləşir. Ölkəni tərk edənlərin sayı azalmır.
Dövlət qurumlarının işinin qiymətləndirilməsinə gəldikdə isə sorğuya qatılanların 29 faizi silahlı qüvvələrdən çox razı, 18 faizi çox narazı, 23 faizi polisdən çox razı, 20 faizi çox narazı olduğunu bildirib. Milli təhlükəsizlik xidmətinin işindən razı olanlarla narazı qalanların faiz nisbəti bərabər olub – 21 faiz.
Son illərdə Ermənistan cəmiyyətində qarışıqlıq salmaq prosesinə “müstəsna töhfələr” verən, pozuculuq işlərində Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın timsalında iştirak edən erməni apostol kilsəsindən çox razı olanlar 26, çox narazılar 33 faiz təşkil edib. Ümumilikdə, kilsənin 2019-cu ilin oktyabrından 2024-cü ilin sentyabrına kimi 5 illik dövrü əhatə edən işindən məmnunluq bildirilib.
Sorğunun maraqlı məqamlarından birini “Bu ölkələrdən hansını Ermənistan üçün daha vacib hesab edirsiniz?” sualı təşkil edib. Gözlənildiyi kimi, birinci yerdə Fransa qərarlaşıb. İkinci yerdə İran, üçüncü yerdə ABŞ, dördüncü yerdə Hindistan və nəhayət, beşinci yerdə Avropa İttifaqı dayanıb.
Rəyi soruşulanların 56 faizi Azərbaycanla sülh müqaviləsini dəstəklədiklərini, 38 faizi bunun əleyhinə olduqlarını bildirib. Respondentlərin 52 faizi konstitusiya islahatlarının əleyhinə, 24 faizi lehinə çıxış edib. Azərbaycana “növbəti güzəştlərə” gəlincə, 80 faiz iddia edib ki, güzəştə gediləcək heç nə qalmayıb. Yəni, Azərbaycanla münasibətlərin normallaşması üçün mümkün olan maksimum güzəştə gedilib.
Sorğu Ermənistan əhalisinin 50 faizdən çoxunun Ermənistan–Türkiyə sərhədinin açılmasının əleyhinə olduğunu üzə çıxarıb. “Türkiyə ilə sərhədin açılmasının tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” sualına cavab olaraq iştirakçıların 56 faizi sərhədin açılmasının əleyhinə, 42 faizi qəti əleyhinə çıxış edib. Cəmi 18 faizi isə əksinə, bu prosesi tam dəstəklədiyini bildirib. Onlar sərhədin açılmasının faydaları arasında mümkün iqtisadi artımı (65 faiz) göstəriblər. Əksəriyyətin (46 faiz) fikrincə, sərhədlərin açılması türklərin və azərbaycanlıların Ermənistana sərbəst gəlib-getməsinə səbəb olacaq ki, bu da təhlükəlidir.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi ki, sorğunun nəticələri Ermənistanda xarici siyasətdə yeni tərəfdaşlardan gözləntilərin şişirdilməsi tendensiyasının davam etdiyini göstərir. Fransa, İran, ABŞ, Hindistan, Avropa İttifaqı və Gürcüstan reytinqdə 80 faizdən çox xal toplayıb. Halbuki, cəmi 35 faiz Rusiyaya güvəndiyini bildirib: “Yəni, Paşinyan hökumətinin xarici siyasətdə diversifikasiyası Rusiyanın mövqelərinin güclü şəkildə azalmasına və adları çəkilən ölkələrin mövqelərinin güclənməsinə səbəb olub. Buna görə də əhalinin həmin ölkələrdən gözləntiləri daha çoxdur. Lakin xarici siyasətin “şaxələndirilməsi” məsələsində də hər şey qaydasında deyil. Çünki Paşinyanın diplomatik uğursuzluğu onun reytinqinin 16 faizə düşməsinə gətirib çıxarıb. Zənnimcə, baş nazirin reytinqinin aşağı düşməsinin ikinci səbəbi onun kadr siyasəti ilə bağlıdır. Uğursuzluqlarda üçüncü yerdə Azərbaycanla sərhədin az qisminin müəyyənləşdirilməsi dayanır”.
F.Məmmədov qeyd etdi ki, Azərbaycana münasibət məsələsində da erməni cəmiyyətində xüsusi dəyişiklik yoxdur. Onun sözlərinə görə, ölkəmizlə sülh müqaviləsini rəyi soruşulanların 56 faiz dəstəkləsələr də, sorğunun təşkilatçıları sülh müqaviləsinin hansı variantından söhbət getdiyini qeyd etməyiblər: “Türkiyəyə gəlincə isə Ankara ilə münasibətlərin normallaşması Azərbaycanla normallaşmadan daha az dəstəklənir. Eyni zamanda, gənc nəsil Azərbaycandan daha çox Türkiyəyə radikal şəkildə qarşıdır. Gənclərin 50 faizi Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir. Fikrimcə, Paşinyan bu haqda düşünməlidir”.
Politoloq sorğunun daxili siyasətlə bağlı maraqlı məqamlar üzə çıxardığını dedi: “Rəqəmlər biz az dəyişsə də, hələ də bəzi intriqalar var. Paşinyan ən populyar siyasətçidir. Respondentlərin 61 faizi heç kimə güvənmədiyini bildirib. Yeni siyasi qüvvə ilə bağlı suala cavab olaraq 54 faiz bunu gözlədiyini deyib. Yəni, seçicilərin yarıdan çoxu yeni siyasi qüvvəyə səs verməyə hazırdır, onun rolunu artıq müxtəlif qruplar doldurmağa çalışır. Paşinyanın partiyası səslərin 20, bütün digər partiyalar isə 2-3 faizini alır. Yeni qüvvələr tendensiyasından çıxış etsək, o zaman Aram Sarkisyanın “Respublika” partiyasını, habelə Vardan Qukasyanın və Qurgen Simonyanın partiyasını ayırmalıyıq. Düşünürəm ki, hazırda Aİ-yə üzvlük üçün imza toplanması təşəbbüsü ilə çıxış edən Aram Sarkisyanın ətrafındakı qərbyönlü qüvvələrin koalisiyasının “üçüncü qüvvə” olmaq şansı daha böyükdür. Paşinyan İrəvan meri postunu öz əlində saxlamaq üçün məhz onlarla koalisiyaya daxil oldu”.
Mərkəz rəhbəri bildirdi ki, Ermənistanın əsas problemi milli təhlükəsizlik və sərhəd məsələsidir. Buna görə də İrəvanda ictimai əhval-ruhiyyəni yumşaltmağa çalışanlar ilk növbədə hansı istiqamətlərdə addımlar atılmasının zəruri olduğunu götür-qoy etməlidirlər.
Politoloq Ramiyə Məmmədova isə bildirdi ki, N.Paşinyan İkinci Qarabağ müharibəsindən sonra öz vəzifəsini qorumağı bacarsa da, hazırda onun reytinqi ən aşağı həddədir. Bunun da səbəbi baş nazirin böyük problemlərlə üzləşməsi ilə bağlıdır. Bura siyasi, iqtisadi problemləri, diplomatik uğursuzluğu aid etmək olar.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 56 faizinin Azərbaycanla sülh müqaviləsini dəstəkləməsi yaxşı haldır. Ancaq burada sülh müqaviləsinin hansı variantda imzalanmasından söhbət getdiyi açıqlanmır: “Bu onu göstərir ki, erməni xalqı müharibə şəraitində yaşamaqdan, iqtisadi problemlərdən bezib və sülh müqaviləsi bağlayıb normal həyat tərzinə keçmək, normal yaşamaq, qonşu dövlətlərlə iqtisadi əlaqələr qurmaq istəyir. Onlar başa düşürlər ki, bunun yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Erməni cəmiyyətinin bu düşüncədə olması hər halda müsbət haldır”.
Müsahibimiz qeyd etdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa dövlətlərin torpağına göz dikməyib. Bizim məqsədimiz beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etmək idi. Bu mənada rəyi soruşulanların 80 faizinin Azərbaycana “növbəti güzəştlərin yolverilməzliyindən” bəhs etməsi anlaşılmır.
Onu da bildirək ki, Ermənistan parlamentinin sədri A.Simonyan açıqlanan rəy sorğusunun nəticəsindən narazı qalıb. Oktyabrın 22-də jurnalistlərlə söhbətində Simonyan deyib: “Hesab etmirəm ki, mənim reytinqim aşağıdır, əksinə, yüksəkdir. Çünki respondentlərə ad çəkmələri təklif edilir, insanlar da mənim adımı çəkirlər”.
Parlament sədri, ümumiyyətlə “mənim reytinqim” anlayışının əleyhinə olduğunu bildirib: “Mənim reytinqim Nikol Paşinyanın, “Mülki müqavilə” partiyasının reytinq şkalasındadır. Şadam ki, bizim birgə işimiz sayəsində ilk üçlükdə həm mən, həm baş nazir, həm də Ararat Mirzoyan (XİN rəhbəri–S.H) bir komanda ilə təmsil olunuruq. Haradasa bizim ayrı-ayrı reytinqlərimiz var, amma bütün bunlar bir komandanın reytinqidir – bir partiyanın və bizim baş nazirin reytinqi. Məni ayırmayın, mənim ayrıca reytinqim yoxdur, mənim reytinqim “Mülki müqavilə”nin və Nikol Paşinyanın reytinqidir”.
Səxavət HƏMİD
XQ