Avropa Parlamenti ənənəvi “amplua”sındadır

post-img

Azərbaycana qarşı saxta qətnamələr yenidən işə düşür

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən demişdi: “Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərirlər. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük”.

Bu fikri təsadüfən diqqətə çatdırmadıq. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ancaq görürük ki, bunu hələ də qəbul etməyənlər var. Belələrinin lövbər saldığı məkanlardan biri də Avropa Parlamentidir. Qurum aşkar ermənipərəst mövqeyindən qalmır və görünür, necə deyərlər, bu xəmir hələ çox su aparacaq.

AP-nin Azərbaycanda insan haqlarının vəziyyəti və Bakı–İrəvan münasibətlərinə dair müzakirə təşkilinə heç bir ehtiyac yoxdur. Ona görə yox ki, qurumdakılar başlarından yekə qələt eləməməlidirlər. Onsuz da onların ehtiyac meyarı başqadır və bunu vurğulayacağıq. O səbəbdən buna ehtiyac yoxdur ki, müzakirəyə iki gün vaxt itirməyə dəyməz, çünki yekunda qəbul ediləcək qətnamənin mətni əvvəlcədən hazırdır. Hazırlayan isə Fransadır. Yelisey sarayında ərsəyə gəlmiş mətnin qərəzli olacağı şübhə doğurmur. Bunu AP-nin yaydığı press-relizdən də duymaq mümkündür.

Bəli, AP dünəndən başlayaraq ölkəmizdə insan haqlarının vəziyyəti və Azərbaycan–Ermənistan münasibətlərinə dair ikigünlük müzakirəyə başlayıb və yekunda, yəni sabah mövzu ilə əlaqədar qətnamə çıxaracaq.

Görünür, avroparlamentarilər də COP29 öncəsi start verilmiş anti-Azərbaycan kampaniyasında iştiraka qərar veriblər ki, əslində, bunun baş verməməsi təəccüblü olardı. Axı ermənipərəstlər klubunun üzvləri erməni lobbi və diaspor təşkilatlarından aldıqları rüşvətin əvəzini ödəməlidirlər. Eyni zamanda, rəsmi Parisin “tapşırıqlarını” yerinə yetirməyə məhkum durumdadırlar.

Haşiyə çıxaq ki, AP-nin üç əsas səlahiyyəti var. Bunlar Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və qurumun büdcəsinin icrasına nəzarət. Bu səlahiyyətlər üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Deməli, Azərbaycanla bağlı qətnamə qəbulu AP-nin səlahiyyətlərinə ziddir. Ən azı, ona görə ki, ölkəmiz qurumun da tərkibində yer aldığı Avropa İttifaqının üzvü deyil. Baxmayaraq ki, Azərbaycan Aİ-nin müxtəlif strukturları ilə sıx əlaqələrə malikdir və bu əlaqələri pozmaq cəhdləri də müşahidə olunmaqdadır.

Qeyd etdiyimiz kimi, AP-nin sözügedən müzakirə ilə bağlı yaydığı press-relizdən də görünür. Sənəddə vurğulanır ki, Ermənistan və Azərbaycan ötən il Bakının hərbi hücuma keçməsi, Dağlıq Qarabağ bölgəsini ələ keçirməsi və 100 minə yaxın erməninin ölkəni tərk etməsinə səbəb olan, onilliklərlə davam edən münaqişənin bataqlığındadır: “Avropa Parlamentinin üzvləri buna görə də əsassız hərbi hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyib və Aİ-ni Azərbaycanla, o cümlədən, enerji sahəsində münasibətlərinə yenidən baxmağa çağırıblar”.

Deməli, birincisi, vurğu Azərbaycanla Ermənistan arasındakı münaqişənin sona çatmaması üzərinə qoyulur. Bu, adi bir mesaj deyil. Qurumdakılar konfliktin hələ də davam etməsi görüntüsünü formalaşdırmağa girişiblər. Görünür, AP-yə münaqişənin sona çatması sərfəli deyil. Sərfəli deyil ki, beynəlxalq hüquq prinsiplərini görməzdən gəlir. Qurum Qarabağın Azərbaycan olması reallığını qəbul etmir və beynəlxalq ictimai rəyə bu sərsəm düşüncəni aşılayır.

AP-dəkilər həmişə erməni avantürizminin dili ilə danışıblar. Məsələn, ölkəmiz ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan demişdi ki, Azərbaycana “Qarabağı işğal etdiyi üçün” sanksiya tətbiq olunmalıdır. T.Balayanın “sanksiya məntiqinə” Azərbaycanın Aİ ölkələrinə satdığı neft və qazın qiymətini məhdudlaşdırmaq və qurumun Bakı ilə daha sıx münasibətlərə dair danışıqlarının dayandırılması daxil idi. O, “Reuters”ə müsahibəsində başqa bir çox məsələlərdən də danışmış və sözünü ona gətirmişdi ki, Bakının “Qarabağın işğalını başa çatdırdıqdan” sonra növbə Ermənistanındır.

O zaman düşünmüşdük ki, T.Balayan ermənidir, ağzına gələni danışmaq qanındadır. Ancaq sonra gördük ki, Avropanın “erməniləri” Aİ ölkələrini Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, habelə əməkdaşlığın inkişafını dayandırmağa çağıran qətnamə çıxardılar. Sənəddə, eyni zamanda, Azərbaycan qazının idxalından asılılığın azaldılmasının vacibliyi vurğulanmışdı.

AP-nin korrupsiyalaşmış deputatları, həmçinin Aİ-ni və üzv dövlətləri Qarabağda atəşkəs rejiminin və insan hüquqlarının çoxsaylı pozulması hallarına görə Azərbaycanın, guya, məsuliyyət daşıdığını da bildirmişdilər. Bundan başqa, onlar Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsini “Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşmağa həqiqi iradə nümayiş etdirənə” qədər, Azərbaycanla tərəfdaşlıq sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa çağırmışdılar.

Korrupsiyadan söz düşmüşkən, AP-də korrupsiya yuvasının mövcudluğu heç kəsdə şübhə doğurmur. Bunu söyləmək üçün ciddi əsaslar var. Hesab edirik ki, qurumun Yunanıstandan olan vitse-prezidenti Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsini vurğulamaq kifayətdir. Bu olay Avroparlamentin tarixinə düşmüş qara ləkədir. Amma başqa rüsvayçılıqlar da var. Təsəvvür edin ki, AP-nin deputatı qurumun iclas zalında narkotik vasitə olan kokaindən istifadə edərkən tutulub. Olay ötən ilin aprelində baş verib və onunla bağlı konkret videomaterial var. Həmin “qəhrəman” isə almaniyalı deputat Yens Mayerdir.

Bundan başqa, 2024-cü il yanvarın 24-də AP-nin Brüsseldəki binasında keçirilmiş “Dağlıq Qarabağın mədəni və dini irsinin qorunması” adlı konfransı xatırlamağa dəyər. Tədbirdə qurumun slovakiyalı deputatı Miriam Leksman, italiyalı deputat Fabio Massimo Kastaldo, “Avropa Nostra” təşkilatının baş katibi Sneşki Kuedvliq Mixayloviç, Avropa Kilsələri Konfransının katibi Petea Pavloviç çıxış edərək, Qarabağdakı mədəni və dini irslə bağlı ənənəvi erməni tezislərini təkrarlamışdılar. Tədbirdə əsas məruzəçilərdən biri isə erməni mediası-nın “BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Qarabağın tarixi-mədəni irsi üzrə nümayəndəsi” kimi təqdim etdiyi Pyer de Arjan olmuşdu.

Bəli, AP-nin Azərbaycanla bağlı saysız-hesabsız qərəzi var və sabah çıxarılacaq qətnamənin də qurumun tarixindəki növbəti üzqarası olacağı şübhəsizdir. Başlıca məqam isə qurumdakıların bu sayaq sərsəm sənədlərin qəbulu ilə nəyə nail olmasındadır.

Ə.RÜSTƏMOV
XQ



Siyasət